"Alo, dayan qardaş, keçidlə gəl e, polis var burda, görsə cərimələyəcək"....
Biz nə qədər də ehtiyatlı insanlarıq, axı ehtiyat igidin yaraşığıdır... Bax elə buna görə də həmişə yol keçəndə ehtiyat edirik ki, polis var, yoxsa yox, əvvəl polisin olmadığına əmin oluruq, sonra isə yolun ortasından, maşınların ölüm siqnallarına məhəl qoymadan, qulağımızda qulaqcıq, əlimizdə telefon rahatca keçirik, əgər qarşıda polis varsa, cərimə yazılmasın deyə canımızı dişimizə tutub keçidlə keçirik, üstəlik dodağımızın altından mızıldanırıq da hardan tikildi bu keçidlər deyə.
Bir anlıq düşünək, biz nə edirik axı, kimdən qorxuruq, polisdənmi, "həyatımızdan qiymətli cərimə"dənmi, bəs qorxulacaq olan ölümdən, ya da bir ömürboyu şikəst qalacağımızdan niyə qorxmuruq ki görəsən... Axı polisdən niyə qorxmalıyıq, məyər hələ anlamamışıqmı ki, polis bizim təhlükəsizliyimizi qoruyan orqandır, ondan qorxmaq yox, hörmət etmək lazımdır. Polislərə də, qanunlarımıza da, elə öz həyatımıza da hörmətlə yanaşmalıyıq.
***
Ötənlərdə bir hadisə şahidi oldum. Deməli bir dost yolun bu üzündə, digəri o biri üzündə, bunlar görüşməlidirlər, dost yolu keçməlidir, təbii ki, keçid var, amma o yolun ortasındanca keçmək istəyir, bu dost da ona tez gəl deyə əl edir, birdən bu etibarlı dostun gözü sıx hərəkət edən maşınlar arasında qan tər içində dayanan polisə dəyməzmi... Eləmədi tənbəllik, qurtardı dostunun "5-10 manat"ının həyatını. Dostunun həyatını demirəm ha, cərimə verəcəyi pulu deyirəm. Nə gözəl dostmuş, bayaqdan əl yelləyib tez gəl deyə tələsdirən adam, indi dostunun cərimələnməməsi üçün ona yolda polisin olduğunu xəbər etdi. Həm də tam zamanında. Zaman demişkən, ölümün zamanı gözlənilməz olur, kim bilir, bəlkə də polisi görməsəydilər yolu sıx hərəkət edən maşınlar arasından keçərkən həyatını itirəcəkdi. Deməli, istəsək zamanımız çatar keçidlə keçməyə, demək heç yolda polis varmı, yoxmu deyə qorxmağa da dəyməz. Polisdən qorxmaq demişkən bir əhvalat yadıma düşdü, demək beşyaşlılar məktəbə gedir, yolda bir neçə polis var, qızlardan biri sevinərək-Polis əmi deyə qışqırır, o biri uşaq isə qorxulu səslə, ay qız qışqırma, polis səni tutar deyir. Balaca rahatlıqla -Niyə polis məni tutur ki, mən oğru deyiləm axı"-dedi...
Hə, balacaların bu söhbətində bir məntiq var, demək hərə bir ailədən tərbiyə alır, polislə qorxudularaq böyüyən uşaq hər zaman qorxu içində yaşayacaq, amma polisə sevgiylə baxıb, ona güvənən balaca özü də demişkən, niyə qorxmalıdır ki, axı o balaca oğru deyil..
İçimizdəki polis qorxusunu bir tərəfə ataq, axı onlar elə də qorxulu deyil, polislərimiz bizi qoruyur, evdə uşaqları yemək yeməyəndə, dərs oxumayanda polis səni tutacaq deyə qorxutmağımızdır qorxulu olan, uşaqların yaddaşında polis "qorxulu insan" olaraq qalır. Və gələcəkdə atdıqları yalnış addımda gözləri o "qorxulu polislər"i arayır, halbuki qorxulacaq olan bizik, biz özümüz..
Şahidi olduğum bu hadisədən sonra hey düşünürəm, biz insanlar nə vaxt özümüzə qarşı, allahın əmanəti olan canımıza qarşı laqeyd olmayacağıq. Oğurluq edib oğru olmayacağıq, adam öldürüb cani olmayacağıq, qanunu pozub həbs olunmayacağıq ki, polislərdən də qorxmayacağıq.
Dostuna keçidlə yalnız cərimədən xilas olmaqçün keçməyi məsləhət bilən "xilaskar dost"a isə demək istərdim: Dövlətimiz bu qədər vəsait hesabına başa gətirdiyi keçidləri bizim təhlükəsizliyiniz üçün edib, elə o şikayətləndiyimiz polislərimiz də bizi qorumaq üçün icazə vermirlər keçid olan ərazilərdə qayda pozmağa. Cərimədən, qanundan qorxmayıb cəriməmi ödəyəcəm deyən ürəkli insanlar isə düşünmür ki, bir anlıq qəza bəs edər, cəriməni malı yox, canı hesabına ödəsin...
Vüsalə Qələndərli