“Qərar belədir ki, vaksin olunmayanlar auditoriyaya buraxılmasın'' - Universitetlərdə dərslər başlayır
Ali təhsil müəssisələri yeni tədris ilinə necə hazırlaşırlar - SORĞU
Sentyabrın 22-dən artıq Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayıb. Sentyabrın 29-dan isə digər siniflər və ali təhsil müəssisələrində tədris əyani formada başlayacaq. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən təhsil müəssisələri işçilərinin azı 80 faizinin COVİD-19 pasportunun (COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir.
Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilməyəcək. Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVİD-19 pasportu (COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı) olmalıdır. Dərslərarası (məşğələlərarası) fasilələrdə təhsil alanların təmiz havada olmasına şərait yaradılır. Ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir. Müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılır.
Bəs görəsən, bu il universitetlərdə dərslər necə təşkil olunacaq? Auditoriyalarda toplaşmanın qarşısını almaq üçün nələr ediləcək? Eyni zamanda vaksin olunmayan tələbələr universitetə buraxılacaqmı? Ümumiyyətlə, tədris ilində nə kimi yeniliklər olacaq?
Nəcibə Mirzəyeva:“Jurnalistika mənə həm də ailə qazandırdı” – MÜSAHİBƏ – AKTOR.AZ
Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva “Yeni Müsavat”a mövzu ilə bağlı danışıb: “Bizdə onsuz da ənənəvi dərs hər zaman olub, sadəcə olaraq, pandemiya qaydalarına uyğun olaraq bir sıra dəyişikliklər olacaq. İlk növbədə deyim ki, artıq müəllimlər tələbələrdən əvvəl, sentyabrın 13-dən işə çıxıblar. Ona görə də universitetin bütün korpusları dezinfeksiya olunub, təmizlənib, kafedra, dekanlıq, dəhlizlər hamısı dezinfeksiya olunub. Eyni zamanda müəllimlərin vaksinasiyasına ötən aylardan başlanıb. Sentyabrın 1-dən də təkcə müəllimlər yox, COVİD pasportu olmayan, yaxud əks göstəriş sertifikatı olmayan digər əməkdaşların da universitetə buraxılmaması barədə qərar verilmişdi. Universitetin daxilində mühafizə xidməti var, onları yoxlayırlar və bu proses hər gün təkrarlanır. Hər gün biz COVİD pasportunu göstərib, içəri keçirik. Müəllimlərin 90 faizdən çoxu vaksin olunub. Tələbələrlə bağlı bu statistika aparılmayb. Amma təxmini bilirik ki, tələbələr də peyvənd vurdurublar. Televiziya, internet resurslarından görürlər ki, hər gün vaksin olunmaq tövsiyə olunur. Çünki ölüm faizi vaksin olunmayanlar arasında daha çoxdur. Ona görə dekanlıqlarda tutorlar tələbələrimiz arasında maarifləndirmə işləri aparırlar, vatsap qruplarında tövsiyə olunur ki, mütləq vaksin olunmalıdırlar. Qərar belədir ki, vaksin olunmayanlar auditoriyaya buraxılmasın. Çünki vaksin olunan müəllim 50-60 tələbənin qarşısına çıxaraq dərs deyir, onun həyatı təhlükə altında qalır.
Bizdə elə dərslər də var ki, orada 50-60 nəfərlik auditoriyada mühazirələr deyilirdi. Bundan sonra belə mühazirələr daha böyük patoklarda olacaq ki, sosial məsafə də saxlansın. Tapşırılıb ki, dərs cədvəlləri bölünəndə kafedralar bu məsələyə diqqət yetirsinlər. Elə dərslər də var ki, onların keçirilməsi mütləq universitetdə olmalıdır. Məsələn, laboratoriyalarla bağlı xüsusi məşğələlər var ki, onlar əyani şəkildə tədris olunmalıdır. Elə fənlər ola bilər ki, onlar onlayn şəkildə keçirilə bilər. Öhdəmizə düşən işləri yerinə yetiririk. Təcrübəmiz də var. Operativ Qərargahın təlimatlarına uyğun olaraq işimizi quracağıq".
İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova suallara cavab verib: “Nazirlər Kabineti yanında Operativ Qərargahın qayda və təlimatlarına uyğun olaraq, COVİD-19 pasportu olmayan təhsilalanlar və əməkdaşlar universitetə buraxılmayacaqlar. Pasport, immunitet və ya əks göstəriş sertifikatlarının yoxlanılması texniki qurğular vasitəsilə mühafizə xidməti tərəfindən aparılacaq. Bu tədris ilində ən böyük yeniliklərimizdən biri 3-cü tədris binasının istifadəyə verilməsidir. Texniki və texnoloji ixtisaslar üzrə təhsil alan tələbələr yeni tədris binasında təhsil alacaqlar”.
Universitetlər 15 sentyabra hazırlaşır: Qaydalara əməl etməyənlər dərsə buraxılmayacaq - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI
Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Günel Orucəliyeva da mövzu ilə bağlı suala cavab verib: “Bildiyimiz kimi, ali təhsil müəssisələrində dərslər 29 sentyabr tarixindən etibarən ənənəvi formada başlayacaq. Hazırda Bakı Dövlət Universitetində tədrisin təşkili qaydaları müzakirə olunur, dərslərin təşkili ilə bağlı universitet Elmi Şurasının qərarı olacaqdır. Auditoriyalarda sosial məsafənin qorunması təmin ediləcək, karantin rejiminin bütün qaydalarına riayət ediləcək.
Pandemiya şərtlərinin yüngülləşməsində, eləcə də ənənəvi təhsilin bərpa olunmasında vaksinasiyanın əhatə dairəsinin genişlənməsinin önəmini nəzərə alaraq BDU-da peyvəndlənmə ilə bağlı maarifləndirmə və təbliğat işləri gücləndiriləcək. Əməkdaş və tələbələrin vaksin statistikası aparılır, böyük əksəriyyətin vaksin pasportu və ya immunitet sertifikatı var. Pandemiya şəraitini nəzərə alaraq girişlərdə dezinfeksiya üçün mexaniki (əllə işləyən) və həmçinin avtomatlaşdırılmış xüsusi qurğu yerləşdirilib. Bütün istiqamətlərdə müvafiq strategiyaları müəyyənləşdirməyə çalışırıq ki, yeni tədris ilində minimum yoluxma halı ilə dərsləri həyata keçirə bilək".
Azərbaycan Texniki Universitetin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova da dedi ki, Operativ Qərargah və Təhsil Nazirliyi tərəfindən açıqlanan qayda və təlimatlara uyğun işlərini qururlar: “Biz də universitet olaraq sözügedən qayda və təlimatlara uyğun əyani tədrisin təşkilini həyata keçirəcəyik”.
Afaq MİRAYİQ,