“Ermənistan prosesi ləngitsə xoşagəlməz hallarla üzləşəcək” - deputat
“Ermənistan rəhbərliyi Azərbaycanla bağlı siyasətində normal addımlar atmalı, görüşlərə maraq göstərməli, real danışıqlar aparmalıdır. Çünki Ermənistan prosesi ləngidə bilməyəcək. Onlar oyunlar oynayır, uzun müddətdir nəsə gözləyirlər. Guya səmadan onlara dəstək gələcək, nəsə dəyişəcək. Amma heç bir dəyişiklik olmayacaq. Ermənilər anlamalıdır ki, heç nə dəyişməyəcək. Odur ki, üzərlərinə düşən işləri sürətlə yerinə yetirməklə özləri də prosesdə uda bilərlər”.
Azia.az xəbər verir ki, bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə mümkün İlham Əliyev-Nikol Paşinyan görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, görüşlər o zaman zəruri olur ki, hansısa məsələlərlə bağlı qərar qəbul etmək lazım gəlir: “İndiyə qədər kifayət qədər görüşlər olub. Bir neçə platforma üzrə görüşlər indi də davam etdirilir. Mən, Brüsseldə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi arasında aparılan müzakirələri nəzərdə tuturam. Eləcə də xarici işlər nazirləri Tiflisdə müzakirə aparıblar. Nəticələr əldə etmək üçün görüşlər keçirmək olar. Amma görüşlərdən sonra ortada konkret iş olmalıdır. Bunun üçün Ermənistan addım atmalıdır. Onlar işləri sürətləndirmək əvəzinə hansısa ölkələri və təşkilatı proses cəlb etməklə məsələni uzatmaq istəyirlər”.
A. Mollazadənin fikrincə, Laçın hadisələri göstərir ki, Ermənistan prosesi ləngitsə xoşagəlməz hallarla üzləşəcək: “Odur ki, rəsmi İrəvan reallıqları anlamalı və bu gün bölgədə zəruri hala gələn işlərin həlli üçün real addımlar atmalıdır. Əks halda, durumları daha da pisləşəcək”.