Şəhid anasından sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: "Bunu etməyin!" - Politoloq nələri açıqladı?
Son vaxtlar sosial şəbəkələrdə, əsasən TikTok-da, süni intellekt vasitəsilə şəhidlərimizin “danışdırılması” halları diqqət çəkir.
Bu məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub və müxtəlif baxış bucaqları mövcuddur.
İnsanlar arasında şəhidlərin xatirəsinin qorunması və hörmətin təmin edilməsi mövzusunda fərqli fikirlər var.
Belə halların mənəvi və etik tərəfləri ictimaiyyətin diqqət mərkəzindədir.
Gununsesi.info-ya danışan politoloq Zaur Bayramlı mövzunu belə şərh edib:
“Çox təəssüf ki, bizim cəmiyyətdə yeni texnologiyalardan çox zaman mənfi məqsədlər üçün istifadə olunur. Dünyanın digər ölkələrinə baxdıqda görürük ki, insanlar TikTok və digər platformalardan tarixi, texnologiya və müxtəlif sahələr üzrə məlumat əldə etmək üçün yararlanırlar. Bizdə isə, təəssüf ki, böyük əksəriyyət bu imkanlardan səviyyəsiz şəkildə istifadə edir. Məsələn, şəhidlərin süni intellekt vasitəsilə danışdırılması halları bunu göstərir.
Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, həmin ailələrin yaralarını qopartmağa nə gərək var? Şəhidlərin xatirəsini yaşatmaq üçün ailələrinə əlavə yük yaratmağa ehtiyac yoxdur. İkincisi, bu videoları hazırlayanların sabah Polad Həşimovun və ya digər şəhidlərin adından gənclərə salam dedirməyəcəyinə heç kim zəmanət verə bilməz. Həmçinin, heç bir təminat yoxdur ki, süni intellekt vasitəsilə həmin şəhidlərin adı ilə istənilən söz deyilə bilməz”.
Politoloq hesab edir ki, bu, çox yanlış bir yanaşmadır və müəyyən qədər ictimai qınaq vasitəsilə bunun qarşısını almaq mümkündür:
“Əsas məsələ dövlət səviyyəsində şəhidlik institutunu və şəhidlərin müqəddəsliyini qorumaq üçün qanunvericilik hazırlamaqdır. İlk baxışda bu cür videolar müəyyən qədər gözəl görünə bilər, amma dediyim kimi, süni intellekt vasitəsilə şəhidlərin adından ürəkləri istədikləri söz dedirmək, onların ruhunu incitmiş olur. Bunun qarşısı ciddi şəkildə alınmalıdır.
Bu məsələ ilə bağlı bir çox şəhid ailələri ilə əlaqə saxlamışam. Başda Polad Həşimovun bacısı olmaqla, əksəriyyət mənim fikrimlə razıdır. Lakin əldə etdiyim başqa bir məlumat da var: müəyyən şəhid ailələri öz övladları üçün də həmin videoların hazırlanmasını istəyirlər, sanki bir rəqabət hissi ilə hərəkət edirlər. Bu cür yanaşma heç bir halda doğru deyil. Buna baxmayaraq, əksər şəhid ailələri bu məsələni qətiyyətlə qınayırlar”.
Mövzu ilə bağlı şəhid kapitan Nəcəfov Vüqar Aydın oğlunun anası Yusifova Şəmsiyyə xanımın da fikirlərini öyrəndik.
Gununsesi.info-ya danışan şəhid anası bu işin qəti şəkildə bəyənmədiyini vurğulayıb:
“Sosial şəbəkələrdən istifadə etməyimə baxmayaraq, bu iş haqqında məlumatım var və mən . Şəhid anası olaraq, bu mənə heç də xoş təsir göstərmir. Hələ əvvəllər onların ayaq üstə olan plakatlarını hazırlayıb danışdırırdılar və bunu da qəti şəkildə qəbul etməmişdim. İndi isə bu videolar qarşımıza çıxır və heç xoş təsir bağışlamır”.
Şəmsiyyə xanım vurğulayıb ki, bu şəhidlərimizə qarşı hörmətsizlikdir:
“Bunların hamısı saxtadır, halbuki övladlarımız elə bir gözəl yerdədir ki, belə hərəkətlərə ehtiyac yoxdur”.
Şəbnəm Rəhimova