Polkovnikdən Sahil Babayevə sərt mesaj: - “Bizə minnət qoyma”
Hərbçilərin pensiya artımı ilə bağlı uzun zamandır gözlədikləri qərar verildi.
Prezident İlham Əliyev "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin edəcək.
Həmçinin, Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməli və irəli gələn digər məsələləri həll etməlidir. Teref.az-ın məlumatına görə, bununla bağlı ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, yeni qərar hərbçilərin dediyi məsələ ilə bağlıdır:
“Sərəncəma əsasən əlavələri pensiyaçılar, hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və başqaları alacaq. Lakin bizim irəli sürdüyümüz tələblərin bəzilərinə Dövlət Sosial Müdafiə Fondu aydınlıq gətirməyib.
Biz orada indeksləşdirmə və 2013-cü ilin yanvarın 1-dən Nazirlər Kabinetinin qərarına əsasən, ərzaq əvəzinə pul kompensasiyasının ödənilməsi məsələsi üçün də müraciət etmişdik. Lakin Sahil Babayev deyir ki, bu sərəncam sosial müdafiənin gücləndirilməsi istiqamətində daha bir addımdır.
Ümumiyyətlə, Sahil Babayev özünü reklamla məşğul olmasın və bizə də minnət qoymasın. Çünki bu, bizim qanunla tənzimlənən hüquqlarımızdır. Nə üçün 3 ay keçəndən sonra Əmək və Əhalinin Sosial Müdafiə nazirinin bizə qarşı qayğı yadına düşdü? Nəzərə almaq lazımdır ki, son günlərdə məhkəmələrə də müraciətlərimiz olub”.
Polkovnik deyib ki, hərbi qulluqçular martın 8-dək bu məsələnin öz həllini tapmasını gözləyirdilər:
“Çünki Nazirlər Kabinetinə bu məsələlərin həll olunması ilə bağlı müraciət ünvanlamışdıq. Lakin bu müraciət yalnız indi öz həllini tapıb. Buna baxmayaraq, hələ də digər məsələlər qalıb və biz onların həlli üçün lazım olan hüquqi addımları atacağıq”.