azia.az
azia.az

"Hazırda repetitorsuz heç bir nəticə əldə etmək mümkün deyil"

22-01-2024, 18:09

Bir neçə gündür, fərdi repetitorluqla məşğul olan şəxslərin qiymətləri artırması haqda məlumat yayılıb. Bu, ilk növbədə övladları repetitor yanına gedən ailələri qayğılandırır. İki və daha çox övladı məktəbdən əlavə məşğələyə gedən valideynlər maddi çətinliklə üzləşəcəklərini deyirlər.

Təhsil eksperti Kamran Əsədov deyib ki, artımın əsas səbəbi müvafiq qruplar üzrə informatika və coğrafiya fənlərinin əlavə olunmasıdır. Repetitorların sözlərinə görə isə bu xidmət əvvəlki dövrlə müqayisədə 30 faiz bahalaşıb. Qiymətlərin artırılması ilə paralel repetitor işinin keyfiyyəti də artırılacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov yaşanan məsələlərdən dolayı təəssüfləndiyini  deyib.

O deyib ki, hazırda repetitorsuz heç bir nəticə əldə etmək mümkün deyil:


“Hər kəs kimi, mən də buna təəssüf edirəm. Həmişə demişəm və bu gün də təkrar edirəm, ölkə təhsilində, bütövlükdə Azərbaycan xalqının həyatında olan hazırlıqları mənfi hadisə kimi qiymətləndirirəm. Repetitorluğa bu qədər geniş yer ayırmaq heç də yaxşı hal deyil. Bağçaya gedən uşaq, ibtidai sinif şagirdi, magistraturaya qəbul olanlar, dövlət qulluğuna gedənlər, hətta müəllim olmağa hazırlaşanlar da repetitor yanına hazırlığa gedirlər. Olduqca mənfi haldır”.

Sabiq nazir deyib ki, hazırlığa gedənlər sadəcə, əzbərçidirlər:

“Əminliklə deyə bilərəm ki, repetitor sayəsində qazanılan bilik müvəqqəti əldə olunmuş bir şeydir. Bu, sadəcə, əzbərçilikdən ibarət haldır, başqa da heç nə! Nədənsə, cəmiyyətimizdə bunun özü də çox geniş yer tutur. Mənə elə gəlir ki, buna səbəb harasa qəbul olunan zaman imtahanların düzgün keçirilməməsinin nəticəsidir. Yəni qəbul imtahanı suallarının mürəkəb olmasının nəticəsidir ki, belə hallar baş verir. Təəssüf ki, bu hal inkişaf etməkdə davam edir. Hər hansı bir imtahana salınan suallar şagirdin, tələbənin və ya başqa bir işçinin ondan əvvəl keçdiyi təhsil sistemində aldığı biliklərlə uyğun deyil. Ona görə də, repetitorluq Azərbaycanda ayaq tutub yeriyir”.

Zaira Akifqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi