azia.az
azia.az

Hər ay hərbçilərin 64 manatını kim mənimsəyib? - Nazirliklə yeni məhkəmə qalmaqalı başlayır

21-03-2022, 14:05

Hər ay hərbçilərin 64 manatını kim mənimsəyib? - Nazirliklə yeni məhkəmə qalmaqalı başlayır
Uzun müddətdir ki, hərbi qulluqçularla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında gərginlik yaşanır.
Hərbi qulluqçuların pensiya ilə bağlı bəzi istəkləri həllini tapsa da, həll olunmayan məsələlər var.
Cebhe.info-ya açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, pensiya məsələsi bir az fərqli formada həll olunub:
“Bu, Prezident İlham Əliyevin 10 faizlik yardımı kimi sənədləşdirildi. Lakin məvaciblər artırılarkən bizim müraciətimiz 20 faizlə bağlı idi, amma 10 faiz artım edildi. Artıq artım dünəndən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hesabına köçürülüb. Artımlar yanvarın 1-dən hesablanıb və ilin axırına kimi belə davam edəcək. Bu, 2023-cü il yanvarın 1-də isə fərqli formada həyata keçiriləcək. Yəni Prezidentin maddi yardımı kimi deyil, daimi əsaslarla olacaq. Bu məsələnin həllini tapması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Nazirlər Kabinetinə və müvafiq qurumlara vaxt verilib”.
O bildirib ki, hərbi qulluqçular ƏƏSMN ilə bağlı məhkəməyə müraciət ediblər:
“Şikayət 2013-cü ilin yanvar ayından ödənilməyən və ya mənimsənilən ərzaq əvəzinə pul kompensasiyası ilə bağlıdır. Çünki bu günə qədər bizə sadəcə 64 manat ödənilir, amma əslində bu rəqəm 128 manat olmalı idi. Hətta dünən məlum oldu ki, bizə 128 manat da yox, 193 manat ödənilməli idi. İstənilən halda bizim haqqımız ayrı-ayrı məmurlar tərəfindən talanıb və mənimsənilib. Biz bunun davasını aparırıq. Bununla bağlı məhkəmələrə də müraciət etmişik. Bununla yanaşı, Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbərliyinə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun rəsmi şəxslərinin Maliyyə Nazirliyinin ayırdığı 128 manatın 64 manatını mənimsəməsilə bağlı rəsmi şəkildə müraciət edəcəyik. ƏƏSMN rəsmisi Şahin Əliyev də zabitlərə ünvanladığı məktubda deyir ki, bu, guya onların deyil, Müdafiə Nazirliyinin günahıdır. Halbuki, orada söhbət təkcə Müdafiə Nazirliyindən deyil, digər strukturlardan da gedir. Ümumiyyətlə, Nazirlər Kabinetinin bütün qərarları dövlət təşkilatlarına, nazirlik və idarələrə, o cümlədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olur. Həmin sənədlər isə rəhbəredici sənəd kimi istifadə olunur. Rəsmi sənəddə göstərilib ki, ehtiyatda və istefada olanlar da daxil olmaqla, hərbi qulluqçulara ərzaq əvəzinə pul kompensasiyası olaraq 128 manat ödənilməlidir. Lakin ƏƏSMN rəsmiləri məsuliyyətdən yayınmaq üçün belə yollara əl atırlar”.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi