Formula 1 robotundan ağıllı kənd təsərrüfatına - 10-cu sinif şagirdindən maraqlı LAYİHƏLƏR
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının birgə həyata keçirdiyi “Məktəbli startapçılar” layihəsi davam edir.
AzEdu.az xəbər verir ki, layihənin məqsədi paytaxt məktəblərində təhsil alan istedadlı və təşəbbüskar şagirdlərin innovativ ideyalarını geniş ictimaiyyətə təqdim etmək, onların startap fəaliyyətini tanıtmaq və gənclər arasında innovasiya və sahibkarlıq düşüncəsini təşviq etməkdir.
Layihə çərçivəsində məktəblilər hazırladıqları layihələr, texnoloji yeniliklər və gələcək hədəfləri barədə danışmaq imkanı əldə edirlər.
Layihənin budəfəki iştirakçısı 247 nömrəli tam orta məktəbin X sinif şagirdi Hüseyn Xuduzadədir.
Hüseyn IX sinif üzrə buraxılış imtahanında 220 bal toplayıb. Məktəbli gələcəkdə proqramlaşdırma sahəsi üzrə təhsil almağı planlaşdırır və hədəfi xaricdə təhsil almaqdır. Ölkə olaraq seçimi isə Almaniya və ya Polşadır.
İndiyədək müxtəlif robototexnika layihələri üzərində çalışan Hüseyn həm "line follower" tipli avtonom robot avtomobil, həm də kənd təsərrüfatında istifadə oluna biləcək ağıllı robot hazırlayıb. Gənc startapçı gələcəkdə daha təkmil layihələrlə beynəlxalq yarışlarda iştirak etməyi qarşısına məqsəd qoyub.
"İlk layihəm Formula 1 üslubunda robot avtomobil idi"
"İndiyədək iki layihə üzərində çalışmışam. Onlardan biri "line follower" layihəsi idi. Bu layihədə Formula 1 üslubunda hazırlanmış robot avtomobil sensorlar vasitəsilə xətti izləyərək onu mümkün qədər qısa müddətdə, döngələrdə sürətli manevr edib drift etmədən tamamlamalı idi. Layihə əvvəlki yarışlarda istifadə olunan xəritələr üzərində məşq məqsədilə sınaqdan keçirilirdi".
"Bağbanlara kömək edəcək ağıllı robot hazırlamışıq".
"İkinci layihəm isə kənd təsərrüfatı sahəsinə aid idi və onu dostumla birlikdə hazırlamışdıq. Məqsədimiz bağbanların işini asanlaşdıracaq ağıllı robot hazırlamaq idi. Robot meyvələrin rəngini analiz edərək onların yetişib-yetişmədiyini müəyyənləşdirir, eyni zamanda torpağın münbitliyini ölçə bilirdi. Layihəni pomidor üzərində sınaqdan keçirmişdik. Robotun sisteminə əvvəlcədən yaşıl və qırmızı pomidorların şəkilləri yüklənmişdi. O, görüntünü analiz edərək pomidorun yetişmiş və ya yetişməmiş olduğunu müəyyən edirdi".
"Gələcəkdə daha təkmil layihə ilə yarışlara qatılmaq istəyirəm"
"Layihələrin hazırlanması üçün lazım olan avadanlıq məktəb tərəfindən təmin olunmuşdu. Bu robotu bir müsabiqə üçün hazırlasaq da, növbəti mərhələyə keçə bilmədik. Hazırladığımız layihə yaxşı təcrübə qazandırdı və gələcəkdə daha mükəmməl bir kənd təsərrüfatı robotu hazırlayaraq yenidən yarışlarda iştirak etməyi planlaşdırıram. Hazırda üzərində işlədiyim yeni layihə yoxdur".
"Ən böyük hobbim kikboksdur"
"Dərslər və layihələrdən başqa ən böyük maraq dairəm idmandır. Kikboksla məşğul oluram. Peşəkar səviyyədə davam etmək imkanım olsa da, dərslər və hazırlıqlar vaxtımın böyük hissəsini aldığı üçün hazırda bu idman növü ilə həvəskar səviyyədə məşğul oluram. Kitab oxumaq, film izləmək və ya musiqi dinləmək kimi məşğuliyyətlərə isə çox vaxt ayırmıram".