“AzərTAc” və AzTV-nin əməkdaşları Kəlbəcərdə minaya düşdülər
İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşməsi nəticəsində Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub.
Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə açıqlamada bildirilib.
Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Azərbaycanda jurnalistlər minaya düşüblər.
APA-nın məlumatına görə, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat katibi Nigar Etibar bildirib.
“Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və “AzərTAc”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!” - deyə o qeyd edib.