azia.az
azia.az

Deputat yeni Baş Bankir adayını DƏYƏRLƏNDİRDİ - “Taleh Kazımov gənc kadrdır, işləsin baxaq, yəqin ki...”

11-04-2022, 18:56

Deputat yeni Baş Bankir adayını DƏYƏRLƏNDİRDİ - “Taleh Kazımov gənc kadrdır, işləsin baxaq, yəqin ki...”
“Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılması müzakirə edilən Elmar Rüstəmov kifayət qədər təcrübəli bir kadrdır. O, 1991-ci ildən başlayaraq bank sistemində işləyirdi. Əvvəl Mərkəzi Bank sədrinin birinci müavini, daha sonra MB-ın sədri oldu. Yəni 31 il idi ki, Mərkəzi Bankda işləyirdi. Hesab edirəm ki, o bank sistemin çox gözəl bilir və bu dövrlərdə gördüyü işlər də göz qabağındadır. Ağır vaxtlarda, devalvasiya dövründə də müəyyən problemlərin həllində kifayət qədər rolu olub”. Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi gözlənilən Taleh Kazımov cavan kadr olsa da, uzun müddət bank sistemində işləyib: “Xüsusilə “Bank Standart”dan sonra “Paşa Bank”da adi vəzifələrdən tutmuş, İdarə Heyətinin sədri vəzifəsinə qədər yüksəlmişdi. Cavan olmasına baxmayaraq bank sistemində müəyyən qədər təcrübəsi var.

Mərkəzi Bank Milli Məclisin çox sıx işlədiyi orqan olduğu üçün orada olan problemlər bizə aydındır. İdarə Heyətinin üzvləri ilə birlikdə o problemləri həll etmək istəsək də, müəyyən problemlər qalmaqdadır. Milli Məclis olaraq həmin problemləri diqqətə çatdırsaq, yəqin ki, onları nəzərə alacaq. Əminəm ki, gələcəkdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Mərkəzi Bank arasında əməkdaşlıq yüksək səviyyədə olacaq. Həmçinin cənab Prezidentin qarşıya qoyduğu məsələlər Azərbaycanın inkişafı və quruculuğu Mərkəzi Bank tərəfindən daha da operativ həyata keçiriləcək”.

Vahid Əhmədov Taleh Kazımovu 10 ilə yaxındır tanıdığını da deyib: “Paşa Bank”da işləyəndən qabaq da bir sıra konfranslarda görüşmüşəm, söhbət etmişəm. Yenə deyirəm, cavan kadrdır. Əlbəttə, Mərkəzi Bankda sədr olmaq yüngül vəzifə deyil və bankla əlaqədar kifayət qədər problemli məsələlər var. Ona görə də ciddi işləyəcək, biz də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi və millət vəkili olaraq əlimizdən gələni köməkliyi edəcəyik”.

Vahid Əhmədovun sözlərinə görə, komitəsinin bugünkü iclasında problemli kreditlərlə bağlı məsələlər də müzakirə olunub: “Taleh Kazımov axırda öz çıxışında qeyd etdi ki, problemli kreditlərlə bağlı məsələlərlə də məşğul olacaq. Əvvəlcədən nəsə demək çox çətindir. İşləsin baxaq, yəqin ki, bu məsələlər sonra müzakirə olunacaq”.


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi