azia.az
azia.az

Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir

21-02-2024, 21:20

Arzu Daşdəmirov,
ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.
Təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təmini üçün Zəfərlə nəticələnmişdir 44 günlük Vətən müharibəsində də Türkiyə dövlətimizin çətin günündə öz mənəvi dəstəyini və köməyini əsirgəmədi. Müharibənin başladığı ilk günlərdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var.
“2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik”. Bu sözləri Ölkə başçısı cənab İlham Əliyev cari ilin fevralın 19-da Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütöv, suveren ölkəmizdə keçirilən seçkilərdə tarixi zəfərə imza atdıqdan sonra ilk rəsmi səfərini dost Türkiyəyə etməsi yeni dövrün başlağıcında artıq iki qardaş dövlətin bundan sonrakı münasibətində yeni üfüqlərin açıldığının təzahürüdür.
Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi çağdaş dünyada çox əhəmiyyətli güc mərkəzinin formalaşmasından xəbər verir. Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Ölkə Prezidenti Anakarada rəsmi bəyanatı zamanı Azərbaycan və Türkiyə bu güc mərkəzinin bazasını təşkil edərək prosesə öz töhfələrini verdiyini bildirərərək qeyd etmişdir: “Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”.
Dövlət başçısı çıxışında xüsusi vurğuladı ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaqdır. Hər zaman olduğu kimi, bu səfər çərçivəsində də müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması, eləcə də aparılan müzakirələr mövcud münasibətlərin daha da dərinləşməsinə əsasdır.
Bəli, bu gün əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir və xüsusilə Türk dünyası dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Bir sözlə, Azərbaycan bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb və onu uğurla davam etdirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi