Daha 6 rayonda buraxılış imtahanları keçirilib
İyunun 21-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Göyçay regional bölməsinin əhatə etdiyi 6 rayonda yerləşən orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları təşkil olunub.
Regional bölmədən APA-nın yerli bürosuna verilən məlumata görə, Göyçay, Ucar, Ağdaş, Kürdəmir, Yevlax və Ağsu rayonlarında buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 15 imtahan mərkəzi ayrılıb.
İmtahanlarda IX və XI siniflər üzrə Göyçayda 2397, Ucarda 1618, Ağdaşda 2113, Kürdəmirdə 2201, Yevlaxda 2473, Ağsuda 1271 şagird iştirak edib. Buraxılış imtahanlarına 28 imtahan rəhbəri və 576 nəzarətçi müəllim cəlb olunub.
İmtahanlarda IX sinif şagirdləri ana dili və riyaziyyat fənləri üzrə, XI sinif şagirdləri isə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə biliklərini yoxlayıblar. IX sinif şagirdlərinə hər bir fənn üzrə 30, ümumilikdə, 60 test tapşırığı, XI sinif şagirdlərinə isə ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, onlar təqdim olunmuş mövzu üzrə yazı işi də yerinə yetiriblər. Şəffaf şəraitdə keçən imtahanın gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.