azia.az
azia.az

Nazir şikayətlərə baxmırsa, üst qurumlara müraciət olunur... - NARAZILIQ VAR!

1-07-2022, 10:44

Nazir şikayətlərə baxmırsa, üst qurumlara müraciət olunur... - NARAZILIQ VAR!
Başı yay məktəblərində çəkilən fotosessiyalara qarışan Təhsil naziri Emin Əmrullayevin paytaxt məktəblərində baş verən müdhiş olaylardan xəbərsiz görünməsi cənab nazirin bu sahəyə xüsusi “məhəbbətindən” irəli gəlir. Təhsildən az-çox xəbəri olan hər kəs bilir ki, paytaxtın qeyri-rəsmi, portfelsiz “təhsil naziri” işləyən Məhəbbət Vəliyeva bu sahəyə kimsənin, hətta qos-qoca nazirin belə müdaxilə etməsinə imkan vermir. Rayonlarda qılıncını sıyırıb az qala müəllimləri edam etməyə hazırlaşan nazirlik əməkdaşları isə “Məhəbbətin qüdrətinin” qarşısında aciz durumda qalıblar.
Bu barədə çox yazılıb, çox deyilib…Millət vəkilləri, təhsil ekspertləri həyəcan təbili çalıblar. O millət vəkili həyəcan təbili çalır ki, eyni zamanda Təhsil nazirliyində ictimai şuranın əsas adamlarından hesab olunur. Məhəbbət Vəliyevanın təhsil sistemində əzələ nümayiş etdirdiyini, az qala paytaxt məktəblərini özəlləşdirdiyini deyirlər. Amma Emin müəllim deyir ki, and olsun Avropada, Amerikada topladığım təcrübəyə, aldığım təhsilə ki, məsələ siz deyən kimi deyil.
Bu yaxınlarda Zərifə Əliyeva adına lisey müəllimlərinin müəllim adına yaraşmayan görüntülərinin sosial şəbəkələrdə yayılmasından sonra daşdan səs çıxsa da, cənab nazirdən səs çıxmadı. Emin müəllimin oriental rəqsdən nə qədər xoşlandığını bilməsək də bu hərəkətlərin nə müəllim adına, nə də böyük oftalmoloq alim, Akademik Zərifə xanım Əliyevanın adına yaraşmadığı gün kimi ortadadır.
Məhəbbət Vəliyevanın az qala özəl müəssisəsi hesab etdiyi liseydə təhsilin keyfiyyəti, tədris prosesi heç də ürəkaçan olmasa da eks nazir müavini hər yerdə “bura mənim məktəbimdir” deyərək liseyin toxunulmazlığını təmin edir.



Liseylə bağlı maraqlı məqamlardan biri də odur ki, az qala paytaxtın bütün məktəblərini direktorla təmin edən təhsil ocağının özünə direktor tapılmır. Məhəbbət Vəliyevanın təqdimatı ilə liseyin keçmiş müəllimləri paytaxt məktəblərinə rəhbərlik etsələr də liseyin özündə ancaq 3 aylıq əmrlə direktor təyin olunur. “Aləmi bəzər özü direktorsuz gəzər” misalı ilə “Məhəbbət Vəliyevanın liseyi” bu sahədə də təhsil sisteminə meydan oxumağı bacarır. Emin müəllim bu dəfə də baltanı daşa vuraraq bir liseyə direktor təyin etməkdə acizlik nümayiş etdirir.
Hər halda bir daha qeyd edirik ki, liseydə və ətrafında baş verənlər Zərifə xanımın və ümumən təhsil adına yaraşmayan hərəkətlərdir. Artıq hamıya aydındır ki, Təhsil naziri bu sahəyə necə deyərlər əl bulaya bilmir. Bəs bu sahəni kurasiya edənlər çox hörmətli Altay Həsənov, Anar Ələkbərov, Mikayıl Cabbarov baş verən biabırçılıqlardan yəni xəbərsizdirlərmi? Niyə paytaxtın təhsil sistemi kiminsə şıltaqlıqlarına, monpoliyasına qurban verilməlidir? Dediyiniz islahatlar buydumu, cənablar?
Mövzu ilə bağlı Zərifə Əliyeva adına liseyin rəhbərliyi ilə əlaqə saxlamağa cəhd etsək də bu mümkün olmadı.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi