Müəllimlərin təhsil kartlarında əsasən bu güzəştlər olmalıdır - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, müəllimlər üçün güzəştli təhsil kartları 2025-ci ilin ilk rübündə ölkəyə gətiriləcək.
Bəs bu təhsil kartları hansı güzəştləri əhatə etməlidir?
Mövzu ilə əlaqədar təhsil eksperti İlqar Orucov Redaktor.az-a açıqlamasında bildirdi ki, müəllimlər üçün xüsusi kartların hazırlanması çox vacib və kifayət qədər faydalı ola bilər.
Onun sözlərinə görə, burada fərqli xidmət sahələrindən istifadə imkanları mütləq şəkildə olmalıdır:
"Güzəştlərdə ictimai nəqliyyatda gediş haqqının yer alması, ayrı-ayrı dəftərxana satışı ilə məşğul olan böyük şirkətlərin bu kampaniyaya qoşulması çox vacib olardı. Kitab mağazalarının həmin platformaya qoşulması olduqca faydalı ola bilər. Çünki müəllimlər cəmiyyətin intellektual, savadlı kəsimidir, buna görə də ilk növbədə onların daha çox istifadə etdiyi xidmətləri müəyyənləşdirməliyik. Bundan əlavə, böyük restoranlar şəbəkəsində, kafelərdə endirimlər olsa, müəllimlər bu imkandan yararlana bilərlər. Həmçinin muzeylərə girişlə bağlı müəllimlərə güzəştlər edilməsi çox faydalı olardı".
Ekspert qeyd etdi ki, cəmiyyətdə faydalı fəaliyyətlə məşğul olan müəllimlərin dövlət hər zaman sosial qayğılarını qarşılayır.
"Müəllimlərin əmək haqqı məsələsində artımları mütəmadi olaraq görürük. Son illərdə müəllimlərin sertifikasiya imtahanına cəlb olunması ilə əmək haqqında differensial yanaşma tətbiq olunub. Amma biz müəllimlər üçün nə qədər bu imkanları genişləndirsək, nə qədər bu imkanları yaratsaq, yenə də azdır. Təbii ki, qeyd etdiyim xidmətlər bir paketdə cəmlənərsə və həmin kartlar təqdim olunarsa, müəllimlərimiz bundan fayda görəcək. Eyni zamanda bu həm də müəllimə münasibətin göstəricisi olacaq", - deyə İlqar Orucov vurğuladı.
Sevinc İBRAHİMZADƏ