“Başımı lövhəyə, sonra tumbuçkaya vurdu”- Müəllimin döydüyü şagird
Şamaxı şəhər 3 saylı tam orta məktəbdə insident yaşanıb. 7-ci sinif şagirdi Rəvan İsayev deyir ki, tarix müəllimi Təranə Əsgərova onu döyüb. Hadisəyə Rəvan və sinif yoldaşının dərs vaxtı sinif otağındakı rəfdə gizlənməsi səbəb olub.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı “ATV Xəbər” ətraflı süjet hazırlayıb.
Rəvan İsayev (şagird): “Dərs vaxtı müəllim girdi sinifə oturmağa, onda qapını bağladıq, bilmədik, nə edək. Ən axırda bizi gördü. Müəllim görəndən sonra bizi vurdu. Sinif yoldaşım Elşəni də vurdu. Ondan sonra biz getdik idman dərsinə”.
Rəvan İsayevin sözlərinə görə, bununla kifayətlənməyən müəllim onları başqa sinifin şagirdləri qarşısında da təhqir edib.
Rəvan İsayev (şagird): “Sabahı gün dedi ki, dünən məndən niyə qaçırdınız? Gəldi başımı lövhəyə, sonra "tumbuçkaya" vurdu. Ondan sonra qulağımdan darta-darta apardı yan sinifə. Məni utandırmaq istəyirdi”.
Hadisədən xəbər tutan Rəvanın anası isə məktəbə gələrək müəllimin üzr istəməsini tələb edib. Tərəflər arasında başlayan mübahisə əlbəyaxa dava ilə nəticələnib.
Familə İsayeva (Rəvanın bibisi): “Beş gündən sonra eşidib gəlib ki, gəl uşağımı apar, o sinifdə üzr istə. O da dedi ki, mən üzr istəməyəcəm. Mən beləyəm. Ondan sonra o da əsəbiləşdi və bir-birinə pis sözlər deyib dava elədilər. Ana müəlliməyə şillə vurandan sonra, bunlar bir də gördüm ki, yıxıldılar, yapışıblar bir-birinin saçından”.
Hadisədə adı hallanan Təranə Əsgərova isə iddiaları qəbul etmir.
Təranə Əsgərova (müəllim): “Onsuz da polis orqanları bunu araşdıracaq. O xəstə idi, mən onun xəstəliyini bilirdim və orada onu çıxardanda bütün tər-suyun içində idi, uşağın orada bağrı partlaya bilərdi. Mən ondan çox qorxdum. İftiraya məruz qalmışam, uşaq öyrədilib. Öyrədildiyi kimi danışır. İki sinfin gözünün qarşısında olmuş hadisələrdir, sinif isə başqa söz deyir və mən özüm eləmədiyim hərəkətlər üstümə atılıb şər atılır mənə”.
Şirvan Rayon Təhsil İdarəsindən bildirildi ki, xoşagəlməz hadisə ilə bağlı araşdırma aparılır. Nəticəyə uyğun olaraq məsləyə hüquqi qiymət veriləcək.
BAKU.WS