Bu məhsulların Azərbaycana gətirilməsi qadağan ediləcək - SİYAHI
Geni dəyişdirilmiş çay və taxıl məhsullarının ölkəyə gətirilməsi qadağan edilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Çayçılıq haqqında” və “Taxıl haqqında” qanuna əlavə və dəyişiklik təklif edilir.
“Çayçılıq haqqında” qanununa təklif edilən 10.3-cü maddəyə görə, “Çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir”.
Qanunun 8.3-cü maddəsinə təklif olunan bəndə görə də “Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir”.
“Taxıl haqqında” qanuna təklif edilən 6.8-ci maddədə isə qeyd olunur ki, “Taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir”.
Qanuna təklif olunan 11.5-ci maddəyə görə isə, “Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir”.
Hər iki layihənin qeyd hissəsində deyilir ki, qadağanın pozulması Cinayət və İnzibati Xətalar məcəllələri ilə məsuliyyət yaradacaq.
Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.