Şəhidin 2 övladı eyni universitetə daxil oldu
Bu il tələbə adı qazananlar arasında şəhid övladları da var. Bu barədə "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb. Məlumatda diqqətçəkən məqam şəhid baş gizir Ramil Yusifovun hər iki övladının Türkiyədə eyni universitetə qəbul olmasıdır.
Azia.az bloqu Oxu.az-a istinadən xəbər verir ki, şəhid xanımının və övladlarının təəssüratları öyrənilib.
Şəhid xanımı Zeynəb Yusifova bildirib ki, sevincinin həddi-hüdudu yoxdur:
"Hər ikisinin xəbəri mənim üçün möhtəşəm oldu. Amma övladlarımdan birinin atasının arzusunu yerinə yetirməsi mənim üçün əvəzolunmazdır. Həyat yoldaşım övladımız Camalın idmançı olmağını istəyirdi, onu kikboksinq idman növünə yazdırmışdı. Ümumən hər ikisinin ali təhsil almasını ürəkdən istəyirdi. Övladlarım eyni universitetdə fərqli fakültələrə qəbul oldular, biri qeyd etdiyim idman növü, digəri isə gömrük üzrə təhsil alacaq".
Şəhidimizin birinci övladı Ramiz Yusifov saytımıza açıqlamasında sevincini bölüşüb:
"Mənim 20 yaşım var, "Bayburt" Universitetinin Gömrük İdarəçiliyi fakültəsinə daxil oldum. Dövlət işində çalışmaq ən böyük arzularımdan biri idi. Atam ilə fəxr edirəm, onun kimi dövlətimizə xidmət etmək istəyirəm".
Ramil Yusifovun ikinci övladı Camal Yusifov atasının arzusunu yerinə yetirdiyi üçün çox sevincli olduğunu dilə gətirib:
"17 yaşım var, "Bayburt" Universitetinin Bədən Tərbiyəsi fakültəsinə daxil oldum. Həm mənim, həm də atamın arzusu o idi ki, idman üzrə təhsil alım və bayrağımızı başqa ölkələrdə dalğalandırım. Atamı şad etdiyimi düşünürəm. İki il kikboksinqlə məşğul olmuşam".