Zərdab rayon məktəbində Emin Əmurullayevin tapşırıqları niyə icra olunmur? - Direktorun açıqlaması təqdim edildi YENİLƏNİB
Zərdab rayonu Gödəkqobu kənd tam orta məktəbinin riyaziyyat müəllimi, 2-ci Qarabağ müharibəsi qazisi Paşazadə İlqar Zöhrab oğlu, məktəb direktoru tərəfindən dərs saatlarının əlindən alındığını iddia edir. Müəllimin sözlərinə görə, sertifikasiya imtahanında yüksək bal toplamasına baxmayaraq, direktoru onun dərs saatlarını başqa müəllimlərə və özünə götürüb.
Bu şikayətlə bağlı müəllim 31 yanvar 2025-ci ildə Təhsil naziri Emin Əmrullayevin Zərdabda keçirdiyi qəbulda iştirak edib. Nazir araşdırma aparılması üçün aşağıdakı tapşırıqları verib:
1. Məktəbdə dərs bölgüsünün yenidən yoxlanılması.
2. Müəllimin dərs saatlarının özünə qaytarılması.
3. Direktorun müəllim haqqında açdığı əsassız 3050 manatlıq təzminat iddiasından imtina etməsi.
Lakin görünən odur ki, bu göstərişlərin icrası istiqamətində heç bir addım atılmayıb. Müəllimin sözlərinə görə, nə məktəb rəhbərliyi, nə də yerli təhsil idarəsi məsələnin həlli üçün hərəkətə keçib. Əksinə, məktəb direktoru iclas keçirərək Təhsil nazirinin göstərişlərinə əməl etməyəcəyini açıq şəkildə bəyan edib.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir vəzifəsini icra edən müavini Cavad Cavadovun bu məsələdə hansı mövqedə dayanması da sual altındadır. Onun Təhsil nazirinin göstərişlərinin icrasında maraqlı olmadığı, əksinə, problemi daha da böyüdərək media resurslarına qədər çıxmasına şərait yaratdığı görünür. Bunu iddia edən müəllim deyil, məhz Cavad Cavadovun əmrlərə və göstərişlərə laqeyd yanaşması sübut edir.
Digər bir narahatlıq doğuran məsələ isə direktorun müəllimi polisə şikayət etməsi və ona qarşı əsassız məhkəmə iddiaları qaldırmasıdır. Görünən odur ki, bu problem təkcə bir müəllimin dərs saatları ilə məhdudlaşmır, eyni zamanda, təhsil sistemində əmrlərin icrasına qarşı olan müqaviməti də açıq şəkildə nümayiş etdirir.
Bu məsələnin nəzarətə götürülüb-götürülməyəcəyi və Təhsil Nazirliyinin hansı addımlar atacağı isə hələ ki, açıq sual olaraq qalır.
Qeyd edək ki, yazının dərc edilməsindən sonra adı çəkilən məktəbin direktoru bizimlə əlaqə saxlayaraq email ünvanımıza yazılı olaraq fikirlərini göndərmişdir. Həmin fikirlərini olduğu kimi iszlərə təqdim edirik:
Salam,
"Zərdab rayonu Z.Aslanov adına Gödəkqobu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Mürşüdov Elməddin Sahid oğlu.
Bildirirəm ki, sizin saytınızda mənimlə bağlı dərc edilmiş yazıda məktəbin riyaziyyat müəllimi Paşazadə İlqarın irəli sürdüyü fikirlər böhtan və qərəzdən ibarətdir. Sentyabr ayında dərs bölgüsü zamanı MİQ balına uyğun olaraq müəllimə 25 saat dərs və 1 sinif rəhbərliyi həvalə edilmişdir. Müəllim bununla razılaşmayaraq heç bir tabe quruma rəsmi müraciət etmədən sosial şəbəkələrdə mənimlə bağlı paylaşım etmiş, nəticədə yazılan rəylərdə mən və ailə üzvlərim təhqir edilmiş, Paşazadə İlqar bunun əksinə reaksiya vermək əvəzinə həmin rəyləri bəyənmiş, bəzilərini isə cavablandırmaqla müəllimlərin etik davranış qaydalarını pozmuşdur. Mən bununla bağlı Zərdab RPŞ və Zərdab Rayon Məhkəməsinə müraciət etmişəm. Hazırda proses davam edir. Məhkəmə prosesi başa çatdıqdan sonra nəticəni sizinlə paşlaşacağam.
Məndə olan dəlil və sübutların bir hissəsini sizlərlə paylaşıram və saytda dərc olunmasını sizdən xahiş edirəm.
Düşünürəm ki, bu məsələdə siz də qərəzli mövqeydə olmayacaqsınız."
Gördüyünüz kimi bizim kiminləsə qərəzli mövqe saxlamağımız mümkün deyildir. Biz mediaya olaraq hər tərəfin fikirlərinə hörmətlə yanaşırıq odur ki məhs elə bu səbəbdəndə E.Mürşüdovun təqdim etdiyi foto faktlarınıda sizlərətəqdim etməyi borc bilirik.