Murad Arif od püskürdü: “İşgəncə görən qadınların arxasında dayana bilmirik” - FOTO
Müğənni Murad Arif əri tərəfindən başı kəsilərək qətlə yetirilən Sevinc Məhərrəmova haqqında paylaşım edib.
Azia.az xəbər verir ki, sənətçi “Instagram” hesabında daim şiddətə məruz qalan, daha sonra öldürülən qadının fotosunu paylaşaraq bunları yazıb:
“Təsəvvür edin, qadın mart ayında şiddət gördüyü üçün evindən qaçır, bu görüntünü sübut kimi polisə təqdim edir. Amma yetərsiz sayılır, ekspertiza rəyi gözlənilirmiş.
İndi isə o qadın - Sevinc Məhərrəmova əri tərəfindən başı kəsilərək öldürülür. Bu, faciə deyil də, nədir?
Ay yoldaşlar, kütlə - biz, sən, mən işgəncə görən, döyülən qadınların arxasında dayan bilmirik. Hətta qurumlar belə “ailə məsələsidir” deyib kənara çəkilir.
İnsan insanın, qadın qadının, kişi qadının düşmənidir. Tüpürüm sizin insanlığınıza...”
Qeyd edək ki, 24 yaşlı Sevinc Məhərrəmova tez-tez 42 yaşlı əri Füzuli Qarayev tərəfindən zorakılığa məruz qalıb. Sonuncu dəfə isə Sevinc ilə əri arasında yenə münaqişə yaranıb. Daha sonra Füzuli arvadının mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb. Bundan sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.