Yeni tələbələr nələrə diqqət etməlidirlər? – Mütəxəssis məsləhətləri
Bu il üçün universitetlərə qəbul nəticələri açıqlandı və 10 minlərlə şəxs tələbə adını qazandı. Onlar üçün 4 illik bir təhsil yolunun başlanğıcıdır. Bir qisim tələbə universiteti bitidikdən sonra o qənaətə gəlir ki, bu dövrü səmərəli keçirməyib, 4 il müddətindən daha yaxşı istifadə etmək olardı. Yeni qəbul olan tələbələr sonda bununla bağlı təəssüf hissi keçirməmək üçün əvvəldən nələrə diqqət etməlidirlər?
Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov valyuta.az-a açıqlamasında bildirdi ki, bu dövrdə fokusumuz yalnız universitet dərsləri olmamalıdır: “Universitet dövrü həyatın ən kritik dövrlərindən biridir. Çünki həyatda elə bir dövr yoxdur ki, orda həm müstəqil olasan, həm ailən səni dəstəkləsin, həm subay olasan, həm işləməyəsən, həm də vaxtın ola. Bu dövr sənin özünü inkişaf etdirməyin üçün ayrılmış zaman kəsiyidir. Bu zaman aldığın təhsil bütün həyatına təsir edəcək. Tələbələr bu dövrü çox səmərəli keçirməyə çalışsınlar, yalnız universitet dərsləri ilə kifayətlənməsinlər. Kompüter və ingilis dili biliklərini artırsınlar”.
Q.Məhərrəmov deyir ki, universitetə yeni qəbul olanlar özlərinə yaxşı dost çevrəsi qazanmalıdırlar: “Hər bir insan öz 4-5 dostunun ortalamasıdır. Tələbə özünə yaxşı mühit, əlaqələr qursa, onun gələcəyi üçün faydalıdır. Özü kimi yaxşı oxuyan, inkişafa meyilli, mütaliəsi olan, mədəni insanlarla birlikdə olsunlar. Universitetin sosial fəaliyyətlərində iştirak etsinlər. Sosial cəhətdən fəal olmaları gələcəkləri üçün önəmlidir”.
Mütəxəssis qeyd etdi ki, tələbələr universitet dövründə ixtisaslaşmaq istədikləri sahəni öyrənməyə çalışsınlar: “Əgər bir tələbə sosial iş üzrə magist oxumaq istəyirsə, bu sahədə mütaliələr etməyə başlasın. Unutmasın ki, universitetin keçdiyi dərslər bu gün üçün aktual olan dərslərdir. Gələcəkdə nəyin aktual olacağını bilmirik. Universitetlər bu dəyişimə çevik reaksiya verməyə bilər, amma tələbə üçün bu dəyişimə ayaq uydurmaq daha asandır. Buna görə də universitetin verdiyi təhsillə kifayətlənməyib özünü gələcəyə hazırlasın. Əgər bunu edə bilsə, uğurlu olacaq, dövrlə ayaqlaşa biləcək və əmək bazarında özünə layiqli yer tapacaq”.
Qarakişi Vəlizadə