"DİM getdikcə təkmilləşmək yerinə qiymətləri artırır" - ETİRAZ
"Dövlət İmtahan Mərkəzi sınaq imtahanının qeydiyyatı üçün az qalıb ki, abituriyentlərdən xahiş etsin. Nə olar qeydiyyatdan keçin, vaxt bitir".
Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Ramin Nurəliyev sosial media hesabında yazıb. O, qeyd edib ki, Dövlət İmtahan Mərkəzi (DİM) əgər sınaq imtahanı keçirirsə, bunu doğru keçirməlidir.
"Buraxılış imtahanı qabağı buraxılış imtahanı sınağı keçirin sizi ayaqda alqışlayaq. İnanın mən şəxsən TQDK-nı çox özləyirəm. TQDK-nın dönəmində abituriyentlər 4-5 sınaq imtahanına girərdilər, yerlər də bir-iki günə dolardı, ehtiyac üzündən yeni yerlər açılardı. Qiyməti də abituriyentlər üçün çox münasib idi. İndi isə DİM martda blok imtahanı üzrə sınaq imtahanı keçirir. Əvvəlki illərin sınaq imtahanına girən abituriyentlər çox şey qazanırdı. İndi isə qazanc sadəcə imtahan stressini atmaqdır. Bunun üçün də 40 manat vermək istəmirlər. DİM getdikcə təkmilləşmək yerinə qiymətləri artırır. Deyəsən SAT, TOEFL, IELTS kimi imtahanların qiyməti bunlara təsir edib. Daha bilmirlər ki, hər kəs öz yorğanına görə ayağını uzatmalıdır", - deyə Nurəliyev yekunlaşdırıb.
Aytəkin TOFİQQIZI