Sahibkarlar bu kitabları mütləq oxusun-– SİYAHI
Biznes qurmaq yalnız maliyyə və düzgün strategiyadan ibarət deyil. Dəyişikliklərə uyğunlaşmaq, komandanı idarə etmək, yaradıcı düşünmək və uğurlu insanların təcrübəsindən öyrənmək də sahibkar üçün vacib bacarıqlardandır. Bu istiqamətdə kitablar həm yeni biznesə başlayanlar, həm də fəaliyyətini inkişaf etdirmək istəyən sahibkarlar üçün faydalı mənbə ola bilər.
Sahibkarlar üçün tövsiyə olunan kitablardan 5-ni təqdim edirik:
1. “Who Moved My Cheese?” – Spencer Johnson
Kitabın əsas mövzusu dəyişikliklərə uyğunlaşmaqdır. Müəllif göstərir ki, insanın uğur qazanması üçün dəyişiklikləri vaxtında görməsi, onları qəbul etməsi və yeni şəraitə uyğun hərəkət etməsi vacibdir.
Bu yanaşma xüsusilə sahibkarlar üçün aktualdır. Çünki bazar şərtləri, müştəri davranışları və biznes modelləri daim dəyişir.
2. “The Leadership Challenge” – James Kouzes və Barry Posner
Kitab liderlik və komanda idarəçiliyinə həsr olunub. Müəlliflər müxtəlif təcrübələr əsasında effektiv liderliyin prinsiplərini izah edirlər.
Əsas məqamlardan biri insanları ortaq məqsəd ətrafında birləşdirmək və onları həmin məqsədə çatmaq üçün motivasiya etməkdir. Kitab xüsusilə komanda quran və idarəçilik bacarıqlarını inkişaf etdirmək istəyən sahibkarlar üçün nəzərdə tutulub.
3. “Creativity, Inc.” – Ed Catmull
“Pixar”ın həmtəsisçisi Ed Catmullun kitabında biznesdə yaradıcılığın necə qorunması və inkişaf etdirilməsi məsələlərindən danışılır.
Kitabda yeni ideyaların qarşısındakı maneələr, yaradıcı komandanın idarə olunması və şirkət daxilində innovativ mühitin yaradılması ilə bağlı təcrübələr təqdim edilir. Müəllif biznes idarəçiliyinin real çətinliklərinə də toxunur.
4. “Steve Jobs” – Walter Isaacson
Walter Isaacsonun qələmə aldığı bu bioqrafiya “Apple”ın həmtəsisçisi Steve Jobsun həyat və fəaliyyətindən bəhs edir.
Kitab Jobsun biznesə yanaşmasını, məhsullara verdiyi önəmi, innovasiyaya münasibətini və şirkət quruculuğu prosesində üzləşdiyi çətinlikləri əhatə edir. Sahibkarlar burada həm uğurlu qərarlardan, həm də problemlər və səhvlərdən nəticə çıxarmaq imkanı əldə edə bilərlər.
5. “The Beach” – Alex Garland
Siyahıdakı digər kitablardan fərqli olaraq, “The Beach” biznes kitabı deyil, bədii əsərdir. Lakin sahibkar üçün davamlı işləməklə yanaşı, istirahət etmək və yeni təəssüratlar qazanmaq da əhəmiyyətlidir.
Daim yüksək iş yükü altında olmaq yaradıcı düşüncəyə mənfi təsir göstərə bilər. Bədii ədəbiyyat, səyahət və yeni təcrübələr isə insanın gündəlik iş rejimindən uzaqlaşmasına və fərqli düşünməsinə kömək edə bilər.
Ümumilikdə, sahibkar üçün kitab oxumağın əsas üstünlüklərindən biri başqalarının illər ərzində qazandığı təcrübə ilə tanış olmaqdır. Liderlikdən yaradıcılığa, dəyişikliklərə uyğunlaşmaqdan şəxsi inkişafadək müxtəlif mövzularda kitablar biznes qərarlarına fərqli perspektivdən yanaşmağa imkan verir.
Tənzilə Ağabalayeva