Eh hörmətli müəllim, hər sətirdə səhvin var!
Kamran Əsədov:“Bu və ya digər xidməti göstərən müəllimlər çox təəssüf ki, orfoqrafik qaydalara riayət etmədən yazı yazırlar”
“Bu həqiqətən, bizdə təəssüf doğurur. Fikrini düzgün ifadə edə bilməyən şəxslər bu xidməti necə göstərəcəklər?!”
Elə bir gün olmur ki, təhsilimizdə kütləvi tənqidə tuş gələn yeni bir hadisə baş verməsin. Bu dəfə bir müəllimin paylaşdığı elan ciddi reaksiya ilə qarşılanıb. Elanda repetitorluq fəaliyyəti göstərməsi barədə məlumat verən müəllim ciddi orfoqrafik səhvlərə yol verib. Onun bu səhvləri sosial media istifadəçiləri arasında tənqid və gülüş obyektinə çevrilib. Gündəmdə olan bir digər məsələ isə 234 nömrəli tam orta məktəbin ad lövhəsində “tam orta” sözlərinin bitişik yazılmasıdır. Təhsil ocaqlarının və təhsil verən şəxslərin hansı səbəbdən bu kimi səhvləri etməsi bütün ictimaiyyətə maraqlıdır.
Təhsil eksperti Kamran Əsədov sözügedən elan haqqında “Sherg.az”a danışıb. O, bildirib ki, küçələrdə olan repetitorluq elanlarında ciddi orfoqrafik səhvləri görürük:
“Bloklarda , informasiya lövləhərində rast gəldiyimiz yazılarda müşahidə edirik ki, bu və ya digər xidməti göstərən müəllimlər çox təəssüf ki, orfoqrafik qaydalara riayət etmədən yazı yazırlar.Bu həqiqətən, bizdə təəssüf doğurur. Fikrini düzgün ifadə edə bilməyən şəxslər bu xidməti necə göstərəcəklər ?
Bəzi hallarda bu elanları çap yerlərində yazırlar. Amma hər halda bu şəxs müəllimdir. Müəllim özü ilə bağlı elan verirsə, yaxşı olar ki, dil qaydalarına riayət etsin. Xüsusən ali təhsilli və uşaqlara ilkin oxumağı, yazmağı öyrədəcək şəxs mütləq şəkildə özündə bu bacarıqlara sahib olduğunu göstərməlidir. Yaxşı olar ki, orfoqrafik qaydalara riayət edilsin, aydın və anlaşıqlı informasiyalara üstünlük verilsin”.
K.Əsədov inanır ki, bu tip elanları görən valideynlər məlum xidməti göstərən müəllimlərə müraciət etməyəcəklər:
“Çünki normal reklamı yazıb, onu yoxlaya bilməyən şəxs, şagirdin də tapşırıqlarını yoxlaya, onun normal bilik-bacarıqlarına yiyələnməsinə malik ola bilməyəcək”.