azia.az
azia.az

"Müharibə başlayan gün 27 qurban demişdim" - Ağdamlı direktor

Dünən, 15:34

Xəbər verdiyimiz kimi, bu gün Ağdam şəhəri günüdür. Belə ki, Ağdam rayonunun işğal altında olan hissəsi Azərbaycan Respublikasına qaytarılıb.

 

Qarabağın qədim tarixli, füsunkar təbiətinə malik olan Ağdamın azad edilməsi hər bir sakinini olduqca sevindirir.

 

  Ağdam sakini, Ağdam rayon 36 nömrəli tam orta məktəbin direktoru Nərminaz Nəcəfovanın AzEdu.az -a verdiyi müsahibəni təqdim edirik.

 

-Nərminaz müəllim, sizi ilk növbədə qələbə münasibəti ilə təbrik edirəm. Çox istərdik ki, oxucularımıza sizi daha yaxından təqdim edək.

 

-Mən, Nərminaz Nəcəfova Marks qızı 1971-ci ildə gözəl dilbər guşələrimizdən olan Ağdamın Qasımlı kəndində dünyaya göz açmışam. Qaradağlı kənd orta məktəbini bitirmişəm. 1988-ci ildə Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinə daxil olundum. Müəllim kimi ilk fəaliyyətə təyinatla Ağdam şəhər 3 nömrəli məktəbdə başladım. Burada riyaziyyat müəllimi çalışmışam. Lakin Ağdamın işğalı ilə bağlı Bakı şəhərində məskunlaşmağa məcbur oldum. Həmin dövrdə ailə həyatı qurdum və biz həyat yoldaşımla Bakıya köçüb yaşamağa başladıq.

149595

-Təəssüf ki, sizin kimi minlərlə insan öz ata-baba yurdunu tərk etməyə məcbur oldu. Buna görə də yaşadıqlarınız heç də asan deyil. Nərminaz müəllim, həmin vaxtlarda neçə yaşınız var idi?

 

-Bəli, biz məcburi şəkildə evimizi tərk etdik. O zamanlar mənim 17 yaşım var idi.

 

-Aydın məsələdir ki, o anlar xatirənizdən silinməyəcək izlər qoyub. Həmin vaxtları necə xatırlayırsınız?

 

-İnanın, günü bu gün belə olsa o anları xatırladığım zaman özümü saxlaya bilmirəm. Hazırda kövrəlməmək əlimdə deyil. Mən Ağdamda atalı-analı bir dünya yaşamışam. Hansı ki, o günləri unutmaq qeyri-mümkündür. Atam torpaq həsrətinə dözə bilmədi. 2000-ci ildə o, qəfil dünyasını dəyişməklə bizi tərk etdi.

 

-Allah rəhmət eləsin...

 

-Çox sağ olun.

 

-Sentyabrın 27-sində 27 yaşında ikən oğlum mənim xəbərim olmadan könüllü olaraq müharibəyə qatıldı. Oğlum Murad Nəcəfov 2 uşaq atası, müharibə veteranıdır. Oğlum müharibədə iştirak etdiyi üçün dövlətimiz tərəfindən təltif edilib. Bunun üçün bir daha dövlətimizə təşəkkür edirəm. Oğlumdan soruşanda ki, niyə belə bir addım atdın?  Qayıdıb: "ana, sənin Ağdamsız günlərinə dözə bilmirəm",- dedi. Müharibəyə gedən zaman şəhid olsa, heç vaxt ağlamamağımı və başımı dik tutmağımı tapşırdı.

 

-Hazırda hansı məktəbdə fəaliyyət göstərirsiniz?

149594

-2005-ci ildən etibarən Ağdam 36 nömrəli tam orta məktəbin direktoruyam. Məktəbimiz Abşeron rayonu Mehdiabad qəsəbəsində fəaliyyət göstərir. Bu məktəbdə bizə Ağdamsız günləri yaşatmayıblar.

 

-Torpaqlarımız 30 ilə yaxın uzun müddətdə işğal altında qaldı. Buna görə də bəziləri artıq ümidsizliyə qapılmağa başlayırdı. Bəs siz necə, heç inanardınızmı torpaqlarımız işğaldan azad edilsin?

 

-Baxmayaraq ki, uzun bir müddət torpaq həsrəti ilə yaşadım, amma qətiyyən ümidsizliyə qapılmadım. Hətta hər il Novruz bayramını sanki Ağdamımızda qeyd etdiyimizi hiss edirəm. İnanırdım ki, günün birində Ağdamda yaşadığım xatirələrim yenilənəcək. Ata yurduma qayıdacağıma sonuna qədər inanmışam.

 

Sizinlə bir təəssüratımı da bölüşmək istəyirəm.

 

-Əlbəttə, buyurun.

 

-Deməli, sentyabrın 27-si idi. Səhər yuxudan oyanıb Allaha yalvardım ki, yuxularım çin olsun. Torpaqlarımız işğaldan azad edilsin. Elə həmin gün Ağdam işğaldan azad olunsa, 27 qurban kəsəcəyimi söylədim. Heç özüm də bilmədim ki, niyə ayın 27-si 27 qurban dedim? Hətta yoldaşım dedi ki, bəs bu qədər qurbanı necə alıb kəsəcəksən? Dedim ki, Ağdama daxil olduğumuz günə qədər pulumu yığıb alacam. İnanın heç müharibənin sentyabrın 27-si başlayacağından xəbərim yox idi. Mən bilmədim ki, 27 yaşında oğlum məndən xəbərsiz müharibəyə könüllü yazılıb iştirak edəcək.

149590

-Allah kəsəcəyiniz qurbanları qəbul etsin.

 

-Təşəkkür edirəm.

 

-Ata-baba yurdunuz - Ağdam geri qayıtdı. Bu xəbəri ilk eşidəndə hansı hisslər keçirdiniz?

 

-Həqiqətən də o an yaşadığım hissləri bölüşmək üçün ifadə edə biləcəyim söz yoxdur. Ölmədən bu günü gördüyüm üçün Allaha şükür etdim. Bundan sonra nə qədər ömrümün qaldığını bilmirəm, amma 1 gün belə doğma yurdumda yaşasam, bütün dərdlərim sona çatar. Bugünkü yaşadığım sevincimin həddi-hüdudu yoxdur.

 

-Nərminaz xanım, sevinciniz daim olsun. İlk dəfə torpağınıza nə zaman ziyarət etmisiniz?

 

-İşğaldan azad edildən sonra ziyarət üçün evimizə getdim. Lakin evimizdən əsər-əlamət qalmayıb. Ata evimizi düşmənlər yerlə-yeksan etmişdilər. Amma qətiyyən pis olmadım. Çünki bu gün şəhidlərimizin, atamın ruhu şaddır. Artıq torpaqlarımızda biz varıq. O vəhşilərin ayaq izləri silinib getdi. O mənfurların orada qalmaq fikri olsaydı, Ağdamı o vəziyyətə qoymazdılar. Onlar çox yaxşı bilirdilər ki, torpaqların sahibi gec-tez gələcək.

 

-Bəli, torpaqların sahibi geri döndü. Biz bu gün işğaldan azad edilmiş rayonlarımızın şəhər günlərini qeyd edirik. Bundan böyük sevinc yoxdur. Ağdamlı olaraq bu gün münasibəti ilə həmyerlilərinizə nə söyləmək istərdiniz?

 

-Bütün ağdamlıları, azərbaycanlıları bu gözəl gün münasibəti ilə təbrik edirəm. İnanıram ki, Ağdam yaxın gələcəkdə ən gözəl şəhərlərdən birinə çevriləcək. Mən də bir təhsil işçisi kimi, diləyirəm ki, gücüm yetdiyi qədər təhsilimizi Ağdamda da inkişaf etdirə bilim. Allah cavanlarımıza dəyməsin, şəhidlərimizə rəhmət eləsin. Şükür ki, bu gün şəhidlərimizin qanı yerdə qalmadı.







OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi