ADPU-nun rektoru Cəfər Cəfərovun Cəlilabaddakı 'kurs' biznesi haqqında - FOTO FAKT
Omedia.az saytın elektron poçt ünvanına ADPU-nun Cəlilabad filalı haqqında şok effekti verən məlumat daxil olmuşdur.Sözügedən həmən məlumatı sizlərə təqdim edirik:
“Son vaxtlar ADPU Cəlilabad filialında baş verən qanunsuzluqlardan tez-tez söhbət düşür. Əslində, filialın direktoru Xudayar Sultanlının sultanlığı kimi tanınan ADPU Cəlilabad filialı dövlət orqanlarının nəzarətindən çıxmış və şəxsi məqsədlərə xidmət edən bir müəssisəyə çevrilmişdir. Bunun başlıca səbəbi filialın rəhbər kadrlarının uzun müddət vəzifə kreslolarında oturması ilə bağlıdır. Filial direktor Xudayar Sultanlının, dekan Mənzilə Rəhimovanın və keçmiş direktor müavini, indisə şöbə müdiri işləyən Eyvaz Məmmədovun şəxsi mülkiyyəti sayılır. Bəs görəsən, filialda nə baş verir? ADPU-nun rektoru Cəfər Cəfərov Cəlilabad filialında baş verən qanunsuzluqlara niyə göz yumur?
Mənbə bildirir ki, Cəlilabad rayonunda yerləşən və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad Filialının dekanı Mənzilə Rəhimovaya məxsus “Paradoks” tədris və inkişaf mərkəzi işçiləri (əslində ADPU Cəlilabad Filialının tələbələrini) əmək müqaviləsi (konraktı) bağlamadan işə cəlb edir, tələbələri dərslərindən ayıraraq, onlara məşğələ və təlimlər keçirilməsi ilə məşğul olur. Mənzilə Rəhimova dekan işlədiyi Filialın tələbələrini icbari şəkildə “Paradoks” şirkətinə pul köçürməyə məcbur edir. Narazılıq edən tələbələri ADPU Cəlilabad Filialından qovulacağı ilə hədələyir.
Dövlət orqanlarının, hüquq-mühafizə təşkilatlarının, ADPU rəhbərliyinin Mənzilə Rəhimovanın bu qanunsuz biznes fəaliyyətindən xəbəri yoxdur. İyirmi ilə yaxın ADPU Cəlilabad filialında pedaqoji fakültənin dekanı işləyən Mənzilə Rəhimovanın heç bir elmi dərəcəsi yoxdur, elmə və tədrisə dair kitabları da nəşr olunmayıb. Onu bu vəzifəyə yaxın qohumu, elmi dərəcəsi olmadan uzun müddət ADPU Cəlilabad filialının direktor müavini işləmiş Eyvaz Məmmədov gətirmişdir. Aqronom təhsili olan Eyvaz Məmmədov bu vəzifədən azad edilsə də, filialın şöbələrindən birinə rəhbərlik edir.
Böyük yazıçı C.Məmmədquluzadənin məşhur əsərinin prototipi olan(Xudayar bəy) Filialın direktoru Xudayar Sultanlı da aqronom təhsillidir. Buna görə də tələbələri kolxoz briqadiri kimi idarə edir, dekan Mənzilə Rəhimovanın tələbələrin çiynində qurduğu biznes fəaliyyətinə bilərəkdən göz yumur.
Mənzilə xanımın rəhbərlik etdiyi “Paradoks” tədris və inkişaf mərkəzi, yəni şirkəti işçilərə verilən əmək haqqının məbləğini dövlətdən gizlədir, vergilərdən yayınır, qanunsuz olaraq əldə etdiyi gəlir haqqında vergi orqanlarını məlumatlandırmır. Nəticədə, “Paradoks” və onun rəhbəri Mənzilə Rəhimova AR Cinayət Məcəlləsinin 162-1 (əmək müqaviləsi kontraktı hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddəsinin tələblərini pozur, cinayət törədir. Mənzilənin ikinci cinayəti isə dekan işlədiyi ADPU Cəlilabad filialında tələbələri öz gəliri məqsədilə dərslərdən yayındırması və vəzifə saxtakarlığı (AR CM-nin 313-cü maddəsi) törətməsi ilə bağlıdır.
ADPU Cəlilabad Filialının tələbələrinin narazılığını dinləyən yoxdur, Pedaqoji Universitet rəhbərliyinin bu işə biganə yanaşması isə baş verən cinayətə göz yummaq deməkdir. Pedaqoji fakültənin dekanı Mənzilə Rəhimovanın cinayət əməllərinə rəvac verən direktor Xudayar Sultanlı da əslində bu cinayət əməllərinin iştirakçısıdır.
Belə ki, Hədəf kurslarının buraxılış sınaq imtahanları Cəlilabad, Yardımlı, Masallı və Biləsuvar rayonlarının şagirdlərini əhatə edir və kifayət qədər maddi balans toplayır. Bu sınaq imtahanlarının ADPU Cəlilabad filialında keçirilməsinin isə həmin filiala bir qəpik xeyiri yoxdur, gəlirlər dekanın şəxsi büdcəsini möhkəmlədir. Bundan başqa, Mənzilə Rəhimovanın özəl şirkəti olan “Paradoks” TİM summativ sınaq imtahanlarını ADPU Cəlilabad filialının auditoriyalarından istifadə etməklə keçirir. ADPU Cəlilabad filialının direktoru Xudayar Sultanlının bu cür qanunsuz əməllərə şərait yaratması isə onun “Paradoks”un gəlirlərinə şərik olması ilə bağlıdır.
“Paradoks” təlim və inkişaf mərkəzinin gəlir və fəaliyyət sahələri:
1) Hədəf kurslarının 2,3,4,5,6,7,8,9,10 və 11-ci sinif şagirdləri üçün BLOK sınaq imtahanlarının ADPU Cəlilabad filialının auditoriyalarında ödənişli təşkili;
2) Summativ sınaq imtahanlarının keçirilməsi (ödənişli);
3) Kompüter dərsləri (bir aylıq ödəniş 25 manat olmaqla);
4) Ali məktəblərə hazırlıq dərsləri (repitisiya, ödənişli, bir fənn üçün aylıq ödəniş 30 manat olmaqla);
5) Rəsm dərsləri (ödənişli, dərsləri ADPU Cəlilabad filialının müəllimi Musa Əmiraslanov aparır);
6) Skripka dərsləri (ödənişli, müddəti 6 ay);
7) Əlyazma yazıların elektron variantının hazırlanması (bir səhifə üçün 0,70 manat olmaqla).
“Paradoks” TİM kursların və təlimlərin iştirakçılarına diplomlar və sertifikatlar verir ki, bu sənədlərin qanuni hüququ yoxdur. Belə sənədlər vermək üçün müvafiq dövlət orqanlarından rəsmi razılıq alınmalıdır. Diplomlar və sertifikatlar ADPU Cəlilabad filialının dekanı, “Paradoks” TİM-in rəhbəri Mənzilə Rəhimova tərəfindən imzalanır və möhürlənir.
İnanırıq ki, bu məsələlər ictimailəşəndən sonra ADPU Cəlilabad filialında pedaqoji fakültənin dekanı Mənzilə Rəhimovanın qanunsuz biznes fəaliyyəti ilə bağlı bu biabırçı cinayət əməllərinə son qoyulacaq və bu barədə ciddi tədbirlər görüləcək.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Omedia.az-ın növbəti sayında davam olacaq.Bizi izləyin…