azia.az
azia.az

Bakı Ali Neft Məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I BANM Biznes forumu keçirilib

9-05-2023, 08:40


        

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Yeni reallıqlar çərçivəsində dəyişən biznes trendləri və təhsil” mövzusunda I BANM Biznes forumu keçirilib.

 

Tədbirin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov forumun əhəmiyyətinə toxunaraq bildirib ki, bu forum sürətlə dəyişən dövrdə biznes və təhsil sahəsinin sıx əlaqələrini, çağırışlara cavab vermək üçün fərqli yanaşmaları, təhsil müəssisələrinin prosesə hazırlığını müzakirə etmək,  yeni ideyalar barədə fikir mübadiləsi aparmaq baxımından faydalı platformadır.  Rektor qeyd edib ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş və dövlət qurumları, xarici və yerli ali təhsil müəssisələri nümayəndələrinin, iş adamlarının iştirak etdiyi bu ilk forumda müzakirə olunan mövzular aktuallığı ilə seçilir. O, forumun qarşıya qoyulan məqsədlərə çatacağına, biznes və təhsil əlaqələrinə yeni  töhfə verəcəyinə əminliyini bildirib və qeyd edib ki, gələcəkdə Ali Məktəb bu cür forumları ənənəvi olaraq keçirməyi planlaşdırır. 

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri  Orxan Məmmədov biznes və ali təhsil müəssisələrinin əməkdaşlığının vacibliyini vurğulayaraq belə biznes forumların əhəmiyyətli olduğunu bildirib. O qeyd edib ki, KOBİA universitetlərin elmi potensialından istifadə edilməsi, tələbələr arasında müasir və innovativ düşüncəli sahibkarların formalaşdırılması məqsədilə ali təhsil müəssisələri ilə də sıx əməkdaşlıq edir, birgə təşəbbüslər həyata keçirir. O, kiçik və orta biznesin inkişafı sahəsində həyata keçirilən dəstək mexanizmləri və xidmətlərdən də bəhs edib.  

 

Millət vəkili Vüqar Bayramov çıxışında yeni çağırışlar fonunda təhsilə yeni yanaşma üsullarından, təhsil sektorunun dəyər yaradaraq biznesə daxil olmasından, biznes və təhsilin birgə əlaqələrinin əhəmiyyətindən danışıb.

 

Forum panel müzakirələrlə davam etdirilib. İlk paneldə Özbəkistanın AKFA Universitetinin Biznes Məktəbinin dekanı Odiljon Abdurazzakov “Rəqəmsal erada sahibkarlıq və sahibkar universitetlər”  və  İzmir Katip Çelebi Universitetinin Biznesin idarə edilməsi fakültəsinin dekanı Sevtap Ünal “Eksperimental marketinq müasir marketinq strategiyalarından biri kimi” mövzusunda çıxış edib. Forumun II panelində  dəyişən biznes trendləri real biznes sektorunun nümayəndələri ilə müzakirə edilib. Bu paneldə  “eManat”ın İdarə Heyətinin sədri Ruslan Talıbov və “BERC Group”un həmtəsisçisi və idarəedici partnyoru Kənan Ağayev təqdimat ediblər. 

 

Sonda Bakı Ali Neft Məktəbinin Biznesin idarə olunması kafedrasının müdiri Altay İsmayılov forumun nəticələrinə dair çıxış edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi