Bu MƏKTƏBİN qarşısı "ölüm yolu"dur, MÜƏLLİMLƏR etiraz edir - FOTO/VİDEO
Aprel ayının 1-də saat 18:20-də Binəqədi rayonu Biləcəri qəsəbəsi, Asəf Zeynallı 75 ünvanında yerləşən 299 saylı orta məktəbin qarşısında yolu keçən şagirdi avtomobil vurub.
BAKU.WS xəbər verir ki, dərsdən çıxan 6-cı sinif şagirdi Cavid Fərid oğlu Əliyevin “Toyota Prius” markalı avtomobil vurub. Qəza nəticəsində şagirdin ayaqları sınıb. Yaralı 1 saylı Kliniki Tİbbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, artıq neçənci dəfədir həmin məktəbin qarşısında şagird vurulması ilə nəticələnən yol qəzası baş verir. Bu barədə Rizvan Pirnəzərov adına 299 saylı məktəb-liseydə təhsil alan şagirdlərin valideynləri kütləvi olaraq BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.
Bİldirilir ki, məktəbin qarşısında ensiz və dar yol əslində təhsil müəssisəsinə gələnlərin hərəkətini təmin etmək üçün nəzərdə tutulub. Lakin günün pik saatlarında bu yolda dəhşətli tıxac və gərgin anlar yaşanır. Bu yolda şagirdlər vurulur.
Demək olar hər gün bu ərazidə sürücülər dava salır. Yoldan ötənlər məktəbin qarşısı olmasına əhəmiyyət vermədən siqnal verirlər. Bir sözlə, yolda xaos yaşanır.
Məsələni araşdırmaq üçün BAKU.WS əməkdaşları həmin əraziyə baş çəkib. Araşdırmalar zamanı məlum oldu ki, həqiqətən də, məktəbin qarşısı səhər saatlarında biabırçı vəziyyətdə olur. Valideynlərdən əlavə, məktəb müəllimləri də gərgin vəziyyətdən narahat olduqlarını bildiriblər.
Dünənki qəzanın şahidi olan məktəbin tarix müəllimi Elçin Nəzərov BAKU.WS-ə bildirdi ki, demək olar hər gün bu ərazidə gərginlik müşahidə olunur:
“Günün müəyyən saatlarında məktəbin qarşısında tıxac yaranır. Siqnal səsi, sürücülərin qışqırığı, ədəbsiz danışıqlar təhsil müəssəsində tədrisə mane olur. Hətta sərnişin avtobusları yollarını dəyişərək bu ərazidən keçirlər. Bununla da, yolda vəziyyət daha da pisləşir”.
Qeyd edək ki, valideynlər və məktəb müəllimləri yolun birtərəfli olmasını tələb edirlər. Əgər yol birtərəfli olarsa, vəziyyət nisbətən yaxşılaşar.
Məktəbin ibtidai sinif müəllimi Nəcibə Hacıyeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, sinifinin pəncərələri həmin yola baxır.
“Səhərlər dərs keçmək mümkün olmur. Saat 10-a qədər dərs prosesi pozulur. Siqnal və sürücülərin qışqırığı şagirdlərin diqqətini pozur.
Bundan başqa, yol uşaqlar üçün təhlükəli olur. Nəinki uşaqlar, hətta böyük şəxslər üçün də, yol keçilməz olur. Yaxşı olardı ki, həmin yoldə hərəkət birtərəfli təşkil olunsun”.
Qeyd edək ki, məsələ ilə bağlı məktəbin pedoqoji heyəti və valideynlər aidiyyatlı qurumlara müraciət edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ərizi mütəxəsislər tərəfindən təhlil edilib və nəticə açıqlanacaq. Bakı şəhər Dövlət Yol polisindən və Bİnəqədi rayon İcra Hakimiyyətindən də bildirilib ki, məsələ araşdırılacaq.
İnanırıq ki, yaxın günlərdə problem müsbət həll olunar. Beləliklə həmin təhsil müəssəsində oxuyan şagirdlərin təhlükəsizliyi və səssiz, rahat tədrisi bərpa olunar.