Bənzərsiz qələm sahibi - Daşdəmir Əjdəroğlu
Bu yaxınlarda Daşdəmir Əjdəroğlunun (Tağıyevin) 60 yaşı qeyd olundu.
Onun haqda demək istədiyim xoş sözlərin sayı-hesabı yoxdur. Amma mən qısa yazmağa adət etmişəm. Necə alınacaq bilmirəm...
Daşdəmir Əjdəroğlunu tanıyanların sayı bitib tükənmir.
Rəsmi dövlət qəzetində məsul vəzifədə işləsə də, onun yazılarını, kitablarını oxuyanlar ona “məsul həyat yönətimçisi” adını verirlər.
Bütün duyğularının bənzərsiz, kamil, şüşədən aydın, saf etirafı, hər kəlməsində qəlblərə yaxın yolu görürəm.
Həyat anlamını bütün qarışıq yolları ilə birgə ucaldan, ustad qələmi ilə özünü sadə bir insan kimi sevdirən Daşdəmir Əjdəroğlunun yazıları ilə rastlaşarkən sevincimin həddi-hüdüdü aşır...
Onu tanıyanların hər biri yazını oxumamışdan əvvəl artıq özlərini təmiz səma altında hiss edirlər. Onun yazıları sevincli də olsa, kədərli də olsa, insanların qəlbinə fərahlığı əksik etmir. Çünki gözlərimiz qarşısında aydınlığı əks etdirən bir sima canlanır, qəlbimizdə duyğularımıza hakimlik edən bir fateh yaranır.
Daşdəmiri tanıyan heç bir kəs bu sözlərimə etiraz edə bilməz...
O, bu ilahi bəxşiş gününü yəqin ki, doğulduğu İsmayıllı rayonunun Basqal kəndində görmüşdür.
Daşdəmir Tağıyevin indiyədək 5 mindən çox publisistik məqalələri işıq üzü görüb. Təxminən 250 dən artıq qəzetin çıxmasına öz xeyir-duasını verib və onlarla əməkdaşlıq edib. O, 12-dən çox kitabın redaktorudur. 100-ə yaxın kitaba isə rəy və ön söz yazıbdır. "Xatirələrə sığmayan ömür", "Yarımçıq qalan ömür" (Kifayət Cəfərova ilə birlikdə yazdığı) adlı kitabların müəllifidir.
Hal-hazırda isə Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan rəsmi dövlət - "Azərbaycan" qəzetində məsul katibin müavini vəzifəsində çalışmaqdadır. Mətbuat sahəsindəki əməyi və xidmətləri cənab Prezident İlham Əliyev tərəfindən
dəyərləndirilib, ona 2013-cü ildə jurnalistlər üçün inşa edilmiş binadan mənzil hədiyyə olunubdur.
Müxtəlif ictimai qurumlar tərəfindən "Peşəkar jurnalist", "Vicdanlı qələm". "Qızıl qələm" mükafatlarına layiq görülüb.
Onu tanıyanların hər birinin bütün bunlar haqda məlumatı olsa da, bir daha xatırlatmaq xoşdur və bilməyən cavanları da yada salmalıyıq...
Mükəmməl insan varlığının, bütün xoş simalarının həyatımızda varlığı yaşam yolumuza aydınlıq, gözəllik gətirir.
Bu xoş simaların ön cərgəsində duran Daşdəmir Əjdəroğlu yaşam dünyamıza
bütün bunları gətirməklə yanaşı, bütün yaşayanlara və ruhu bizimlə olanlara fədakər insanlıq simvolunu açmışdır.
Zəhmətin, əziyyətin hər biri arzumuza yetməyin əvəssiz vacib rolunu anlatmaqla yanaşı, ətrafımızdakı hər bir kəsə anlatımın zirvəsini göstərmişdir.
60 yaşı olmasına baxmayaraq, o hələ də cavanlıq arzusuna, istəklərinə, əməllərinə son vermir...
Onun haqqında yazmağa sözlər bəs etmir, faktlar isə bizi bənzərsiz insan varlığı ilə rastlaşdırır: Daşdəmir Əjdəroğlu.
Gözəl gülüş simasına tez-tez yol tapan kədər onu heç vaxt ağuşına almasın.
Hər zaman qəlbindən gələn gülüş sədalarını eşidək.