azia.az
azia.az

Xətaidə yanan binanın sakini: "Kompensasiya almamışıq"

5-07-2016, 22:40

Xətaidə yanan binanın sakini: "Kompensasiya almamışıq" Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nüşabə Hüseynova, Aydın Məmmədov ifadə verib.

N.Hüseynova ifadəsində bildirib ki, yanğın hadisəsi baş verən zaman uşaqla evdə olublar: "Tez uşaqla birgə aşağı düşdük. İkinci mərtəbədə artıq yanğından heç yer görünmürdü. Sonra uşağı aşağıda olan şəxslərin köməyi ilə binadan çıxardıq. Heç bir kompensasiya almamışıq. Evə 6 min manat dəyərində ziyan dəyib. Evə dəyən ziyan ödənilsin, başqa heç nə istəmirik. Neçə dəfə gəlib evin şəkillərini çəkiblər. Evə dəyən ziyan isə 5 min manat dəyərində göstərilib".

A.Məmmədov da evə dəyən ziyanın ödənilmədiyini deyib: "Evi təzəcə təmir etdirmişdim. Yanğından sonra 8 min manat ziyan dəyib. Heç bir kompensasiya ödənilməyib. Bizə həm mənəvi, həm də maddi ziyan dəydi. Hadisədən sonra evdə yaşamaq mümkün deyildi, buna görə də evi yenidən təmir etdirdim. Təqsirləndirilən şəxslərin heç birini tanımıram. Allah onların qapısını açsın".

Məhkəmənin növbəti iclası iyulun 12-nə təyin edilib.





Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb. Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi