azia.az
azia.az

Əfvə düşüb, dişi sındırılan təbliğat maşını - xəyanət çetesi iflic durumda

19-03-2019, 17:18


İki ay öncə bu gün(lər) cəmiyyətin gözü müxalifətdə idi. Milli Şura “Məhsul” stadionunda mitinq təyin etmişdi. Mehman Hüseynovun adı ətrafında başladılan və “Vaşinqton Post” qəzetinin manşetinə, Avropanın siyasi təşkilatlarının tribunalarına qədər gedib çıxan təbliğat kampaniyası müxalifətimizin çörəyinə yağ sürtməkdə idi.
Mehmanın adı və məsum görünüşlü fotosu ilə mitinq təbliğatı aparan müxalifət meydana son 15 ildə ən çox adam yığa bilmişdi. Bir yandan da ABŞ, Avropa Mehman Hüseynovla bağlı rəsmi Bakıya görünməmiş və həm də anlaşılmayan formada təzyiq göstərirdi. Sosial şəbəkələrdə də Mehmanın təbliğatı pik həddə çatdırılmışdı. Bu gənc bloger çoxları üçün çörək ağacına çevrilmişdi. Fürsətçilər əllərinə keçən məqamı dəyərləndirdilər.
Yazıçı Süleyman Rəhimovun ssenarisi əsasında çəkilmiş “Qanun naminə” filmində əsərin qəhrəmanı gənc prokuror Mehmanın ətrafına yığışmış sürtük “qaloş”lar, kələkbaz “murtuzov”lar, talançı “anbardar məmmədxan”lar, başıboş “Kamilov”lar bu dəfə başqa formada zühur etmişdilər. Müasir “qaloşlar” müdafiə adı ilə əslində Mehmanın həbsdən çıxmasına qarşı idilər. Özlərinin hakimiyyətə qarşı mübarizə aparmağa resursları qalmadığından, tükəndiklərindən, hər mərhələdə mütləq bir qurbanlıq gənci əllərinə keçirib, onun siyasi cəsədini başları üzərinə qaldırıb, iqtidara qarşı savaş görüntüsü yaradırlar. Bununla da var olduqlarını isbatlamağa çalışırlar.
Üstündən iki ay keçir. Düz iki ay. Hazırkı mənzərəyə baxıb, nə görürük? Vəziyyət kökündən dəyişib.
Hakimiyyət iki ay öncə bu günlər tam müdafiə mövqeyinə çəkilmişdisə, bu gün bir neçə addımla ictimai rəğbəti tam qazana bilib. Təşəbbüs artıq hakim düşərgədədir. Üstəlik, qeyri-adekvat müxalifəti, onun orbitindəki xəyanət çetesini tam iflic duruma salıb.
Sonuncu əfv fərmanı isə bu addımların ən parlağı oldu. Ölkə prezidentinin əfvi əslində hakimiyyətə və Azərbaycana qarşı xain mövqe tutan ayrı-ayrı maraq qruplarının illərdən bəri davam edən təbliğat maşınının dişlərini sındırdı. İndi bu adamların bütün danışıqları dişsiz adamın qüsurlu və gülməli nitqini xatırladır...
Hazırda ictimai düşüncədə bir sual yaranıb: görəsən, hakimiyyət bu qədər siyasi məhbusu azadlığa buraxıb, ölkədə siyasi mühiti, mübarizəni aktivləşdirmək istəyir, yoxsa xarici təzyiqlərin fonunda bu addımı atmağa məcbur oldu?Əfvə düşüb, dişi sındırılan təbliğat maşını - xəyanət çetesi iflic durumda
Əslində ortada olan prezidentin iradəsidir. O, ölkəsinin siyasi həyatına yeni çəki-düzən vermək niyyətindədir. Yəqin bu qədər siyasi iddialı adamları içəridən buraxıb, normal, fəqət sərt bir siyasi rəqabət ortamı yaratmağa çalışır. Mümkündür ki, hakimiyyətin son addımları həm də Avropadakı söyüş makinalarının əhəmiyyətini azaltmağa hesablanıb. Bu uzun və əziyyətli, həmçinin olduqca çətin işi prezident İlham Əliyevdən başqa kimsənin bacaracağı da mümkün deyil. Görünən budur ki, İlham Əliyev ölkəsinə normal, əxlaqlı, söyüşsüz siyasi mübarizə gətirmək fikrindədir. Ona görə də Əli İnsanovu azadlığa buraxmaqda, Əli Kərimlinin müavinlərini, qaynını əfv etməkdə heç bir tərəddüd yaşamadı. Və ən doğrusunu yapdı. Açdı, buraxdı onu hədələyən bütün siyasiləri.
Bir maraqlı məqama da toxunmağı vacib bilirik. Son əfvdən sonra müxalifət düşərgəsində rəqabət mühiti xeyli artacaq. Ən fərqli maraq daşıyıcıları çıxıb türmədən. Onlar içəridə olanda vahid görünürdülər, müttəfiq idilər, mitinqlərdə Əli İnsanovu “qardaşımız” deyə, əzizləyir, xatırlayırdılar. İndi çox keçməz, bu adamlar hakimiyyətin üstünə gəlmək əvəzinə, bir-birinə saldırar. “Mən səndən daha əsil müxalifətəm” yarışına girərlər. Bu, Əli İnsanov türmədən çıxan gün özünü büruzə verdi. Üstündən bir gün keçmiş AXCP sədri Əli Kərimli də İnsanova tikanlı cavab verdi. Onu “yaşlı adam” adlandırıb, aşağıladı, ələ saldı.
Bu hakimiyyət illərlə siyasi rəqiblərini gözündə həddən artıq böyütdü. İlqar Məmmədovu həbsdə saxlamaqla üzərinə yersiz təzyiqlər aldı. Adam bir çıxdı, hər kəsi özünə güldürdü. Əli İnsanovun da sayəsində dodağımız hələ çox qaçacaq. Ağsaqqal indidən başlayıb zatən...
Birindən soruşurlar, ən ağıllınız hansınızsınız? Cavab verir ki, qabaqda gedən zəncirli.
Azər AYXAN


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi