azia.az
azia.az

“Qaçqınkom”un mənzil departamentində maxinasiyalar - İDDİA

6-10-2016, 09:07

“Qaçqınkom”un mənzil departamentində maxinasiyalar - İDDİA
Qaçqın və məcburi köçkün vətəndaşlarımızı da Akif Mirzəyevin təyinatı ilə bağlı düşündürən və narahat edən əsas məsələ bu olub ki, belə bir şəxsin məsul vəzifəyə sahiblənməsi hansı fəsadlara yol aça bilər?

Redaksiyamıza yeni daxil olmuş məlumatlarda Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin rəisi Akif Mirzəyevin fəaliyyətindən doğan narazılıqlar öz əksini tapmaqdadır. Məlum olduğu kimi, qaçqın və məcburi köçkün vətəndaşlarımızın sosial durumunun və mənzil şəraitinin yaxşılaşdırılması məsələsi ölkə rəhbərliyinin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biridir. Azərbaycanda bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlər bu gün də uğurla davam etdirilir. Məhz bu tədbirlərin sayəsində uzun illərdən bəri çadırlarda, vaqonlarda, artıq çoxdan yararsız hala gəlmiş yataqxanalarda yaşayan didərginlər, qaçqın və məcburi köçkün soydaşlarımız yeni qəsəbələrə köçürülərək normal həyat şəraiti ilə təmin olunurlar.

Bütün bu artıq məlum faktları yenidən sadalamaqda isə, bizim əlbəttə ki, bir məqsədimiz var. Məsələ bundadır ki, bütün bu pozitiv hallarla yanaşı, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin fəaliyyətində artıq uzun müddətdən bəri müşahidə olunan problemlər hələ də daxil olan şikayət ərizələrində diqqət mərkəzinə çəkilir. Məlumdur ki, bir müddət bundan əvvəl Departamentin sabiq rəisi məhz öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən tutduğu vəzifədən azad olunmuşdu. Onun yerinə isə, həmin vəzifəyə Akif Mirzəyev təyinat almışdır. Elə aldığımız məlumatlarda da ilk növbədə vurğulanan məqamlardan biri bu təyinatın məqsədəuyğunluğunun şübhə altına alınması ilə bağlıdır. Bu xüsusda açıqlama verən mənbə bildirir ki, Akif Mirzəyev hələ bu yaxınlara qədər “maşın alverçisi” kimi tanınan bir şəxsdir. Daha dəqiq desək, onun indinin özündə də bu bizneslə məşğul olmadığını təsdiqləyən heç bir dəlilimiz yoxdur. Digər tərəfdən də, Akif Mirzəyevə qarşı “Aypara” MMC adlı bir müəssisə ilə bağlı çoxsaylı maxinasiyaların həyata keçirilməsi və bu maxinasiyalar vasitəsilə külli-miqdarda vəsaitlərin mənimsənilməsi kimi ciddi ittihamlar da irəli sürülməkdədir. Qaçqın və məcburi köçkün vətəndaşlarımızı da Akif Mirzəyevin təyinatı ilə bağlı düşündürən və narahat edən əsas məsələ bu olub ki, belə bir şəxsin məsul vəzifəyə sahiblənməsi hansı fəsadlara yol aça bilər?

Amma aldığımız məlumatlardan belə qənaətə gəlmək olur ki, bu sualın da cavabı özünü çox gözlətməyəcək. Belə ki, açıqlamalara görə, vəzifəyə təyinat aldığı bir neçə ay ərzində Akif Mirzəyev artıq bir neçə qanun pozuntusuna “imza atmağa” macal tapmışdır. Mənbənin deməyinə görə, bu maxinasiyaları daha çox Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 2013-cü il tikilib istifadəyə verilmiş şəhərcikdə müşahidə etmək mümkündür.

Xatırladaq ki, ümumi ərazisi 22 hektardan ibarət bu qəsəbədə tikilmiş 20 ədəd beşmərtəbəli binada 1440 ailə və ya 5620 nəfər məcburi köçkün məskunlaşıb. Qeyd etmək lazımdır ki, bu şəhərciyə köçürülmüş ailələr Bakı Dövlət Universitetinin yataqxanalarında və Binəqədi rayonu ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmışdılar. Həmçinin qəsəbədə 1300 şagird yerlik 4 mərtəbəli nəhəng məktəb binası da tikilib. Müasir standartlara cavab verən binanda Ağdam rayon 33 nömrəli tam orta məktəb, akademik Mehdi Mehdizadə adına Cəbrayıl rayon orta məktəbi, Füzuli və Xocavənd orta məktəbləri yerləşir. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası-poliklinika, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da fəaliyyət göstərir. Burada mənzilləri istiliklə təmin etmək məqsədilə qazanxana inşa olunub ki, bu obyektlərin də işçi qüvvəsi məcburi köçkünlərdən təşkil olunub. Aldığımız məlumatlarda bildirilir ki, Akif Mirzəyev vəzifəyə gəldikdən dərhal sonra, ilk növbədə şəhərciyin ərazisində fəaliyyət göstərən kommunal xidmət obyektlərinin hamısını “ölü canlar”la təmin edib. Amma bu tədbir yeni departament direktorunun ilk, necə deyərlər, “kəşfiyyat xarakterli” addımları olub. Belə ki, mənbə bu yaxınlarda Akif Mirzəyevin maxinasiyaları barədə daha maraqlı təfərrüatlar təqdim edəcəyini bildirib...

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi