azia.az
azia.az

Bir neçə universitet ləğv ediləcək-BU OLMASA

17-03-2023, 15:36


Ali təhsil müəssisələrinin akkreditasiyası təhsilin keyfiyyətinə necə təsir göstərəcək və bu proses necə aparılacaq?

Bu ildən ali təhsil müəssisələrinin akkreditasiyasına başlanılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib. Nazir bildirib ki, akkreditasiyadan keçə bilməyən ali təhsil müəssisələrinə bir il vaxt veriləcək: "Ali təhsil müəssisəsi bir ildən sonra da akkreditasiyadan keçə bilməsə, ali təhsil müəssisəsinin lisenziyası ləğv ediləcək". Bildirilir ki, ölkədə 55-dən çox ümumi universitet və həmçinin  bir o qədər orta təhsil ixtisas müəssisəsi, kollec var. Bunların hər birindən də  tələb olunur ki, akkreditasiyadan keçsinlər və lisenziyaları olsun. Əlbəttə, qarşıdakı dövrdə həmin universitetlər əgər lisenziya və yaxud akkreditasiyadan keçməzlərsə, diplomları tanınmaya bilər. Eyni zamanda orada təhsil alan tələbələr, təbii ki, universiteti bitirdikdən sonra diplomlarını tanıtdıra bilməyəcəklər. Belə olan halda həm orta ixtisaslı təhsil müəssisələri, həm də  ali təhsil müəssisələri mütləq qaydada akkreditasiyadan keçməli və lisenziyalarını almalıdırlar.

Maraqlıdır, ali təhsil müəssisələrinin akkreditasiyası təhsilin keyfiyyətinə necə təsir göstərəcək və bu proses necə aparılacaq?

Milli.Az xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, prosesin həyata keçirilməsi labüddür. C.Məmmədov akkreditasiyanın önəmli olduğunu qeyd etdi: "Yeni qanuna əsasən bir neçə universitetdə proses başlayıb. Əsas məqsədlərdən biri təhsilin keyfiyyətini ölçməkdir. Hesab edirəm ki, bir neçə istiqamətdə işlərin görülməsinə ehtiyac var. Prosesə ciddi yanaşılmalıdır. Problemlər varsa, həll edilməlidir".

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Ali təhsil haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib ki, əsas məsələlərdən biri də təhsilin keyfiyyətinin təmin olunmasıdır: "Bununla əlaqədar qanun layihəsində kvalifikasiyaların müvafiq peşə standartlarına və ali təhsilin dövlət standartına əsaslanması, ali təhsildə daxili keyfiyyət təminatı sistemi və xarici keyfiyyət təminatı sisteminin yaradılması nəzərdə tutulur. Ali təhsildə xarici keyfiyyət təminat sistemi təhsil müəssisəsinin institusional akkreditasiyasını və təhsil proqramlarının akkreditasiyasını nəzərdə tutur. Bu mexanizmin yaradılması ali təhsil müəssisəsinin statusunu, təhsil alanların say həddini, təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunluğunu və yeni təhsil proqramlarına tələbatı, həmçinin təhsil müəssisəsinin inkişafına əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı məsələləri həll etməyə imkan verəcəkdir. Qanun layihəsində səriştə əsaslı ali təhsil proqramlarına, təhsil proqramlarının akkreditasiyasına və reyestrinin yaradılmasına verilən tələblərin müəyyən edilməsi nəzərdə tutulur. Hesab edirik ki, ali təhsil müəssisələri əmək bazarının tələblərindən çıxış edərək yeni peşələr üzrə yeni təhsil proqramlarının hazırlanması təşəbbüsünə malik olmalıdırlar. Bu, həm elmi araşdırmaların, həm də kadr hazırlığının ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyə imkan verən alətlərdən biri olmalıdır. Fikrimizcə, ən mühüm məsələlərdən biri ali təhsil müəssisəsində elmi tədqiqatların gücləndirilməsi, tələbələrin tədqiqat işlərində iştirakının təmin edilməsi və elmi nəticələrin kommersiyalaşdırılmasıdır. Bunun üçün dövlət tərəfindən və özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində iqtisadi inkişafa, ölkənin müdafiə qabiliyyətinin artırılmasına və Azərbaycanın tarixinin və mədəni irsinin araşdırılmasına investisiyaların cəlb edilməsi olduqca vacibdir. Cənab Prezident İlham Əliyevin irəli sürdüyü insan kapitalının formalaşdırılması konsepsiyasının gerçəkləşdirilməsi üçün təhsilə və elmə sərmayələr artırılmalıdır", - deyə komitə sədri əlavə edib.

Tarix elmləri üzrə fəlsəfə doktoru, təhsil eksperti Məleykə Əlizadə "Yeni Müsavat"a bildirdi ki, ali təhsil müəssisələrinin akkreditasiyası çox vacibdir. Mütəxəssis qeyd etdi ki, akkreditasiya yerli və beynəlxalq olur: "Ali təhsil müəssisələrinin akkreditasiyası üçün anket sorğuları hazırlanır. Həmin sorğularda bütün cavablar əhatə olunmalıdır. Əgər bütün cavablar müsbətdirsə, deməli, təhsilin keyfiyyəti yüksəkdir. Bu səbəbdən hesab edirəm ki, akkreditasiya müsbət nəticə verəcək. Akkreditasiyadan keçmək müəllimlərin elmi fəaliyyəti də daxil olmaqla, universitetlərdə bütün istiqamətlərdə  irəliləyişə rəvac verəcək".

Məlumat üçün bildirək ki, Bakı Dövlət Universitetinin son 3 ildə beynəlxalq reytinqdə əldə etdiyi irəliləyiş, son 20 ildə əldə olunandan çoxdur.  Times Higher Education (THE) - WUR 2022-ci il nəticələrində 99 ölkənin 1600 universiteti arasında Azərbaycan Unversitetlərindən yalnız Bakı Dövlət Universiteti 1000 + sırasına düşə bilib. Bu reytinqə BDU son 5 ildə 1064 məqalə ilə düşüb. Azərbaycanda 51 Ali Təhsil Müəssisəsi (ATM) var və onlardan yalnız 26-nın ATM-nin Clarivate (Web of Science) elmi bazasında hesabı var. Ümumi olaraq Azərbaycandan 10215 məqalə nəşr olunub ki, bu siyahıya tədqiqatçıların sayına və çap olunmuş məqalə sayına görə Bakı Dövlət Universiteti 135 tədqiqatçısının 2459 məqaləsi ilə başçılıq edir.

Məqalələrin digərləri isə AMEA-nın institutları və ali təhsil müəssisələrinin payına düşür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi