azia.az
azia.az

Ərzaq bazarında bahalaşma: “Əvvəl əhalini psixoloji hazırlayır, sonra...“

2-02-2023, 09:35

2022-ci ildə Azərbaycana 108 milyon 181 min dollar dəyərində 18 min 562 ton kərə yağları idxal olunub.



Bu barədə Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir. Qeyd edək ki, 2021-ci ildə Azərbaycana 78 milyon 856 min dollar dəyərində 15 min 34 ton kərə yağları idxal olunmuşdu. Beləliklə, kərə yağları idxalı dəyər ifadəsilə 37,1%, miqdar ifadəsilə 23,5% artıb. Bir ton kərə yağının orta idxal qiyməti 2021-ci ildəki 5 min 245 dollardan 2022-ci ildə 5 min 828 dollara yüksəlib. Qeyd edilən illəri müqayisəli təhlil edəndə məlum olur ki, idxal olunan yağların qiymətindəki bahalaşma ilə ölkədə satılan yağların qiyməti kəskin fərqlənir.


Yəni hər kilo üzrə idxal rüsumu təqribən yarım dollar artmasına baxmayaraq, marketlərdə yağın satış qiymətində 2,3 dəfəyədək artım müşahidə olunur. Məlumdur ki, pandemiyanın və Rusiya-Ukrayna müharibəsinin yaratdığı bahalaşmanın fonunda bazarda süni qiymət artımı ailələrin büdcəsinə mənfi təsir göstərir. Bahalaşma təkcə yağ məhsullarında deyil, digər istehlak mallarında da sürətlə artır.



Azia.az xəbər verir ki, Cebhe.info-ya danışan iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda qiymətlərin bahalaşması üçün şərait var. Çünki rəqabət mühiti yoxdur:

"Qiymət artımını tətikləyən inhisarçılıq var. İnhisarçılıq dövlət qurumları tərəfindən dəstəklənir. İdxal mallarında gah rüsumların artırılması, gah qeyri- rəsmi ödənişlərin artırılması və s. ölkədəki qiymət artımını hədəfləyən amilər kimi kənardan görünür. Ola bilsin ki, sahibkar korporativ gəlirini artırmaq üçün bu müsbət addımdır. Amma bu, birbaşa həmin malın maya dəyərinə təsir edir və qiymət bazarda mütləq təzahür etməlidir. Ölkədə bir tərəfdən qeyri-şəffaf mühit, digər tərəfdən inhisarçılıq, başqa tərəfdən rəqabətin olmaması təkcə kərə yağında deyil, bütün məhsullarda qiymətlərin mütəmadi olaraq bahalaşması istiqamətində tendensiyanı qoruyub saxlayır".

Ekspert bildirib ki, sahibkarlar süni olaraq piar aparıb bahalaşmaya zəmin hazırlayırlar:

"Məsələn, bir neçə il əvvəl araşdırma apardım. Azərbaycan bazarında mənə dedilər ki, Yeni Zelandiyadan kərə yağı gətiririk və bu yağ həmin ölkədə bahalaşıb. Mən araşdırma apardım ki, həmin dövrdə Zelandiyada kərə yağının topdan satış qiyməti 2 dollar 80 sent ucuzlaşıb. Amma bunu Azərbaycan informasiya məkanına təbliğat xarakterli informasiya kimi ötürüblər və saytlar da bir- birindən sözügedən xəbərləri tirajlayırlar. Əhalini psixoloji olaraq bahalaşmaya hazır edir və qiymətləri getdikcə bahalaşdırmağa başlayırlar. Demək istədiyim budur ki, sahibkarlar həm də öz xeyirlərinə piar formalaşdırırlar. Azərbaycan oxucusunun Yeni Zelandiya mətbuatını izləmək imkanı yoxdur. Ona görə də bu gün dezinformasiyadan istifadə edərək, mütəmadi gedən qiymət artımına bəraət qazandırmaq üçün bu cür üsullardan da istifadə edirlər".

Akif Nəsirli bildirib ki, Azərbaycan qurumları inhisarçılığa qarşı heç bir addım atmaq istəmir. Heç bu istiqamətdə düşüncə də yoxdur:

"Əksinə, inhisarçılığı genişləndirirlər.Azərbaycanda inhisarçılıqdan ən kənar olan sektor kənd təsərrüfatı idi. Qeyd edim ki, inhisarçılığın səbəbi iqtisadi deyil".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi