azia.az
azia.az

"Müəllimi belə aşağılamağa sənə kim icazə verib?" – Deputat naziri müəllimdən üzr istəməyə çağırdı

26-01-2022, 22:16

"Müəllimi belə aşağılamağa sənə kim icazə verib?" – Deputat naziri müəllimdən üzr istəməyə çağırdı
"Mən bu müəllimi tanımıram. Ancaq məhz bu məsələyə görə onun hüquqlarını qorumağa hazıram”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa 165 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı danışarkən deyib. O, tərbiyəsizlik edən şagirdlərə görə müəllimə töhmət verilməsinə etiraz edib və buna görə Təhsil Nazirliyini qorxaq adlandırıb:

"Bakıda 165 saylı məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışına görə araşdırılma aparılıb və dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib. Bu nə cəsarətsizlik, bu nə qorxaqlıq? Müəllimi belə aşağılamağa, töhmətləməyə kim haqq verib sizlərə? Sosial şəbəkədə yüz şeylər paylaşıla bilər, şagird tərbiyəli davranmırsa, müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil ki? Ayağını qaldırıb partanın üzərinə qoyub video çəkdirən şagirdi müəllim bilmirsiniz niyə görməyib? Normal dərs keçmək əvəzinə müəllim gündəlik səhifələrlə dolu formal sənədləri doldurmalı olur. İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasız yazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edib. Nə dərsə hazırlaşmağa vaxtı olur, nə də sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə. Dərhal tökülüb gəlirlər ki, uşağın ustünə çığırmısan. Hələ serifikasiyaya hazırlaşmağı demirəm. Ümumiyyətlə, 45-50 yaşdan yuxarı bütün müəllimlərə aid sertifikat tələbini ləğv etmək lazım. Onların 15-20 illik təcrübəsi şagirdə bilik verməyə kifayət edər. Bu qədər gərginliyin altında qalan müəllimə şagirdlərin tərbiyəsiz hərəkətinə görə hələ bir töhmət də verirlər. Mən bu müəllimi tanımıram. Ancaq məhz bu məsələyə görə onun hüquqlarını qorumağa hazıram. Düşünürəm ki, vurulan mənəvi zərbəyə görə birbaşa təhsil naziri şəxsən həmin müəllimdən üzr istəməlidir və töhmət dərhal ləğv olunmalıdır”.

Deputat belə məsələlərə görə, dəyərli müəllimlərin təzyiq altında qaldığını da əlavə edib:

"Müəllimi belə məsələlərə görə günahkar çıxarmanın tam əleyhinəyəm. Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlara mənəvi dəstək vermək lazımdır. Şagirdləri bu şəkildə müəllimlərin üzərinə qaldırmaq olmaz. Əlbəttə, pis niyyətli, qaba xarakterli, savadsız müəllimlər də ola bilər, bu konkret faktlar və konkret davranışlar üzrə dəyərləndirilməlidir. Ancaq həmin videogörüntüdəki şagirdlərin hərəkətinə görə müəllimin cəzalandırılması tamamilə yanlışdır”.

Qeyd edək ki, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi