azia.az
azia.az

Kimlər ali məktəbdə müəllim işləyə bilər? - Universitetlər CAVABLADI

Bu gün, 08:44

Universitetlərdə bakalavr və magistrantlara müəllim kimi dərs demək üçün müəyyən kriteriyalar tələb edilir.

 

Həmin kriteriyalar hansılardır?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı universitetlərə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev bildirilib ki, müəllim seçimində bir neçə mühüm meyarı nəzərə alır:

 

“Namizədlərin öncəliklə təhsili və peşəkar təcrübəsi çox vacibdir. Bu onlarla AzMİU arasında belə demək mümkündürsə, ilk tanışlıqdır. Bakalavriat səviyyəsində dərs deməyə iddia edən namizədlərin müvafiq sahədə ali təhsil almalı, ən azı magistr dərəcəsi olmalıdır və təcrübəli olmaları arzuediləndir. Magistrantlara dərs keçmək üçün müəllimlərin isə əvvəlki meyarlarla yanaşı, elmi tədqiqatlarla məşğul olmaları vacibdir. Bununla yanaşı, hər iki səviyyə üzrə müvafiq sahədəki elmi fəaliyyətləri və nəşr olunmuş məqalələri də nəzərə alınır.

 

Müəllimlər, tələbələrə dərs keçmək və onları motivasiya etmək üçün pedoqoji bacarıqlara da sahib olmalıdırlar. Təcrübəli müəllimlərin tələbələrə dərs keçmək və onların biliklərini inkişaf etdirmək bacarığı çox önəmlidir. Əsas tədris dili Azərbaycan dili olsa da, digər dillərdə də dərs keçmək, tədqiqat aparmaq, beynəlxalq elmi araşdırmalarla tanış olmaları üçün ən azı bir xarici dildə səlis danışıq və yazı bacarıqları da tələb olunur.

 

Bundan başqa, müəllimlər yalnız tədris etmək deyil, həm də tələbələrlə əlaqə qurmaq və komanda şəklində işləmək bacarıqlarına malik olmalıdırlar. Bu kriteriyalar universitetin tədris keyfiyyətini yüksəltmək və tələbələrin təhsilinə daha mükəmməl şəkildə dəstək olmaq məqsədini güdür”.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova qeyd edib ki, bakalavrlara dərs keçmək istəyən namizədlər gələcəyini müəllimlik peşəsinə həsr etmək arzusunda olan, tələbələrlə çalışmağa həvəs göstərən, ünsiyyətcil, öz bilik və bacarıqlarını daim təkmilləşdirən, innovativ olmalıdır:

 

“Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtlərdəndir.Xarici dil biliyi olan namizədlərə üstünlük verilir. Universitetdə beynəlxalq magistratura və doktorantura üzrə müəllim olmaq istəyənlərə üçün bəzi tələblər mövcuddur. İlk növbədə müvafiq elm sahəsi üzrə elmi dərəcəsi olmalıdır.

Həmçinin xarici universitet məzunlarının diplomu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tanınmalıdır. Elmi məqalə, dərslik, fənn proqramının mövcudluğu arzu olunandır.  Elmi dərəcəsi (PhD) olan namizədlərə üstünlük verilir. İngilis bölməsində tədris olunan fənlər üzrə müvafiq (IELTS və TOEFL) dil sertifikatlarına malik olanlara üstünlük verilir (ingilis dilində təhsil almış məzunlardan dil sertifikatı tələb olunmur).Əsas iş yerindən razılıq məktubu və ən azı iki bölmə (azərbaycan, ingilis və ya rus) üzrə tədris apara bilən namizədlərə üstünlük verilir.

Qeyd olunan tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, müəllimlərin işə qəbulu prosesi "Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında əsasnamə"yə uyğun olaraq həyata keçirilir. Müəllim vəzifəsinə qəbul müsabiqə yolu ilə aparılır:

 

“Universitetin Müsabiqə Komissiyası tərəfindən keçirilən müsabiqədə elmi-pedaqoji və ya ixtisası üzrə ən azı 1 il iş stajı olan müvafiq elmi dərəcəyə malik şəxslər,  eləcə də ən azı 3 il elmi-pedaqoji iş stajı və istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan və ya ali təhsil müəssəsini fərqlənmə diplomu ilə bitirən və elmi-tədqiqat işlərinə meyilli olan magistratura pilləsinin məzunları iştirak edə bilərlər.

Seçim zamanı qeyd edilən ilkin tələblərdən əlavə olaraq, universitetin 1 aprel 2024-cü il tarixində təstiq edilmiş "Azərbaycan Dövlət Pedaqoji Universitetində professor-müəllim heyətinin seçim meyarları" da nəzərə alınır. Bu meyarlara əsasən, müəllimlərin işə qəbulu zamanı İKT-dən istifadəetmə bacarığı yüksək olan, müxtəlif dillərdə tədrisetmə bacarığına malik, iş təcrübəsi və ixtisas üzrə peşəkar savadlılıq dərəcəsinə görə seçilən, yerli və ya beynəlxalq təlim və təcrüblərdə iştirak etmiş və digər kriteriyalara görə fərqlənən namizədlərə üstünlük verilir”.

 

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Lalə Dilanova bildirib ki, magistratura səviyyəsi üzrə müəllimləri seçəndə, mütləq qaydada müvafiq ixtisas üzrə elmi dərəcə və pedaqoji təcrübə tələb olunur:

 

“Namizədlər həmçinin komissiya qarşısında demo dərs nümayiş etdirməlidirlər. Bakalavriat səviyyəsi üzrə isə tələbimiz ən az 1 il pedaqoji stajın və magistratura təhsilinin olmasıdır. Elmi dərəcə ilə bağlı bəzi hallarda müəyyən istisnaların olması nəzərdə tutulur. Komissiya qarşısında demo dərsin nümayişi isə mütləqdir.

Tədrisi ingilis dilində aparılan ixtisaslarda dərs deyəcək müəllimlərin ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən sertifikatı olmalıdır.  Onlar həm də yuxarıda qeyd olunan tələbləri qarşılamalıdırlar. Həmçinin namizədlərin bakalavriat və magistratura təhsili tədris edəcəkləri fənlərə uyğun olmalıdır”.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova vurğulayıb ki, bakalavriat səviyyəsində dərs demək üçün magist təhsilinin olması mütləqdir:

 

“Magistratura səviyyəsində dərs demək üçün müraciət etmək istəyənlərdən magistr təhsili, pedaqoji təcrübə və dərs deyəcəyi ixtisasla bağlı sənayedə 3 il təcrübə tələb olunur”.

 

Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Könül Məmmədova söyləyib ki,universitetdə bakalavr və magistr proqramlarına dərs keçmək üçün müəllimlərdən bir neçə əsas kriteriya tələb olunur:

" Müəllimlərin müvafiq sahədə ən azı magistratura təhsilinə malik olmaları tələb olunur. Bakalavr və magistr təhsili üçün uyğun olan sahələr müəyyən edilir.Müəllimlərin dərs keçmə təcrübəsi və əvvəlki tədris fəaliyyətləri önəmlidir. Əgər namizəd daha əvvəl akademik sahədə tədris etmişdirsə, bu üstünlük təşkil edir. Universitetimiz elmi fəaliyyətə yüksək önəm verir. Müəllimlərin elmi tədqiqatlar və nəşr edilmiş məqalələri olması nəzərə alınır.

Beynəlxalq əlaqələr və akademik mühit üçün müvafiq dillərdə (ingilis dili və ya yerli dil) yüksək səviyyədə bilik tələb olunur. Müəllimlərin tədris metodologiyaları, müasir təhsil texnologiyaları və tələbələrlə effektiv ünsiyyət qurma bacarıqları da qiymətləndirilir".

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Mətbuat katibi Şəhanə Müşfiq qeyd edib ki, müəllimin dərs deyəcəyi sahədə ən az magistr təhsili olmalıdır:

 

“Pedaqoji təcrübə və təbii ki, gənclərlə, tələbələrlə işləmək bacarığı. Magistraturada dərs deyən müəllimlərin ən az phd dərəcəsi olmalıdır”.

 

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, elmi dərəcə, elmi nəticə, hal-hazırda apardığı tədqiqat, təcrübə və vətənpərvərlik, humanistlik, dünya göüşü, xüsusilə şəffaflıq kimi kriteriyalar mövcud olmalıdır.

 

Sumqayıt Dövlət Universitetindən (SDU) məlumat verilib ki, bakalavr və magistrantlar üçün dərs keçmək istəyən müəllimlərə qoyulan tələblər  tədrisin keyfiyyətini artırmaq və tələbələrə yüksək səviyyəli akademik biliklər təqdim etmək məqsədilə müəyyən edilir:


"Bakalavriatura səviyyəsi üzrə təhsiliverən müəllimlərdən ən azı magistr dərəcəsi tələb olunur. Hər bir müəllimdən ən azı 1 illikpedaqoji təcrübə (staj) gözlənilir. Azərbaycan dilində səlis danışıq bacarığı vacibdir. Tədrisi İngilis dilində olan ixtisaslarda isə İngilis dili bacarığına malik olması zəruridir. Eləcə də İKT bacarıqlarının olması mütləqdir.

Magistrantlara dərs keçmək üçün müəllimlərin elmi dərəcəsi olanlara üstünlük verilir. Magistr təhsilinin müvafiq sahəsində müasir kompitensiyalar və elmi işlər tələb olunur. Eləcə də İKT bacarıqlarının olması mütləqdir.

Müəllimlərin yaş həddii lə bağlı heç bir məhdudiyyət qoyulmur. Əsas olan, müəllimin bilik və bacarığıdır. Tədris keyfiyyətinin artırılması və tələbələrə ən yaxşı təhsil şəraiti yaratmaq üçün namizədlərin yüksək peşəkar keyfiyyətlərə sahib olmaları vacibdir.Tədris işində kreativ yanaşma, yenilikçi təhsil metodlarının tətbiqi və tələbələrlə yaxşı kommunikasiya bacarıqları da gözlənilir. Müəllimlər, tələbələrin akademik inkişafını dəstəkləməli və onları yüksək ixtisaslı kadr kimi əmək bazarının tələblərinə uyğun hazırlamalıdır".

 

Bakı Avrasiya Universitetinin (BAAU) İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Qurban Qurbanzadə qeyd edib ki, təhsil və tədrisin keyfiyyətinin artırılması bu ali təhsil müəssisəsinin prioritet istiqamətlərindən biridir:

 

“Bu prosesin ən vacib faktoru məhz fənn tədris edən müəllimlərin düzgün seçilməsidir. BAAU-da müəllim seçimi zamanı bakalavriat səviyyəsi üzrə fənn tədris etmək üçün magistr və daha yüksək elmi dərəcənin olması, müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olmaq, tələbələrin qiymətləndirilməsində müasir üsul və fərqli yanaşmalardan istifadə bacarıqlarının olması, yeni texnologiyalar və süni intellekt vasitələrindən istifadə imkanları və xarici dil biliklərinin olmasına diqqət yetirilir. Doktorantura səviyyəsi üzrə yuxarıda sadalananlarla birlikdə elmi dərəcəsinin olması tələbi var”.

 

Qərbi Kaspi Universitetinin Mətbuat katibi Vüsal Məmmədov bildirib ki, ilk növbədə bu sahə üzrə ixtisaslaşmış kadrlara üstünlük verilir:

 

“Müvafiq sahədə elmi araşdırmalar, eyni zamanda ingilis və rus dillərində kommunikasiya və tədris bacarıqları olan mütəxəsislərə ehtiyac duyulur. İngilis və rus dilləri ona görə vacibdir ki, universitetdə həmin dillər işçi dil hesab olunur. Həmçinin hər iki dil üzrə qruplar təşkil edilir. Buna görə də müəllimlərin ixtisaslarını bu dillərdə də tədris edə bilməsi lazımdır. Müəllim seçimi zamanı bu cür mütəxəssislərə üstünlük verilir. Nəzəri biliklərlə yanaşı, bəzi istiqamətlər üzrə praktik biliklərə sahib olmaq müəllimlərimiz üçün üstünlük kimi qiymətləndirilir".

 

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı söyləyib ki, universitetdə magistratura pilləsi üzrə tədris aparmaq üçün müəllimdən ilk növbədə elmi dərəcə tələb olunur:

 

“Yalnız bundan sonra müəllim magistrantlar üçün dərs deyə bilər. Bu hal yalnız istisna hallarda nəzərə alınmaya bilər. Belə ki, ali məktəbdə 20-dən artıq dil tədris olunur və bu dillərin içərisində uzaq Şərq ölkələrinin dilləri də var. Bu dillər üzrə mütəxəssis çatışmazlığı olarsa, elmi dərəcənin olması nəzərə alınmır”.

 

"ADA” Universitetinin İctimaiyyətlə əlaqələr, Kommunikasiya və Rəqəmsal məzmun üzrə menecer Şəbnəm Məhərrəmova qeyd edib ki, müəllimlərə tələb fakültəyə, ixtisasa və mövzuya görə dəyişir:

 

“Ona görə də müvafiq vakansiyalar olduqca saytımızda elan veririk və orda hər sahə üçün lazım olan tələblər açıqlanır”.


Esmira Əliyeva



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi