“Anar Qədiməliyev məktəbləri dağıtmaq, korrupsiyanı genişləndirmək üçün müdir təyin edilib” - Deputatdan İTTİHAM
“Anar Qədiməliyev təhsil işçisi deyil. Bu adam Dünya Bankının vəsaitlərinin koordinatoru olan korrupsioner Elvin Rüstəmov adlı şəxsə qoşulub. Elvin Rüstəmov korrupsionerdir və o, sonradan Təhsil Nazirliyində inkişaf layihələri deyilən bir şöbəyə müdir təyin olunub. Araşdırın baxın ki, Dünya Bankının vəsaiti hesabına haralarda, hətta “Port Baku”da mənzillər alıb. Xeyir ola, sən Nobel mükafatı laureatısan? Kimsən? Bu tip adamlar eyni cür təhsil, eyni cür tərbiyə alıblar və onların eyni dərəcədə milli heysiyyatları yoxdur. Anar Qədiməliyev özü-özünə sual verirmi ki, aqronom ola-ola və necə olub ki, böyük bir ərazi olan Gəncə, Daşkəsən, Göygöl, Goranboya regional idarəyə müdir təyin edilib...” Azia.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Etibar Əliyev deyib.
Deputat bildirib ki, Anar Qədiməliyev heç vaxt sinif otağında olmayıb və pedaqogikadan təsəvvürü yoxdur: “O, məktəbi, məzmununu bilmir və müəllimlərlə kobud danışır və izah edə bilmir ki, nə üçün ora təyin olunub. Məktəbləri dağıtmaq, korrupsiyanı genişləndirmək, öz adamlarını məktəblərə təyin etmək, yaxşı məktəb direktorlarını məktəblərdən uzaqlaşdırmaq və s. kimi işlər üçün təyin olunub. Ümumiyyətlə, bunlar bir qrupdurlar. Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, millət vəkiliyəm. Nazirlikdən onu ora təyin edən adam da demir ki, nə üçün təyin edib? Onun hansı keyfiyyəti Gəncə təhsilinə, o böyük əraziyə uyğundur? Bu şəxs pedaqoji məzmunla heç bir təsəvvürü olmayan adamdır. O indi nə istəsə, deyə bilər. Ancaq bu adam aqranomdur! Gəncədə Dövlət Aqrar Universitetdə təhsil alıb. İki illik Amerikada proqram keçməklə adamı Gəncədə təhsil şöbəsinin müdri təyin edirlər? Bu, absurddur! Ayıbdır! Azərbaycan cəmiyyətini belə ələ salmaq olmaz. Deyir ki, guya Məhəbbət Vəliyevanı tanımır. Halbuki ona təyinatı məhz Məhəbbət Vəliyeva verib. Bunu camaat, xalq bilir. XXI əsrdə informasiya cəmiyyəti mövcud olan bir dövrdə insanları aldatmaq olmaz. Öz-özünə desin ki, axı bura uyğun deyiləm. Ancaq adamın əxlaqı çatmır ki, özü-özünə ora layiq olmadığını desin. Onu ora təyin edən adam da bu sualı özünə vermir… Axı burada məqsəd nədən ibarətdir?!”