İsrail Azərbaycanla əlaqələri niyə gücləndirir? - İNCƏLƏMƏ...
İranla nüvə sazişinin yaxınlaşdığını göstərən bütün əlamətlərə görə İsrail Tehrana meydan oxumaq üçün yeni yollar axtarır, o cümlədən İranın şimal qonşusu Azərbaycanla müdafiə əlaqələrini gücləndirməklə.
Azia.az reyting.az-a istinadla xəbər verir ki, bu barədə “Breaking Defence” yazıb.
Təhlildə qeyd olunur:
İsrail “Mossad”ının rəhbəri David Barneanın bu həftə Vaşinqtona səfəri də daxil olmaqla, yeni nüvə sazişinin imzalanmasının qarşısını almaq üçün Qüdsdən hələ də səylər davam etsə də, İsrail hökuməti arasında bu son dəqiqə cəhdlərinin məhsuldar olacağına ümid yoxdur.
Barneanın mesajı, keçən həftə açıq şəkildə potensial yeni razılaşmanı İsrail üçün “strateji fəlakət” adlandırmasından sonra sürpriz olmayacaq. İsrail mətbuatı bildirib ki, Barnea öz ifadəsinə görə töhmət alıb. Bu, rəsmi Qedsün fikirlərinin dəqiq ifadəsi ola bilər, lakin İsrailin baş naziri Yair Lapid və müdafiə naziri Benni Qantsın açıqlamalarına uyğun gəlmir.
Buna baxmayaraq, İsrail öz variantlarını hazırlayır. Məsələn, ötən həftə İsrail Hərbi Hava Qüvvələrinə məxsus “F-35”-in İranın hava məkanında uçması, ehtimal ki, İranın erkən xəbərdarlıq sistemlərini dəyərləndirməsi ilə bağlı xəbərlər yayılıb. Amma İsrailin nəzərdən keçirdiyi birbaşa variantlar da var ki, bu zaman ortaya Azərbaycan çıxır.
İranla təqribən 420 mil uzunluğunda sərhədi paylaşan iki ölkə bu illər ərzində yaxşı-pis əlaqələrə malik olub. İndi Qüds Bakı ilə Tehran arasındakı gizli gərginlikdən öz məqsədləri üçün istifadəyə ümid edir.
İsrailin müdafiə qurumu Azərbaycanın İranla gələcək münaqişədə İsrailə necə kömək edə biləcəyini rəsmi olaraq şərh etmir. Bir müdafiə mənbəsi “Breaking Defense”-ə deyib: "Bu, çox həssas məsələdir və bu barədə sussaq, yaxşı olar". Anonimlik şərti ilə “Breaking Defence”ə danışan keçmiş İsrail müdafiə rəsmisi İsrail və Azərbaycan arasında sıx müdafiə əlaqələrinin əhəmiyyətinin “ən yüksək səviyyədə” olduğunu, lakin daha ətraflı məlumat verməyəcəyini söyləyib.
Müzakirələrin sıx xarakterinə baxmayaraq, aydındır ki, Azərbaycanla sıx müdafiə münasibətləri İsrailə bəzi potensial faydalar təklif edir, o cümlədən Azərbaycan torpaqlarında sensorların yerləşdirilməsi və ya İranla uzun sərhədindən istifadə edərək xüsusi bölmələrin İrana daha yaxşı nüfuz etməsini təmin etmək. Azərbaycan həm də nəzəri olaraq, lazım gələrsə, İsrail təyyarələrinin İran ərazisinə daxil olması üçün öz hava məkanını təklif edə bilər.
İki ölkə arasında müdafiə əlaqələri yeni deyil, Azərbaycan illər boyu İsrail istehsalı olan silah sistemləri üçün etibarlı müştəridir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırması göstərir ki, 2011-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 27 faizi İsrailin payına düşüb. 2016-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 69 faizi İsrailin payına düşüb ki, bu da həmin dövr üçün İsrailin silah ixracının 17 faizini təşkil edir.
Hazırda Azərbaycanın istifadə etdiyi sistemlər arasında 2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş Dağlıq Qarabağ müharibəsi zamanı gözə çarpan şəkildə uğur qazanmış sursatlar da var. 2018-ci ildə azərbaycanlılar “Elbit SkyStriker” sistemi əldə ediblər; İsrail şirkəti həmin vaxt müqavilə ilə bağlı şərh verməkdən imtina edib. Azərilər keçmişdə “İsrail Aerospace Industrie”s (IAI) tərəfindən istehsal olunan başqa bir silah sistemi olan “Harop” da alıblar. Həmçinin, IAI-nin “Lora” uzunmənzilli “yer-yerə” dəqiqlikli raketini.
Keçən il İsrailin müdafiə şirkəti “Meteor Aerospace” Azərbaycanda “Caspian Ship Building Company” (CSBC) ilə əməkdaşlıq edərək, xüsusi olaraq yerli müdafiə müqavilələrini yerinə yetirmək üçün “Caspian Meteor” adlı yeni yerli birgə müəssisə yaradıb.
Lakin əlaqələr sadəcə sənaye-müştəri münasibətindən daha dərinə gedir. Azərbaycan Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynovun hazırladığı və Moşe Dayan Mərkəzinin saytında dərc edilən araşdırmaya görə, əksəriyyəti şiə müsəlman ölkə olmasına baxmayaraq, Azərbaycanda uzun müddətdir mövcud olan yəhudi icması var.
Hüseynov yazır ki, əslində, 2020-ci ilin noyabrında Azərbaycan Ermənistan üzərində qələbəsini elan edəndə izdihamın arasında İsrail bayraqları görünüb. Öz növbəsində, İsrail indi neft idxalında böyük ölçüdə Azərbaycana güvənir.
O yazır ki, hər iki xalq İranın raket proqramına qarşı həssasdır.
"Bakı, adətən, Azərbaycan-İsrail tərəfdaşlığının üçüncü tərəfə qarşı qurulmadığını bəyan etsə də, İslam Respublikası özünü həm narahat, həm də zəif hiss edir, - deyə Hüseynov yazır. – Əksəriyyəti şiə olan bir xalqın yəhudi dövləti ilə əla münasibətlər qurması faktını qəbul etmək Tehran rejimi üçün psixoloji baxımdan da çətindir. Buna görə də İranın yüksək səviyyəli hakimiyyət orqanlarının Azərbaycana qarşı təhdidləri 1990-cı illərin ortalarından etibarən kifayət qədər adi hala çevrilib.
“2021-ci ilin sentyabrında İran tərəfi Azərbaycan sərhədi boyunca minlərlə hərbçi toplayıb və böyük hərbi təlim keçirib. Təhlükə Bakının dərhal reaksiyasına səbəb olub. Prezident İlham Əliyev kameralar qarşısında İsrail istehsalı olan “Harop” kamikadze pilotsuz uçan aparatını yumşaq bir şəkildə sığallamaqla Tehrana mesaj göndərib”.
İranlılar Azərbaycanla İsrail arasında sıx əlaqələrdən xəbərdardırlar və müxtəlif məqamlarda Tehranın diqqət yetirdiyini açıq şəkildə bəyan ediblər. İranın Azərbaycan Respublikasındakı səfiri “Tehran Times” qəzetində dərc olunan son müsahibəsində İranın bəzi narahatlığını dilə gətirib.
“Biz şübhə edirik ki, onların (İsrailin) xüsusi kəşfiyyatı, təhlükəsizliyi və bəlkə də bizim nəzarətimiz altında olan etdiklərinin arxasında təxribat törətmək niyyəti var. Biz lazımi şikayətləri, azərilərə lazımi xəbərdarlıqları etdik və Azərbaycan Respublikasının müxtəlif səviyyəli rəsmiləri bizi əmin etdilər ki, Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikasının milli maraqlarına zidd heç bir şey olmayacaq”.