Keçid balları buna görə aşağı düşüb - RƏSMİ CAVAB - VİDEO
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb.
Ali məktəblərə qəbul olunanların sevinci öz yerində, imtahan nəticələri bəzi müzakirələrə yol açıb. Əvvəlki illərdə keçid balı yüksək olan bəzi ixtisaslara qəbul nisbətən asanlaşıb.
Bəs keçid ballarının azalmasının əsas səbəbi nədir?
Əmək bazarında yüksək tələbat olan ixtisasların balları da hər zaman yuxarı olub. Amma bəzi köhnəlmiş ixtisaslar var ki, onlar yavaş - yavaş tədris prosesindən çıxarılır. Müasir dövrün tələbləri ilə ayaqlaşmayan, yaxud nisbətən az gəlirli ixtisaslar üzrə keçid balları avtomatik olaraq azalır. Belə vəziyyətdə valideynlərin fikirlərini öyrənib mövcud vəziyyəti daha da aydınlaşdırmaq istədik. Hər halda, hazırlıq dövründə övladına yatırım edən, pul xərcləyən valideyn onun gələcək peşəsinin gəliri ilə də maraqlanır.
Dövlət İmtahan Mərkəzindən bu il bəzi ixtisas qruplarında balların azalması ilə bağlı "Xəzər Xəbər"ə bildirildi ki, bu il dövlət sifarişli yerlərin sayında artım var. Ona görə də dövlət sifarişli yerlərdə oxumaq imkanları daha da genişlənib, müəyyən ixtisaslar üzrə abituriyentlər ötən illərlə müqayisədə nisbətən aşağı bal ilə dövlət sifarişli yerlərdə oxumaq fürsəti əldə ediblər.
Gəldiyimiz qənaət budur ki, qabiliyyat tələb edən sahələr xaric, istənilən abituriyent seçimini ixtisasın aktuallığına və gəlirinə görə edir. Köhnəlməkdə olan, yaxud müasir dövrlə ayaqlaşmaq qabiliyyətini tədricən itirən ixtisaslar isə gənclərimizin diqqətini cəlb etmir.
BAKU.WS