azia.az
azia.az

QHT sədri: Bakı ilə Vaşinqton arasında yenidən sağlam əməkdaşlıq qurulacaq

Dünən, 21:44

Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi beynəlxalq münasibətlər sistemində mühüm dəyişikliklərlə yadda qalmaqdadır. Tramp birinci hakimiyyəti dövründə Azərbaycanın enerji təhlükəsizliyi, regional sabitlik və strateji tərəfdaşlıq istiqamətindəki rolunu dəstəkləyirdi. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinə verdiyi dəstək və Azərbaycana qarşı balanslı siyasət yürütməsi Bakı-Vaşinqton əlaqələrinin möhkəmlənməsinə xidmət edirdi. Lakin Co Bayden hakimiyyətə gəldikdən sonra ABŞ-ın Azərbaycana münasibətində ciddi dəyişikliklər baş verdi. Bayden administrasiyası birtərəfli mövqe tutaraq, Ermənistanın maraqlarını açıq şəkildə müdafiə etdi. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü bərpa etməsinə baxmayaraq, Vaşinqton İrəvana siyasi və iqtisadi dəstəyi artırdı. Bu münasibət təkcə dəstəklə məhdudlaşmadı, müxtəlif rəsmilərin bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik əks olundu. Bu yanaşma Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərdi və strateji əməkdaşlığı zəiflətdi. Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsi əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Bu imkanlar xüsusilə ABŞ-ın Cənubi Qafqazda daha balanslı və ədalətli siyasət yürüdəcəyi ilə bağlı gözləntilərlə bağlıdır. İlk növbədə, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etməsi və postmüharibə dövründə həyata keçirdiyi quruculuq işlərinə beynəlxalq hüquqa əsaslanan münasibət sərgilənməsi vacibdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib

O bildirib ki, eyni zamanda, ABŞ Konqresinin “Azadlığı Müdafiə Aktına” edilən 907-ci düzəliş məsələsi ikitərəfli münasibətlərdə xüsusi önəm daşıyır. Qeyd edək ki, bu düzəliş Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edir. 2001-ci ildə Senat bu düzəlişin icrasını dayandırmaq üçün ABŞ Prezidentinə səlahiyyət vermişdi. Lakin Bayden administrasiyası hakimiyyətinin son illərində “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddətini növbəti dəfə uzatmadı. Azərbaycanın bu məsələdə mövqeyi yardım almaq deyil, ona qarşı tətbiq edilən ədalətsiz məhdudiyyətlərin və münasibətlərin aradan qaldırılması ilə bağlıdır. Çünki sözügedən qadağa Azərbaycan hökumətinin Ermənistana və qondarma “Dağlıq Qarabağa” qarşı guya blokada tətbiq etməsi iddiası ilə əsaslandırılırdı. Halbuki həmin dövrdə Azərbaycanın ərazilərinin 20 faizi məhz Ermənistan tərəfindən işğal edilmişdi. Bu baxımdan, Tramp administrasiyasından bu istiqamətdə müsbət addımlar atacağı gözlənilir. Çünki 2017-2021-ci illərdə Vaşinqton tərəfindən Bakıya eyni münasibət sərgilənib.

QHT sədri deyib ki, münasibətlərdə mühüm irəliləyişin olması üçün də vacib əsaslar var. Bayden administrasiyasından fərqli olaraq, Tramp ABŞ-ın qlobal maraqlarının olmadığı məsələlərdə daha konstruktiv mövqe sərgiləyir. İkinci vacib məqam isə ondan ibarətdir ki, Tramp haqlı olaraq Bayden administrasiyasının uğursuz siyasi gedişlərinin əksinə addımlar atır. Xatırlasaq görərik ki, sonuncu demokratın hakimiyyəti dövründə Cənubi Qafqazda aparılan siyasət sırf ermənipərəst mövqeyə əsaslanıb. Bu siyasət nə ABŞ-ın dövlət maraqlarına, nə də Azərbaycan ilə Ermənistan arasındakı davamlı və etibarlı sülh mühitinə xidmət edib. Eyni zamanda, bu siyasət regionun digər dövləti olan Gürcüstanı da özündən uzaqlaşdırıb. Bu siyasətin açıq təzahürü Bayden hakimiyyətinin son günlərində Ermənistan ilə ABŞ arasında imzalanan “Strateji Tərəfdaşlıq Sənədi” oldu. Bu, həm ABŞ-ın demokratların Cənubi Qafqaz siyasətinin iflasını, həm də balanssız yanaşmanın nəticələrini nümayiş etdirirdi. Qeyd olunan bütün amillər göstərir ki, ABŞ-ın yeni administrasiyası Cənubi Qafqazla bağlı yeni siyasi kurs formalaşdıracaq. Azərbaycan dövləti hər zaman bərabərhüquqlu münasibətləri dəstəkləyib. Bu baxımdan Azərbaycan da, heç şübhəsiz, Bayden-Blinken cütlüyü dövründə yaşanan problemləri kənara qoyaraq, yeni administrasiya ilə uğurlu əməkdaşlıq qurmağı məqsədəuyğun hesab edir.

“Hesab edirəm ki, qarşıdakı illər ərzində Bakı ilə Vaşinqton arasında yenidən sağlam əməkdaşlıq qurulacaq. Azərbaycan və ABŞ strateji dialoqu inkişaf etdirərək regional sabitliyin gücləndirilməsi, enerji təhlükəsizliyi sahələrində daha sıx əməkdaşlığa nail ola bilərlər. Bu çərçivədə ikitərəfli münasibətlərin qarşılıqlı maraqlara əsaslanan konstruktiv platformaya çevrilməsi mümkündür”, - deyə C.Hüseynzadə əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi