Pirallahı adasında ekoloji pozuntular aşkarlanıb
“Pirallahı adasında keçirilən monitorinq zamanı adada formalaşan tullantı suların idarə edilməməsi aşkarlanıb”.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib. Bülletendə qeyd edilib ki, adada yerləşən tullantı suların ötürücü xətlərində, bütün köməkçi nasosxanalarda və Bioloji Təmizləyici Qurğuda (BTQ) yenidənqurma işləri aparılmasına və təkrar istismara verilməsinə baxmayaraq, köhnə problemlər yenə də qalmaqdadır: “Formalaşan tullantı suların BTQ-yə nəqli üçün qurulmuş nasosxanalar lazımi qaydada istismar olunmur. Bu səbəbdən tullantı suları qurğuya ötürülmədiyindən nasosxanaların qəza xətləri vasitəsi ilə adanın sahil zolağında birbaşa relyefə və Xəzər dənizinə axıdılır”.
“Qeyd edilən problemlərin həll edilməsi məqsədi ilə 2007-2008-ci illərdə ARDNŞ tərəfindən tullantı suların yığılması və nasoslar vasitəsilə təmizləyici qurğuya ötürülməsi üçün Pirallahı adasında sahil xətti boyunca nasosxanalar inşa edilmişdir. İnşa edilmiş həmin nasosxanalar hazırda “Azərsu” ASC-nin balansındadır. Keçirilən monitorinq zamanı nasosxanalarda da ekoloji baxımdan qanun pozuntuları aşkar edilib. Sözügedən nasosxanaların iş prinsipi adada formalaşan tullantı suları qəbul edərək nasoslar vasitəsilə təmizlənməsi üçün BTQ-yə yönəldilməsi olduğu halda, heç bir səbəb olmadan fəaliyyətləri dayandırılaraq tullantı suları nasosxanaların qəza xətti ilə birbaşa sahil xəttinə və ordan da dənizə axıdılır. Nəticədə, sahil zolağının relyefinin pozulması ilə yanaşı çirkab gölməçələr də yaranır. Adanın ekosisteminə mənfi təsir göstərən gölməçələrin sahil zolağında bu şəkildə cəmləşməsi il boyu, xüsusilə də isti yay aylarında ətraf ərazidə üfunətin yaranması ilə nəticələnir. Belə hal əhalinin səhhəti baxımından da ciddi təhlükələr yaradır. Hər addımda rast gəlinən çirkab gölməçələr infeksion xəstəliklər mənbəyi rolunda çıxış edir. Məlum problem həmçinin, ətraf ərazinin hədsiz çirklənməsinə səbəb olur ki, bu da ekoloji baxımdan arzuedilməzdir”- deyə bülletendə qeyd edilib.