Bəzi məktəblərdə şagird yoxdur, bəzilərində sinif...
Azərbaycanda bir sıra məktəblərin komplektləşdirilməsi həyata keçirilir.
Şəhər məktəblərində paralel, bəzi ucqar rayonlarda 1-ci və 3-cü siniflər birləşdirilir. Bununla bağlı müxtəlif narazılıqlar var.
Siniflərin birləşdirilməsi şagirdlər üçün çətinlik yaradır, müəllimlərin dərs saatlarının azalmasına səbəb olur. Qeyd edək məktəblərin, siniflərin birləşdirilməsi uzun müddətdir ki, müzakirə mövzusudur.
Bu proses heç də birmənalı qarşılanmır. Belə ki, burada şagirdlərlə yanaşı, müəllimlərin də çətinliklərlə üzləşəcəyi deyilir. Ümumilikdə bu, ölkədə müəllimlərin sayının azalmasına gətirib çıxara bilər?
Təhsil üzə ekspert Nadir İsrafilov “Cümhuriyət” qəzetinə bildirib ki, sıxlıqla bağlı siniflərin bölünməməsi sinif, azkomplektli fərqli siniflərin birləşdirilməsi isə kadr çatışmazlığı ilə izah olunur:
“Bu halda rasionallaşdırma və optimallaşdırma prosesi də az rol oynamır. Bu məsələ dəfələrlə gündəmə gəlib.
Əvvəlcə məktəblərin rasionallaşdırılması ilə bağlı söhbətlər getdi. Yəni, az şagirdi olan məktəblərin böyük məktəblərə birləşdirilməsi, sonra isə şagirdlərin avtobuslarla daşınması müzakirə olunurdu. Lakin rasionallaşdırma ideyası baş tutmadı, çünki bəzi problemlər var. Azkomplektli məktəblər və siniflər əsasən kəndlərdədir.
Hansısa rayonun bir neçə kəndindəki azşagirdli məktəbləri birləşdirmək həmin kənddə urbanizasiya prosesinə səbəb ola bilər.
Çünki kəndin mövcudluğu üçün onun məktəbi, xəstəxanası, mədəniyyət klubu olmalıdır. Əgər həmin məktəbləri kənddən köçürsək, yəni rasionallaşdırma etsək, o kənd məhv olub gedəcək və tarixdən silinəcək. Onsuz da şəhərlərimiz yüklənib, gərək əhalini regionlara paylaşdıraq və regionlarda müvafiq şərait yaradaq”.
O xatırladıb ki, Azərbaycanda bir sıra məktəbin komplektləşdirilməsi həyata keçirilir:
“Şəhər məktəblərində paralel, ucqar rayonların bəzilərində 1-ci və 3-cü siniflər birləşdirilir. Müxtəlif yaş, dünyagörüşü və bilik səviyyəsinə malik şagirdlərə bir sinifdə dərs keçilməsi nə effekt verə bilər ki? 45 dəqiqə dərs müddətində 2 fərqli siniflə məşğul olduğumuz halda hansı keyfiyyətdən söhbət gedər? Təbii ki, keyfiyyətli təhsil verilə bilməz.
Müəllim dərs keçsin, tapşırığı soruşsun, yazı yazdırsın, hansı birini çatdırsın? Əslində, dilemma qarşısında qalmışıq. Ucqar məktəblərimiz var ki, orda uşaqların sayı hətta 20-dən də azdır.
Həmin məktəblərdə hətta sinif komplektlərinin yaranması üçün müəyyən rassionallaşdırma tədbirləri həyata keçirilir. Sıxlıq əsasən Bakının mərkəzi məktəbləri üçün xarakterikdir. Bakıda məktəb, əlavə korpusları tikilir, amma bununla belə, sıxlıq problemi aradan qalxmır.
Təhsil qanunvericiliyinə görə, siniflər 20 nəfərdən komplektləşdirilməlidir. Amma bəzi məktəblərdə 30, 40, hətta 50 nəfərədək uşaq olur. Bu da əsasən bəzi ərazilərdə mövcud olan əhali sıxlığı ilə bağlıdır.
Əgər bəzi məktəblərdə siniflərin müəllimlə birlikdə digər məktəblərə köçürülməsi məsələsi qoyularsa, bu da valideynlərin narazılığına səbəb olacaq. Bəzi məktəblərinsə ərazisində əlavə korpuslar tikmək imkanı yoxdur. Siniflərin bölünməsi ilə problem həll edilə bilər, bu zaman isə sinif otaqlarının çatışmazlığı yaranır”.
Ekspert hesab edir ki, şagird azlığına görə siniflərin ləğvi vəziyyətdən yeganə çıxış yolu deyil:
"“Təhsil haqqında” Qanunda da birmənalı şəkildə yazılmışdı ki, şagird sayından asılı olmayaraq azkomplektli siniflər saxlanılmalıdır. Hazırda regionların inkişafı ilə əlaqədar Prezidentin müəyyən sərəncamları var. Regionların sosial vəziyyətini yaxşılaşdırmaqla, obyektlərin, mədəniyyət abidələrinin tikintisini artırmaqla, digər stimullaşdırıcı tədbirlərlə gənc müəllimlərin kəndlərə axınını təmin etmək olar.
Şübhəsiz ki, bu istiqamətdə müəyyən işlər görülür, hazırda nə qədər modul tipli məktəblər tikilir. Bu işlər davam etdirilməlidir. 2020-ci ildə Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"nın təsdiq edilməsi haqqında" qərarında dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. Qeyd olunur ki, eyni sinifdə şagird sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagird sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil olunur. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Siniflər üzrə şagird sıxlığı normalarının qəbul olunmasına baxmayaraq, təəssüf ki, bu gün də bir sıra məktəblərdə problem var. Halbuki təhsildə əsas məqsəd təhsilalanların bilik, savadının artırılması və onlara vərdişlərin öyrədilməsidir”.
Həmsöhbətimizin fikrincə, siniflərdəki sıxlıq şagirdlərin bilik səviyyəsinin aşağı düşməsinə səbəb olur:
“Halbuki təhsil müəssisələrində dərslər elə təşkil edilməlidir ki, biliyin şagirdə ötürülməsi maksimum həddə çatsın. Bir nüans da var ki, sıxlıq məsələsi ümumilikdə ölkə məktəbləri üçün deyil, əsasən paytaxtda məktəbləri üçün xarakterikdir. Ancaq Bakı məktəblərindən fərqli olaraq, bölgələrdə mənzərə tamamilə fərqlidir. Bu problem əsasən məskunlaşma ilə bağlı yaranır, məktəbə qəbul qaydalarında ərazi amili önə çəkilir.
Göründüyü kimi, şagirdlərin sayı az olan, habelə, şagird sıxlığı müşahidə olunan məktəb və siniflərin mövcudluğu, bəzi regionlarda müəllim çatışmazlığının, bəzi regionlarda isə müəllim artıqlığının müşahidə olunması nə dünənin, nə də bu günün problemdir. Bu, uzun illərdən bəri optimal həllini gözləyən vacib məsələlərdən biri kimi daim gündəmdə saxlanılıb.
Bu məsələnin tənzimlənməsi istiqamətdə müəyyən işlər görülüb, hətta ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqramın hazırlanacağı ilə bağlı rəsmi vədlər də verilib. Bununla belə müəllim və siniflərin sayı ilə münasibətdə disbalans hələ də qalır. Vəzifə disbalansı balanslaşdırmaqdır”.
Nigar Abdullayeva