azia.az
azia.az

Söyüş söymək - mənəviyyata ziyan, sağlamlığa faydalı...

29-07-2019, 09:47

Söyüş söymək - mənəviyyata ziyan, sağlamlığa faydalı...
Azad İsazadə: “Fərqli cəmiyyətlərdə eyni davranış normal və yaxud patoloji qarşılana bilər, bunu nəzərə almaq lazımdır”
Ukraynanın səhiyyə naziri Ulyana Suprun hesab edir ki, müəyyən hallarda söyüşdən istifadə etmək söyən adamın sağlamlığına müsbət təsir göstərə bilər. BBC xəbər verir ki, bu sözləri deputat Olha Bohomoletsin təklif etdiyi yeni qanun layihəsini şərh edərkən deyib. Həmin qanun layihəsinin məqsədi ictimai xadimlərin media vasitələrində söyüşdən istifadə etməyin qarşısını almaqdır. Təklif olunan qanun layihəsində televiziya vasitəsilə və ya ictimaiyyət qarşısında çıxışlar zamanı söyüş işlədilməsinə görə 1275 Ukrayna qrivni məbləğində ($49) cərimə nəzərdə tutulur.

Lakin doktor Suprun hesab edir ki, ekstremal vəziyyətlərdə “söyüşdən istifadə etmək insanların bir-birinə yaxın olduğundan və onların arasında yaxşı emosional əlaqələrin qurulmasından xəbər verir”.

O əlavə edib ki, insanlar ədəbsiz sözlərin işlədilməməsindən daha çox aqressiv hisslərə qapılmamaq barədə düşünməlidirlər. Səhiyyə nazirinin facebook səhifəsindəki postuna 21000-dən çox reaksiya bildirilib. Ən populyar şərhlərdən biri 2700-dən çox izləyici tərəfindən bəyənilib. Bir çox digər istifadəçilər isə söyüş söymək üçün müəyyən yerlərin ayrılmasını təklif ediblər.

Jurnalist Yevhen Mucıri isə ofislərdə, restoranlarda və digər ictimai yerlərdə “söyüş otaqlarının qurulmasını” təklif edib.

Qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə söyüş söyməyin sağlamlığa müsbət təsir göstərdiyi barədə iddialar olub. Halbuki dünyanın hər bir yerində insanlara söyüş söyməyin ictimai baxımdan yolverilməz olduğu aşılanıb.

Ötən il Britaniyanın Brayton Psixoloji Cəmiyyətinin həkimləri söyüş söyməyin adamı daha da güclü etdiyi barədə iddialar səsləndirmişdilər. Onların fikrincə, idmançılar yarış öncəsi əzələlərini söyüşlə “dolduranda” daha da güclü olurlar.

İngiltərənin Keele Universitetindən Riçard Stivens da eyni fikirlə çıxış edib. O deyib ki, söyüş söymək sağlamlığa xeyirdir. Yəni söyüş söyməyin ruh sağlığına qatdığı müsbət təsir elmi cəhətdən təsdiqlənib.

R.Stivens onu da iddia edir ki, söyüş söymək təcavüzkar davranışları daha da artırır. Bu cür davranışlarsa insanı olduğundan daha güclü göstərir.

Ekspertlər həmçinin bildirir ki, söyüş söymək sayəsində şiddətə müraciət etmədən hirsi soyutmaq mümkündür. Əslində bayıra çıxmaq istəyən o şiddəti nisbətən daha zərərsiz bir kanala yönləndirir və neqativ hisslər sözlə çıxarılır.

Daha bir iddiaya görə, söyüş söymək həm də qan dövranını artırır, endofrin və serotoninin səviyyələrini yüksəldir, insanın sakitləşdirilməsi, duruma hakim olmasına yardım etməsi və özünü daha yaxşı hiss etdirməsinə səbəb olur.

Sidney Universitetində isə Monika Bednarek Amerikada hit olan bir çox filmin niyə bu qədər izləndiyini araşdırıb. Monika Bednareke görə bunun səbəbi, insanların həmin filmlərdə özlərindən daha artıq şey tapması idi. Həmin filmlərin hər bölümündə ortalama 100 dəfə söyüş söyülür.

Lakin psixoloqlar bildirir ki, söyüş söymək bir xasiyyət olaraq əsla xarakterə yerləşməməlidir. Çünki bu halda şəxsin ətrafı hər zaman neqativ vəziyyətlə əhatələnir.

Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb: “Ola bilər ki, söyüş söyən insana bu müsbət təsir göstərsin. Bəs söyülən tərəf? Axı həmin şəxs də stressə girir, mənfi enerji onun üzərinə tökülür. Üstəlik, söyüş söyəndə ətrafdakı digər insanlar da eşidir, onlara da neqativ enerji ötürülür. Onların bəs günahı nədir ki, neqativ enerji alır?

Bir nümunə deyə bilərəm. Tutaq ki, zəhərlənmə və yaxud digər halda qaytarmağımız lazım gəlir. Bunu məgər hər kəsin içində edirik? Gedib hamam otağında qaytarır və təmizlənirik. Təsəvvür edin, bunu hər kəsin yanında edir və başqalarını da çirkləndiririk. Təxminən ictimai yerdə söyüş söymək buna bənzəyir. Əgər daxilimiz çirklənibsə, onu kənarda təmizləməliyik".

Psixoloq qeyd etdi ki, bununla bağlı dünyanın bəzi ölkələrində xüsusi məkanlar var:

“Məsələn, Yaponiyada belə bir məşq zalı var - narazı insan ora gedir və daxilindəki neqativ enerjini tökür. Hətta rəhbərlikdən olan şəxslərin, müdirlərin şəkli vurulur, sən onu da söyə, qələmlə yaza, vura da bilərsən. Beləliklə, yazılan və yazılmayan davranış qaydaları var.

Əgər söyüş söymək xeyirlidirsə, deməli, nə vaxtsa polis əməkdaşını da söyə bilərik? Əlbəttə ki, xeyr, buna görə cinayət işi düşür. İnsan öz emosiyasını idarə etməyi bacarmalı və özünü layiqli aparmalıdır".

Psixoloq sovet dönəmində söyüş anlayışına həssaslıqla yanaşıldığını da diqqətə çatdırıb:

“Məlum olduğu kimi, Rusiyada ana söyüşü adi qarşılanır. Eləcə də bu vəziyyət sovet dövründə də var idi. Lakin sovet ordusunda bu məsələyə həssaslıqla yanaşırdılar. Çünki Qafqaz ölkələri və Orta Asiyadan gələn əsgərlər ana söyüşünü çox pis qarşılayırdı və bu, yolverilməz hesab olunurdu. Hətta olurdu ki, ana söyüşünə görə əsgərlə zabit arasında dava yaşanırdı. Buna görə zabitlərə əvvəlcədən xəbərdarlıq olunurdu ki, Qafqaz və Orta Asiya ölkələrindən gələn əsgərlərlə bu mövzuda həssas yanaşılsın, çünki qarşısındakı bu davranışı adi qəbul etməyə bilər. Yəni kimlər üçünsə bir davranış adi qəbul edilirsə, başqası onu qeyri-adi qarşılaya bilər. Məsələn, bizdə məclisdə dəsmalla burun təmizləmək ayıb sayılır, Avropada isə əksinə. Beləliklə, fərqli cəmiyyətlərdə eyni davranış normal və yaxud patoloji qarşılana bilər. Bunu nəzərə almaq lazımdır”.

Qeyd edək ki, bəzi ölkələrdə ictimai yerdə söyüş söymək qanunla qadağandır. Məsələn, Qırğızıstanda 2017-ci ildə çıxarılmış qərara əsasən ictimai yerdə söyüş söyən şəxslər cərimələnir. Cərimənin məbləği isə 15-45 dollar arasındadır. Cəriməni ödəməyən şəxs 8-10 gün müddətinə həbs olunur.

Eləcə də bir neçə il bundan əvvəl Rusiyada ictimai yerlərdə, o cümlədən kinoda, teatrda, ədəbiyyatda söyüş işlədilməsi qadağan edilib. Hətta yaradıcı insanlar bununla bağlı müxtəlif şəhərlərdə “söyüşlə vida mərsimləri də keçiriblər. Həmin mərasimlərdə ilk öncə rus klassiklərinin əsərlərindəki söyüş işlədilmiş parçalar oxunub, sonda söyüşün xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Beləliklə, Rusiyada mediada söyüşə görə vətəndaşlar 3 min rubla qədər, vəzifəli şəxslər 20 min rubla qədər, hüquqi şəxslər isə 200 min rubla qədər cərimələnir.

Xalidə GƏRAY,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi