azia.az
azia.az

İran və İsrail arasındakı hərarət daha da artacaq! - POLİTOLOQ AÇIQLADI

2-10-2024, 17:41

İsrailin Livandakı quru əməliyyatı davam edərkən, İran dünən gecə cavab hücumu edib. Bu hücumdan sonra İsrail Livanın paytaxtı Beyrutun cənubunda Hizbullahın qalası olaraq xarakterizə edilən Dahiye bölgəsində bir çox məhəllələrə 12 hava hücumu həyata keçirib. Dünən axşam saatlarında İran son illərdə İsrailə qarşı  ən ağır və əhatəli raket hücumunu həyata keçirib. Axşam saatlarında İsrail ordusu İrandan raketlərin atıldığını və mülki şəxslərin bomba sığınacaqlarına daxil olduğunu açıqlayıb. İsrail ordusunun radiosu İrandan 200-ə yaxın raket atıldığını da bildirib.

Bəs, bu hücumlar davam edəcəkmi, dünyanı nə gözləyir?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Ərəstun Oruclu deyib ki, hələ eskalasiya gözlənilir. Çünki, burada söhbət təkcə iki dövlətin bir-birinə olan qarşılıqlı həmlələrindən və ya İranın İsraili, İsrailin İranı təhdid etməsindən getmir. Əgər, ümumi atılan addımlar konteksində baxsaq, görərik ki, İran İsrailin ətrafında öz proksi qüvvələrini yaradıb və İsraili təhdid edib. İndi isə İsrail həmin qüvvələri zərərsizləşdirməklə və İranın təsirini zəiflətməklə məşğuldur. Ancaq bu məsələnin yalnız bir tərəfidir:


"Artıq bir sıra amerikalı, avropalı ekspertlər də açıq şəkildə etiraf edirlər ki, bu gün İsrailin vəziyyəti gərginləşdirməkdə məqsədi Amerikadakı seçkilərin nəticələrinə təsir etməkdir. Məsələ burasındadır ki, İran və İsrail arasında hərbi qarşıdurma açıq müharibəyə keçəcəyi halda ABŞ-nin müttəfiq kimi İsrailə dəstəyi qaçınılmaz olacaq. Bu halda da Amerikada müharibə əleyhinə olan, İsrailin siyasətinə tənqidi yanaşan demokratların böyük bir hissəsi demokrat namizədi dəstəkləmiyə bilər. Nəzərə alsaq ki, Amerikada demokrat və respublikaçı namizəd arasındakı səs fərqi çox cuzidir, bu da son anda situatsiyanı Donald Trampın xeyrinə dəyişə bilər. Onu da qeyd edim ki, bütün bu münaqişələrin kökü Tramp prezident olduğu dönəmdə qoyulub. Onun İsralin paytaxtının Yerusəlimə köçürülmə məsələsini gündəmə gətirməsi və Amerika səfirliyinin oraya köşürməsi bölgə ilə bağlı Beynəlxalq qanunvericiliyə tamamilə zidd idi. Həmçinin, İsrailin işğal etdiyi qalan yüksəkliklərin, yəni, Suriyanın bir hissəsinin İsrail ərazisi kimi tanıması da vəziyyəti gərginləşdirən amillərdəndir. Nəhayət, uzun illərin nəticəsi olan 5 tərəfli - BMT Təhlükəsizlik Şurasının daim üzvləri olan ölkələr, Almaniya və İran arasında imzalanmış nüvə sazişindən çıxması bugünkü qarşıdurmalara yol açıb".

Trampın bu gün də spekulyasiya etdiyini bildirən politoloq qeyd edib ki, o hakimiyyətə gəlməyə çalışır və Netanyahu da onun tərəfdaşıdır:

"Nə qədər ki, ABŞ seçkiləri baş tutmayıb iki dövlət (İran və İsrail) arasındakı gərginlik nəinki davam edə, eyni zamanda hərarət daha da yüksələ bilər".

Günel Məlikzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi