azia.az
azia.az

Abituriyentlər ən çox hansı fənlərdən sıfır bal TOPLAYIBLAR? - RƏSMİ

10-06-2022, 15:46

Abituriyentlər ən çox hansı fənlərdən sıfır bal TOPLAYIBLAR? - RƏSMİ
I–IV qruplar üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 22,4%-i (15 171 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplayıb.

Azia.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12” jurnalında qeyd olunub.

I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 22,4%-i imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib.

Belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olub, nəticədə düzgün cavabların yanlış cavablar nəzərə alınmaqla təshih edilmiş qiyməti sıfırdan kiçik alınıb və qəbul qaydalarına əsasən sıfıra bərabər qəbul olunub. Təəssüf ki, gənclər arasında birtərəfli hazırlıqla ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olanlar hələ də var. DİM imtahan fənləri üzrə də minimal tələblər qoyub və məhdudiyyətlər tətbiq edirdi. Cari ildə isə imtahan fənləri üzrə heç bir məhdudiyyət tətbiq edilməyib.



DİM şagird və abituriyentlərin nəinki imtahan fənlərinə, həmçinin ümumtəhsil məktəblərində tədris olunan digər fənlərə lazımi diqqət göstərməsinin tərəfdarıdır. Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin, əsasən, seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə heç olmasa proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur. Məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidirlər.



I mərhələdə sıfır bal toplayanlar çox azdır. Bunun əsas səbəbi kimi bu mərhələdə II mərhələdən fərqli olaraq qapalı tipli test tapşırıqları üzrə yanlış cavablara görə cərimə tətbiq olunmaması və bu cavabların ümumi bala təsir göstərməməsidir. Nəticədə, abituriyentlər I mərhələdə daha cəsarətli davranırlar və hətta cavablarını bilmədikləri test tapşırıqlarını da cavablandırırlar ki, bu da öz növbəsində təsadüfi şəkildə düzgün cavabların qeyd olunması ehtimalını artırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi