Qazax filialında yoxlama zamanı maliyyə yeyintiləri üzə çıxdı
Qazax filialında yoxlama zamanı yeyintiləri üzə çıxdı - 400 min manat alıb qayıtdı
Azərbaycan Auditorlar Palatasının Gəncə şəhər Auditor Təşkilatının keçmiş direktoru Natiq Məmmədova bugünlərdə 10 il həbs cəzası kəsilib. Onun barəsində hökmü Gəncə Ağır Cinayətlər Məhkəməsi çıxarıb.
Xəbər verilir ki, 66-yaşlı Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yoxlama zamanı yeyintiləri üzə çıxarmamaqdan ötrü 400 min manat rüşvət almaqda, tanışının oğlunu yanğınsöndürən vəzifəsinə işə düzəltmək adıyla pul almaqda, kredit götürmək üçün saxta sənədlərdən istifadə etməkdə suçlu sayılıb.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlı rəsmi qaydada müqavilə bağlayaraq Məmmədovu Qazax filialında yoxlama aparmağa göndərib. Cinayət işinin materiallarında iddia olunur ki, bu filialda 2005-2012-ci il üzrə iri məbləğdə maliyyə çatışmazlıqları, ciddi pozuntuların yekun arayışda qeyd olunmaması üçün Məmmədov filialın rəhbəri İsa Veysovdan 650 min manat rüşvət tələb edib. Veysov əvvəl 50 min manat verib, daha sonra sürücüsü ilə 150 min göndərib və üçüncü dəfə özü 200 min çatdırıb. İddia olunur ki, son nəticədə auditora ümumilikdə 400 min manat pul verilib. Lakin o, yekun arayışda bu filialda 200 min manatdan bir qədər artıq mənimsəmə olduğunu göstərib. İttihama əsasən, o, qalan 250 mini ala bilmədiyinə görə belə arayış tərtib edib.
N.Məmmədov isə deyir ki, bütün bunlar yalandır, nə Veysovdan pul istəyib, nə də alıb. Onun sözlərinə görə, bu haqda ittihamda yazılanlar şər-böhtandır: "Əgər mən ondan pul alsaydım, 200 min manat mənimsəməyə yol verildiyini arayışda göstərməzdim...".
"Finca"dan saxta sənədlərlə 20 min dollar kredit götürməsi məsələsinə gəlincə, N.Məmmədov deyir ki, bu işdə də qanunsuz heç nə olmayıb. Qaydalar çərçivəsində kredit götürmək istəyib, lakin ondan iki nəfər zamin istənilib. O da öz işçilərindən xahiş edib, ona zamin dayanıblar. İş materiallarında isə iddia olunur ki, sabiq direktor saxta sənədlər hazırlayaraq ona zamin dayanan iki nəfəri rəhbərlik etdiyi qurumun işçiləri kimi göstərib.
Tanışı Cavanşir Nağıyevin oğlu Elvini işə düzəltmək adıyla pul alınması ittihamıyla da razılaşmır. Deyir ki, ona pul lazım olub, borc alıb və qaytarıb: "Bu məsələ araşdırılıb, hüquqi qiymət verilib".
Elvin Nağıyev isə deyir ki, pul borc yox, onu işə düzəltməkdən ötrü verilmişdi. İş düzəlməyəndə pulu geri istəsələr də, qaytarmayıb. Bir müddət sonra atası vəfat etdiyinə görə özü Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Bundan sonra 5 min manat qaytarılıb.
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş müdirindən 400 min manat alınması məsələsi ilə əlaqədar Veysovun sürücüsü də məhkəmədə dindirilib. İddia olunur ki, pulun bir hissəsini Veysov sürücüsüylə göndərib və o da aparıb Gəncədəki otellərdən birində ona çatdırıb. Lakin o deyir ki, belə bir hal olmayıb: "İsa Veysov məni yalandan şahid tutub. Mən heç kimə pul verməmişəm, o adamla da əlaqəm olmayıb. Onu bir dəfə universitetə gələndə görmüşəm. Ağ rəngli maşınla idi. Onda bildim ki, universiteti yoxlamağa gəlib. Vəssalam".
O, yalan ifadə verməsi üçün keçmiş müdiri Veysov tərəfindən təzyiqlərə məruz qaldığını da vurğulayıb.
Veysov istintaqa ifadə versə də, məhkəməyə gəlməyib. O, ifadəsində bildirib ki, auditora verdiyi pulun bir hissəsini Xaçmazda yaşayan qayınlarından borc alıb. Ona görə istintaqda onun qayınları da dindirilib. Lakin məhkəməyə onlar da gəlməyib. Bu adamlar haqqında məcburi gətirilmə qərarı da nəticə verməyib.
Veysov iddia edib ki, auditor ondan 400 min manatın rektor Aqiyə Naxçıvanlıya çatacağını deyib. Qalan məbləği də özü üçün istəyib. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialındakı yoxlamalardan az sonra Veysov vəzifəsindən azad edilib. Bir müddət sonra isə o, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və s. ittihamlarla həbs olunub.
Təqsirləndirilən N.Məmmədov ittihamlarla razılaşmasa da, məhkəmə fərqli nəticəyə gəlib. Gəncə Ağır Cinayətlər Məhkəməsi onu ittiham olunduğu bütün epizodlar üzrə təqsirli hesab edib. Lakin saxta sənədlərdən istifadə, dələduzluğa cəhd, vəzifə saxtakarlığı kimi əməllər üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona bu maddələrlə cəza təyin olunmayıb. Yalnız külli miqdarda rüşvət alma ittihamı üzrə 10 il həbs cəzası kəsilib.“Azadlıq” radiosu