azia.az
azia.az

Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqqı, pensiya və sosial ödənişlər ARTIRILIR – Prezidentdən GÖSTƏRİŞ

6-06-2022, 20:31

Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqqı, pensiya və sosial ödənişlər ARTIRILIR – Prezidentdən GÖSTƏRİŞ
Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqqı, pensiya və sosial ödənişlər ARTIRILIR – Prezidentdən GÖSTƏRİŞ
Teleqraf.com-un suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Vahid müəllim, 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı İqtisadi Şuranın növbəti iclası keçirilib. Sizcə, büdcənin dəyişdirilməsinə zərurət varmı?

– Zərurət var. Çünki dövlət büdcəsinə əlavə vəsaitlər daxil olur. Neftin qiyməti kifayət qədər yüksəkdir. Məlumdur ki, neftin qiyməti dövlət büdcəsində 50 dollardan götürülmüşdü. Hazırda neftin dünya bazar qiyməti 100 dollardan yuxarıdır. Bu baxımdan büdcəyə əlavə vəsait daxil olur.



Bundan əlavə, bir sıra məsələlər var ki, onları həll etmək vacibdir. Birinci, Qarabağda çox ciddi işlər gedir. Doğrudur, azad edilmiş ərazilərin bərpası üçün bu ilin dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılıb. Ola bilər, bu vəsait çatışmasın və əlavə vəsaitin ayrılmasına ehtiyac olsun. Çünki işlər çox böyük sürətlə gedir. Dövlət başçısı Qarabağda gedən bərpa-quruculuq işlərini daim nəzarətdə saxlayır və mütəmadi həmin ərazilərə səfər edir.



İkinci, ola bilər, sosial sahəyə müəyyən həcmdə vəsaitlər ayrılsın. Çünki qiymət artımı var, bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi inflyasiya gedir. Azərbaycana bu qiymət artımı, inflyasiya əsasən xaricdən idxal olunur. Ona görə də ola bilər ki, sosial layihələr, əməkhaqqı, pensiya eləcə də digər sosial müavinət və ödənişlərin artırılması istiqamətində müəyyən məsələlərə baxılsın. Hesab edirəm ki, bu iki məsələyə baxılacaq. Ehtimal ki, əlavə çağırışlar olarsa, onlara da baxılacaq.



– Sadaladığınız məsələlərin maliyyələşməsinə əlavə nə qədər vəsait ayrıla bilər?

– Bunu konkret demək olmaz. Bu, nazirliklərin təqdim etdiyi layihələrdən asılıdır. Amma hesab edirəm ki, Qarabağın bərpası ilə bağlı kifayət qədər çox vəsait lazımdır. Artıq bu ərazilərdə yol, kommunal infrastrukturun bərpası, o cümlədən yaşayış üçün binaların, beynəlxalq hava limanlarının və digər ictimai iaşə obyektlərinin tikintisi kimi mühüm işlərə start verilib.



Bu ərazilərdə iş kifayət qədər çoxdur. Buna görə də hesab edirəm ki, əsas vəsait ora yönələcək. Zənnimcə, 1 milyard manatdan yuxarı vəsait yenidən ayrılmalıdır ki, bu işlər daha sürətlə getsin.

– Son günlər bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) önündə aksiya keçirib. Onlar nazirliyin binasına daxil olaraq əlilliyin təyin edilməməsi, əksər hallarda imtina cavabı verilməsi, əyani müayinənin aparılmaması, komissiyaya gec çağırılmalarından şikayət ediblər…



– Məsələdən xəbərdaram. Ötən iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrindən də xahiş etdim ki, ümumiyyətlə, Əmək və əhalinin sosial müdafiəsi nazirini çağıraq, gəlsin oturub bəzi məsələləri həll edək. Açıq məsələlər kifayət qədər çoxdur. Onların öz arqumentləri var, bizim də öz…



Amma əhali tələb edir, biz əhali ilə işləyirik. Məsələn, ötən gün Qubada 100-dən çox seçici qəbul etdim. Xaçmaz, Qusar, Dəvəçi və Siyəzəndən olan insanların tələbatları kifayət qədər yüksək olmasa da, sosial sahə ilə əlaqədar problemləri var, onlar tələb edirlər. Həmin problemləri biz həll etməliyik. Bu məsələni qaldırmışam və xahiş etmişəm ki, bu işlərlə ciddi məşğul olan 10-15 deputat nazirliklə birlikdə yığışıb bu məsələlərin müsbət həllini niyə tapmamasını müzakirə edək.

Qazilər üçün hər şey etmək lazımdır. Müəyyən xəstəxanalar xəstəlikləri ilə əlaqədar onlara çıxarış vermirlər. Gah deyirlər “əlillik təyinatı sənə düşmür”, gah da deyirlər “get, müalicə olun” və sair… Belə hallar kifayət qədər çoxdur. Yəni hər bir qaziyə diqqətlə yanaşmaq və onun məsələsini həll etmək lazımdır.



Biz də bu problemləri müzakirə etmək istəyirik, belə davam edə bilməz, qurtarmaq lazımdır. Qazi məsələsi çox ağır və həssas məsələdir. Bu insanlar bədəninin müəyyən hissəsini itiriblər, əziyyət çəkirlər.

Ən əsası, dövlət başçısı və Mehriban xanım bu məsələyə kifayət qədər diqqət yetirirlər. Vəsaitin ayrılmasında problem yoxdur, bu istiqamətdə Heydər Əliyev Fondu və “YAŞAT” Fondu tərəfindən ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək mexanizmi hazırlanıb və işləyir. Amma niyə bu məsələlər həll olunmur? Bu, bizim üçün çox qaranlıqdır.

– Vahid müəllim, uzun illərdir qəbul olunmasında israr etdiyiniz Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Layihə hansı mərhələdədir?

– Hökumətin hesabat iclasında Baş nazirdən artıq dərəcədə xahiş etdim ki, Rəqabət Məcəlləsi Milli Məclisə göndərilsin. Cənab Baş nazir söz verdi və ona minnətdarlığımı bildirirəm. Baş nazir İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və nazirliyin şöbələrinə bu məcəllənin üzərində işləyib hazırlanması üçün göstəriş verdi.

Məcəlləni hazırlayıb razılaşma üçün Maliyyə, Ədliyyə və digər nazirliklərə göndərmişdilər. Bu razılaşmalar da hamısı var. Rəqabət Məcəlləsinin bir nüsxəsini də mənə göndəriblər, tanış olmuşam, çox gözəl bir sənəddir. Bu sənəd bizim üçün vacibdir. Məcəllə Nazirlər Kabinetindədir, yəqin ki, göndəriləcək cənab Prezidentə, o da imzalayıb Milli Məclisə göndərəcək.

Hesab edirəm ki, Milli Məclisin bu sessiyasında Məcəllənin müzakirəsini çatdıra bilmərik. Ola bilər ki, gələn sessiyada biz artıq Rəqabət Məcəlləsini qəbul edək.

– Rəqabət Məcəlləsinin qəbul edilməsində əsas məqsəd nədir?

– Burada bir neçə məqsəd var. Birinci, bazarda azad rəqabəti yetişdirmək, bərpa etmək. Yəni hər bir sahibkar kimliyindən asılı olmayaraq bərabər səviyyədə bazarda işləyə bilsin və ona heç bir maneələr olmasın.

İkinci, bazarda mövcud olan inhisarçılıq və monopoliyanın aradan qaldırılması. Birdən-birə olmasa da, tədricən bunu aradan qaldıracaq.

Üçüncü, ən ciddi problem, əgər biz Rəqabət Məcəlləsinin icrasında istədiyimizə nail ola bilsək, əlbəttə, burada qiymətdə də müəyyən problemlər aradan qaldırılacaq. Yəni azad rəqabət və məhsul daha da bol olarsa, ucuzlaşma prosesi tədricən baş verə bilər. Bu üç məsələ bizim üçün çox önəmlidir. Dövlət başçısına dərin minnətdarlığımı bildirirəm ki, nəhayət, Rəqabət Məcəlləsinin işlənib hazırlanması ilə bağlı bəzi göstərişlərini verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi