DSMF Qarabağ əlilinə QARŞI... - “Prezidentə müraciət eləmişəm”
Birinci Qarabağ müharibəsində yaralanmış, uzun illər əlilliyə görə təqaüd almış Mübariz Əliyevin əlilliyini bu dəfə təsdiqləməkdən imtina ediblər. Deyir ki, 2016-cı ildə onu müayinə etmiş, 5 illik rəy vermiş eyni komissiyanın budəfəki qərarı fərqli olub.
“Gedəndə sağ qalıb-qalmayacağımı da bilmirdim”
Mübariz Əliyev həm də 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşən avtobusda “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovla birlikdə həlak olan Arif Əliyevin qardaşıdır. Arif Əliyev isə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini idi. Ona da şəhid statusu verilib.
1975-ci il təvəllüdlü Mübariz Əliyev deyir ki, Kəlbəcər sakini olsa da, uzun illərdir Samuxda məskunlaşıb. O, 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərinə də könüllü yollanıb:
“O zaman 18 yaşım tamam olmamışdı. Ulu öndərin bir çıxışı olmuşdu, vətənin müdafiəsilə bağlı, ondan sonra komissarlığa yaxınlaşdım. Mənə dedilər ki, hələ yaşının tamam olmasına 3 ay var. Ərizəmi götürdülər. Mən gedəndə sağ qalıb-qalmayacağımı da bilmirdim”.
“O qədər problem sadalayıb, axırda da yazıblar ki, əlillik təyin edilmir”
İndi də bədənində çoxsaylı qəlpələr gəzdirdiyini deyən qazinin sözlərinə görə, son 30 ildə bir gecə rahat yatdığını xatırlamır. Deyir ki, dərmanların sayəsində nisbətən rahatlıq tapır. Həm başındakı, həm də bədənindəki qəlpə izlərini Meydan TV-nin əməkdaşına nümayiş etdirən Mübariz Əliyev Tibbi Sosial Ekspert Komissiyasının qərəzini anlamadığını deyir:
“Mən heç kimə minnət qoymaq istəmirəm, amma məmurlar da bu qədər insafsız olmamalıdır. Rəydə bu qədər problem sadalayır, axırda yazır ki, əlillik əlaməti təyin etmir. Buna necə insafları, vicdanları yol verir, anlamıram. Bunlar əlilliyi kimə verir bəs? Bir çox problemi sadalayandan sonra hələ bir yerdə də “dəqiqləşdirilməmiş travmalar” yazıblar. Onu kim dəqiqləşdirəcək?”
“Elə dərmanım var, 80 manatdır, necə alım?”
Mübariz Əliyev yada salır ki, mərhum qardaşı Arif Əliyevlə 2016-ci ildə Bakıda Əlillərin Bərpa Mərkəzində müayinədən keçmişdi. O zaman ona “baş beynin ocaqlı travması; keçirilmiş ağır qapalı kəllə-beyin travmasında bədənin çoxsaylı müxtəlif yerlərindən odlu silahla yaralanmasından sonrakı vəziyyət, digər neqativ pozuntular” diaqnozu qoyulub, II qrup əlillik təyin olunub.
5 ilin tamamında – 2021-ci ilin dekabrında Əlillərin Bərpa Mərkəzində daha çox problem qeyd olunub. Amma bu dəfə əlillik təyin olunmayıb.
“Mənim elə dərmanım var, 80 manatdır. Onu bir gün atmasam, qətiyyən özümü idarə eləyə bilmirəm. Onu necə alım, niyə bunu başa düşmək istəmirlər?”
“Prezidentə müraciət eləmişəm”
Mübariz Əliyev deyir ki, təxminən bir aydır ki, prezident və vitse-prezidentə məktub yazıb. Deyir ki, onların bu cür məmur özbaşınalıqlarından xəbəri olmadığından əmindir:
“Əminəm ki, prezidentin xəbəri olsa, mütləq yoluna qoyar. Elə ona görə prezidentə müraciət eləmişəm ki, göstəriş versin, məsələ araşdırılsın. Mən yaşlı adamam, heç olmasa, özümü idarə eləyə bilmək üçün dərmanlarımı ala bilməliyəm. Adi qapı açılıb-bağlananda onun səsinə dözə bilmirəm. Nə çəkdiyimi bilmək üçün mənimlə bir evdə yaşamaq lazımdır. İnsan olan kəs özünü başqasının yerinə qoyar. Şəhid ailələrinə, Qarabağ əlillərinə bu qədər haqsızlıq, bu qədər hörmətsizlik eləyib, onları narazı salmasınlar…”
Tibbi Sosial Ekspert Komissiyası nə deyir?
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Meydan TV-yə bildirib ki, Kəlbəcər rayon sakini Mübariz Əliyev 16 fevral 2022-ci ildə əyani müayinə edilib.
“Şəxsin hazırkı vəziyyətinin müayinəsi zamanı nevroloji ocaqlı əlamətlər qeyd olunmayıb. Əlillik təyinatına əsas verən patofunksional pozuntular və hərəkətində məhdudiyyət aşkarlanmayıb. Bu səbəbdən “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq şəxsin diaqnozunun əlillik təyinatına əsas verməməsi barədə qərar qəbul edilib”, – Tural Qurbanov belə deyib.
Mənbə:My Webpage