azia.az
azia.az

Ölkəni iqtisadi fəlakətin cəngindən necə qurtarmalı?

22-11-2016, 09:08

Ölkəni iqtisadi fəlakətin cəngindən necə qurtarmalı?
Qubad İbadoğlu: “Nə qədər ki, dövlət rəqabəti dəstəkləməyəcək, sahibkarlıq üçün əlverişli mühit yaratmayacaq, o qədər də ölkənin tənəzzülü davam edəcək”

Dollar yenidən bahalaşır və özü ilə birgə Azərbaycan bazarlarında da qiymətlərin artmasına səbəb olur.

Artıq ölkədə müxtəlif sahələrdə qiymət artımları əhalini narahat edir. Xüsusən gündəlik ərzaq məhsulları, geyim və tikinti mallarının qiyməti dolların qiyməti ilə paralel olaraq bahalaşır. Nəticədə ölkə iqtisadi fəlakətə sürüklənir.

Artıq insanlar vəziyyətin düzələcəyinə ümidini itirmək həddindəndir. Həmçinin bank sektorunun vəziyyəti, hökumətin bu istiqamətdəki fəaliyyətinin yetərsizliyi əhalinin etimadını azaldır. Bəs görəsən, Azərbaycan iqtisadiyyatını hazırda düşdüyü böhrandan necə xilas etmək olar? Neftin qiymətinin 40 dollar civarında proqnozlaşdırıldığını nəzərə alsaq, 2017-ci ildə ölkə iqtisadiyyatını formalaşdırmaq üçün hansı addımların atılmasına ehtiyac var?

Milli Məclisin deputatı Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bunun yeganə yolu iqtisadi islahatlar, struktur islahatları və kadr islahatlarıdır: “Bu islahatlar paralel aparılmalıdır. Bir islahatı edib digərini saxlamaqla heç nəyə nail olmaq mümkün deyil. Biz Azərbaycanda qeyri-neft sektorunun inkişafını yüksək dərəcəyə çatdırmasaq, əlbəttə, ciddi problemlərlə üzləşə bilərik. 2017-ci il Azərbaycan üçün neftin qiyməti baxımından yaxşı heç nə vəd etmir. Mən diqqət edirəm ki, qiymətlər elə də yüksək deyil və yüksək də gözlənilmir. Ona görə də ciddi kadr islahatları, struktur islahatları aparmaq lazımdır. O qədər nazirliklərə, komitələrə nə ehtiyac var? Dövlətin xərclərini müəyyən qədər azaltmaq lazımdır. Ümumiyyətlə, iqtisadiyyatda çox ciddi dəyişikliyə ehtiyac var. İlk növbədə institutsional struktur dəyişiklik aparılmalıdır. Əks halda, bu ciddi problemləri aradan qaldırmaq mümkün olmayacaq. Bütün islahatlar paralel getməlidir”.

Deputatın sözlərinə görə, bazarlardakı subyektiv bahalaşmanın da qarşısı alınmalıdır: “Ən böyük problemlərdən biri də bahalaşmadır. Bu da iki cürdür. Biri var, obyektiv bahalaşma, biri də var subyektiv qiymət artımı. Obyektiv bahalaşmanı başa düşürəm ki, xaricdən xammal gətirilir, xaricdən mal alıb gətirir, bəs daxildə istehsal olunan məhsullar niyə bahalaşır? Hazırda çox ciddi bahalaşma gedir. İqtisadiyyat Nazirliyinin müvafiq departamenti bu işlə çox ciddi məşğul olmalıdır. Bu bahalaşmanın qarşısı alınmalıdır. Diqqət edin, qonşu dövlətlərlə müqayisədə Azərbaycanda bahalaşma çox böyük sürətlə davam edir. Bu gün bazarda mal əti 10 manata satılır. Halbuki bir neçə ay öncə 7 manat idi. Bu ciddi problemdir və qarşısını almaq çətindir. Möhtəkirlər subyektiv şəkildə qiymətləri artırırlar. Onun qarşısı alınmalıdır”.


Vahid Əhmədov onu da qeyd etdi ki, hökumətin iqtisadi islahatlar istiqamətində atdığı addımlar yetərli deyil: “Əgər onların işi yetərli səviyyədə olsaydı qiymətlər bu həddə gəlib çıxmazdı. Hökumət ciddi addımlar atsaydı, analizlər aparsaydı, əlbəttə, problemlər bu həddə olmazdı. 5-6 ay öncə 1 ədəd kənd yumurtası 15 qəpik idi, indi 30-35 qəpikdir. Hökumət gecə-gündüz işləməlidir. Bəyənmədiyimiz Rusiyada hökumət gecə-gündüz işləyir. Ancaq mən Azərbaycan hökumətində bunu görmürəm.

Hələ də gec deyil, işləmək lazımdır. Sadaladığım problemləri həll etmək lazımdır ki, əvvəlki vəziyyətə qayıdaq. Neft məsələsini kənara qoymaq lazımdır. Qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatı, turizm sahəsini inkişaf etdirmək lazımdır ki, heç olmasa 2017-ci ildən normal çıxa bilək".


İqtisadçı ekspert Qubad İbadoğlu da təsdiqlədi ki, Azərbaycanda iqtisadi böhran və tənəzzül getdikcə dərinləşir: “Çox təəssüf ki, bu ilin ötən 10 ayı ərzində bizim gözlədiyimiz istiqamətlərdə islahatlar həyata keçirilmədi. İlin əvvəlindən başlayan tənəzzül daha da dərinləşdi və ilin sonuna yaxın da heç bir pozitiv meyllər müşahidə olunmur. Bu ilin son iki ayı və növbəti ilin 4 ayında biz Azərbaycanda vəziyyətin daha da pisləşəcəyini müşahidə edəcəyik. Ölkədə kompleks islahatlara başlanılmasa, həm struktur, həm də institutsional sahədə dəyişikliklər baş verməsə, bu vəziyyətin həlli mümkün deyil. Vəziyyətdən çıxış üçün biz Azərbaycan Demokratiya və Rifah Hərəkatı olaraq təkliflərimizi hökumətə təqdim etmişik. Biz əsas və təxirəsalınmaz təkliflər paketini Prezident Aparatına, Nazirlər Kabinetinə və digər əlaqədar orqanlara təqdim etmişik. Həmin paketdə 8 bənddə həyata keçirilməsini zəruri hesab etdiyimiz tədbirlər yer alır. Orada bizim əsas qayəmiz ondan ibarətdir ki, hökumət inzibati yolla tənzimlənən iqtisadiyyat modelindən imtina etməlidir, azad bazar iqtisadiyyatı, liberal iqtisadi siyasət önə çıxmalıdır. Bu liberal iqtisadi siyasətin də əsas qayəsini azad sahibkarlıq və sağlam rəqabət təşkil etməlidir. Azərbaycanda nə qədər ki, dövlət rəqabəti dəstəkləməyəcək, sahibkarlıq üçün əlverişli mühit, fəaliyyət imkanları yaratmayacaq, o qədər də ölkənin tənəzzülü davam edəcək”.

İqtisadçının sözlərinə görə, hökumətin məzənnə siyasətində də ciddi dəyişikliklərə ehtiyac var: “Biz ilk növbədə rəqabət məcəlləsini qəbul etməliyik. Növbəti il üçün dövlət büdcəsinin müzakirəsi daha geniş şəkildə, həm ekspertlərin, həm də ictimaiyyət nümayəndələrinin iştirakı ilə aparılmalıdır. Hökumətin məzənnə siyasətində də ciddi dəyişikliklərə ehtiyac var. Təəssüflər olsun ki, manatın məzənnəsinin tənzimlənməsi ilə bağlı, manatın gerçək kurusunun müəyyənləşdirilməsi ilə bağlı addımlar xeyli gecikdirildi. Bu istiqamətdə son bir ayda pozitiv dəyişikliklər baş verir və bu da milli valyutanın dəyərinin ucuzlaşmasına gətirib çıxarır. Hamı bir həqiqəti dərk etməlidir ki, Azərbaycanda manatın məzənnəsi gerçək məzmununu tapmayınca, milli valyutanın sabitləşməsindən söhbət gedə bilməz. Hazırda hökumətin üzərinə düşən vəzifələrdən biri də manatın gerçək məzənnəsinə yaxınlaşması istiqamətində addımlar atmaq və bir də inflyasiyanı nəzarətdə saxlamaqdır. Çalışmaq lazımdır ki, inflyasiya bir rəqəmli olsun. Hazırda düşdüyümüz vəziyyətin bir nəticəsi də özünü qiymət artımında göstərir. Qiymət artımları isə son nəticədə əhalinin sosial vəziyyətinin daha da pisləşməsini şərtləndirir”. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi