azia.az
azia.az

“Dərslər sentyabrın 1-də başlasın...” - sorğu ciddiyə alınacaqmı?

17-06-2023, 08:44

Daha bir tədris ili arxada qaldı. Dərslərin nə vaxt başlayıb, nə vaxt bitəcəyi ilə bağlı mübahisələr isə hələ də davam edir. İctimai marağı nəzərə alan Sosial Tədqiqatlar Mərkəzi isə rəy sorğusu keçirib. Sorğunun nəticələrinə əsasən, respondentlərin 68,1%-i dərslərin sentyabrın 1-də, 24,7%-i isə sentyabrın 15-də başlamasının daha məqsədəuyğun olduğunu qeyd edib. Rəyi soruşulanların 7,2%-i bu mövzu ilə bağlı fikir bildirməkdə çətinlik çəkib.

Bəs rəy sorğularının nəticələri hökumət və parlament tərəfindən ciddiyə alınacaqmı? Növbəti tədris ilindən dərslərin sentyabrın 1-dən başlaması mümkünmü?

Ceyhun Məmmədov: Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və  təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən

Ceyhun Məmmədov: “Rəy sorğuları, vətəndaşların fikirləri də bunu təsdiqləyir ki...”

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında dərslərin sentyabrın 1-dən başlamasının tərəfdarı olduğunu bildirdi: “Dəfələrlə bu mövzuda öz fikrimi bildirmişəm. Hesab edirəm ki, dərslər sentyabrın 1-dən başlamalıdır. Rəy sorğuları, vətəndaşların fikirləri də bunu təsdiqləyir.

Burada parlamentdən asılı bir məsələ yoxdur. Yəni Elm və təhsil komitəsinin üzvləri zaman-zaman bu məsələ ilə bağlı öz fikirlərini, münasibətlərinin  bildiriblər. Məlum olduğu kimi, dərslərin sentyabrın 15-dən başlaması ilə bağlı dəyişiklik cənab Prezidentin sərəncamı ilə həyata keçirilib. Burada daha çox Elm və Təhsil Nazirliyinin  üzərinə məsuliyyət düşür. Onlar mərkəzi icra hakimiyyəti kimi Prezident Administrasiyasına müraciət edərək, bu məsələ ilə bağlı öz münasibətlərini bildirə və gələcəkdə bu qərarın dəyişdirilməsinə başladıla bilər. Yəni məsələ daha çox onlara aiddir. Lakin tələsmək də olmaz. Aidiyyəti orqanlar məsələni dərindən öyrənməli, araşdırmalı, daha sonra Prezident Administrasiyasında məsləhətləşmələr aparmalıdır. Ondan sonra müvafiq qərarlar qəbul oluna bilər".

Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib" - Kamran Əsədov »  Gundelik-Baku.Com

Kamran Əsədov: “Dərslər sentyabr ayının 1-də başlayıb, may ayının 31-də başa çatmalıdır, çünki...”

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı danışdı: “Xatırladım ki, ölkədə dərs ilinin müddəti bir neçə il əvvəl dəyişdirilib. Belə ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası ilə 2015-ci ilindən etibarən ümumtəhsil məktəbində dərslər sentyabrın 15-də başlayıb, iyunun 14-də bitir. Dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühitinin yaradılması göstərilib. 2004-cü ilə qədər Bilik Günü sentyabrın 1-nə təsadüf edirdi. Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Ardınca edilən dəyişikliklə 2015-2016-cı tədris ilindən ümumtəhsil məktəblərində dərslər mayın 31-də yox, iyunun 14-də başa çatır.

Qeyd edim ki, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli lazımsız materialların sıxışdırılması yolu ilə həll etmək olar. Digər tərəfdən, dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə zəruri hesab olunan iki həftə bərpa edilə bilər".

Ekspertə görə, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir: “Rusiyada ənənəvi olaraq 1 sentyabr Bilik Günüdür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır. Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda və Türkiyədə dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır. Yaponiyada məktəblər aprelin 6-da açılır, tədris ilinin yekunu növbəti mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabra qədər davam edir. Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır.

Almaniyada hər inzibati bölgədə fərqli vaxtlarda tədris prosesi başlasa da, adətən bu tarix iyulun sonları ilə sentyabrın əvvəllərindən başlayıb iyunun ortalarına və iyula qədər davam edir. Hindistanda ibtidai və orta məktəblərdə dərslər iyun ayından növbəti ilin mart ayına qədər olan dövrü əhatə edir. İndoneziyada dərs ili iyuldan növbəti ilin iyununa qədər olan 11 ayı əhatə edir. İtaliyada məktəblər sentyabrın ilk 15 günlüyündə başlayır və iyunda başa çatır. Yeni Zelandiyada eyni təhsil dövrü 7 fevralda başlayıb 20 dekabra qədər uzanır. İngiltərə və Uelsdə dərs ili sentyabrın əvvəllərində başlayır və iyunun sonlarına qədər olur. Amma Böyük Britaniyanın digər subyekti Şotlandiyada dərslər avqustun ortalarında, yaxud sonlarında başlayıb növbəti il iyunun sonlarına və iyulun əvvəllərinə qədər davam edir.

Problem isə ondan ibarətdir ki, məktəb proqramının həcmi azalmır. Ən azı, 20-25 il bundan öncə məktəbdə verilməli olan proqramın həcmi bugünkündən az deyildi. Yaxud əksinə, bu gün verilməli olan bilik proqramı 20-25 il əvvəlkindən az olmamalıdır. Uşaqlara yayda istirahət etməyə nə qədər çox imkan veririksə, bir o qədər də onların tədris ili zamanı dərs yükü artır. Çünki dərs günlərinin sayı azalır. Əvvəllər dərslər sentyabrın 1-də başlayırdı, eyni zamanda tədris 6 günlük idi.

Azərbaycanda 2003-cü ildən etibarən dərslər 1 sentyabrdan yox, 15 sentyabrdan başladı. Bunun əsas səbəbi həmin dövrdə hava temperaturunun kəskin artması idi. Növbəti tədris ili ilə bağlı dəyişiklik 2015- 2016-cı tədris ilində dərslərin may ayının sonunda yox, iyun ayının 14- də bitməsi ilə bağlı oldu. Bu da çox ciddi məsələlərdir. Bildiyimiz kimi, Azərbaycanda 2008-ci ildən etibarən kurikulum standartları ilə tədris prosesləri təşkil edilir və hazırda bizim dərs həftəmiz 32-34 həftəlikdir. Ən zəruri məqamlardan, edilməli olan dəyişikliklərdən biri dərs prosesinin yenidən sentyabr ayının 1-dən başlaması ilə bağlıdır. Bu çox zəruridir. Hava temperaturu sentyabrın 1- dən 15-nə qədər olan müddətdə, iyun ayının 1-dən 14-nə qədər olan müddətlə eyni deyil. Havanın orta temperaturu sentyabrın əvvəllərində hər gün aşağıya doğru dəyişir, iyun ayının əvvəlində isə hər gün temperatur kəskin artır.

Digər tərəfdən, biz birmənalı şəkildə görürük ki, sentyabrın 1-i uşaqlar daha böyük enerji ilə məktəbə gəlirdilər. Amma iyun ayının 1-dən 14-nə qədər olan müddətdə şagirdlər yorulur, isti vaxtda dərsə getmək onlar üçün uyğun deyil. Eyni zamanda qəbul imtahanları ilə də bağlıdır. Dərslər nə qədər tez başlasa, mart, aprel ayında keçirilən imtahanlara şagirdlərimiz daha hazır vəziyyətdə gələr. Valideynlər də aldıqları yay məktəbli geyimlərini daha uzun müddət ərzində uşaqlarının istifadəsinə verə bilərlər. Həmçinin şagirdlər daha  səmərəli şəkildə dərs proseslərində iştirak edə bilərlər. Biz dərslərə sentyabrın 1-dən başladıqda həm havanın temperaturu, həm şagirdlərin yüksək enerji ilə başlaması, bir sözlə, bütün bu amillər onlara daha müsbət təsir göstərəcək. Birmənalı şəkildə dərslər sentyabr ayının 1-də başlayıb, may ayının 31-də başa çatmalıdır. Bu, həm təhsilin keyfiyyətli təşkilinə, həm də dərs günlərinin kifayət qədər olmasına imkan verər".

Xalidə GƏRAY,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi