Sahibi bilinməyən bir milyard manatdan artıq vəsait aşkarlanıb - DSMF sədri
Fərdi uçotun mərkəzləşdirilməsi zamanı benefisiarı bilinməyən 1.1 mlrd manat vəsait aşkar olunaraq konkret şəxslərin hesablarına işlənililib.
Azia.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, fondun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 56 xidmət elektronlaşdırılıb, onlardan 42-si proaktiv qaydada həyata keçirilir.
Fondun xidmətlərinin elektronlaşdırılması nəticəsində ümumilikdə 500 000-dən artıq proaktiv təyinat aparılıb.
"Bu isə həmin sayda şəxsin heç bir ünvana yaxınlaşmadan öz sosial hüquqlarını reallaşdırması deməkdir.
Bütün ölkə üzrə fərdi uçot sistemi tam şəkildə mərkəzləşdirilib.
Bütün ölkə üzrə məhkəmə mübahisələrində iştirak mərkəzləşdirilib.
Bu islahat naticəsində DSMF-nin əleyhinə qüvvəyə minmiş məhkəmə qərarlarının sayı 2017-ci ildəki 12000 işdən 2021-ci ilin ilk 8 ayında 600 işə enmiş, beləliklə, məhkəmə aktları üzrə öhdəliklər 63 min. manatdan 1.7 min. manata enmişdir (uduzulmuş işlərin sayında təqribən 96 faiz, uduzulmuş işlər üzrə öhdəliklərdə təqribən 97 faiz azalma).
Bütün ölkə üzrə maliyyə və mühasibatlıq işi mərkəzləşdirilib.
Maliyyə və mühasibatlıq işinin mərkəzləşdirilməsi maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti təmin etməyə imkan vermiş, əsassız xərclərin qarşısı alınıb", - DSMF sədri deyib.